O, bu dağlara bir də qayıtmadı

Səməd Vurğun – 110
Bu il böyük şairi Səməd Vurğunun 110 illik yubileyi ölkədə və türk dünyasında qeyd olunmaqdadır. Keçirilən tədbirlərdə şairin həyatı və yaradıcılığı, ömrünün tarixə bəlli olmayan səhifələri barədə fikirlər, məlumatlar maraqlq qarşılanır. Bu baxımdan həmyerlimiz –“ Buynuz kənd sakini Əvəz Küsgünün (Yaqubov) atası Sarı kişidən eşitdiklərini oxuculara təqdim etməyi məsləhət bildik.
Qeyd edək ki, Sarı kişinin S.Vurğunla görüşü onun meşəbəyi işlədiyi illərə təsadüf edib…
O, bu dağlara bir də qayıtmadı
– Yaxşı yadımdadı, 1939-cu ilin payızı idi. Yay yağmurlu keçdiyindən, meşələr yaşıl donunu tökməmişdi. Canalı dağının arxasından qalxan Günəşin şüaları meşəni qırmızı rəngə boyamasını seyr edirdim. Bu mənzərəni dəfələrlə seyr etsəm də ondan doymurdum. Bu an: – qonaq istəmirsən? – səsini eşitdim. Gələn poçtalyon Səftər kişi idi.
– Buyurun, buyurun, – deyərək ona tərəf getdim. Görüşdük. O, cibindən bir kağız çıxarıb mənə uzatdı. Açıb oxudum, milis rəisi Rəsulovdan idi: “Sabah saat 9-da ov tüfənginlə şöbəyə gələrsən!” Doğrusu, çox qorxdum, bu cür kağızlarla çoxlarını gedər-gəlməzə yola salmışdılar. Rəsulovu yaxşı tanıyırdım, çox sərt adam idi, tutduğu yerdən kəsərdi. O zamanlar qaçaq-quldurlara qarşı mübarizə davam edirdi. Mən də bu tədbirlərdə fəal iştirak etdiyim üçün ov tüfəngini şəxsən Rəsulov özü bağışlamışdı mənə. Tüfəngin qundağına vurulmuş metal lövhəyə: ”Rəsulovdan Sarı kişiyə hədiyyə” sözləri yazılmışdı. Buna baxmayaraq qorxurdum. Bütün gecəni yata bilmədim, alaqaranlıqdan özümü şöbəyə çatdırdım. Növbətçi milis:
– Əşşi, kimi istəyirsən? -soruşdu. Mən cibimdəki kağızı ona göstərdim.
– Rəis hələ gəlməyib, gözlə, gələndə çağıraram.
Həyətdəki oturacaqda oturub, gözləməyə başladım. Milis nəfəri məni çağırdı.
Qapını döydüm, içəridən: – buyurun, – səsini eşitdim, ürəyim bərk döyünürdü. İçəri keçdim. Rəsulov yerindən qalxıb, əlini mənə uzadıb, yer göstərdi.
– Bilirsən, səni niyə çağırmışam?
Udquna-udquna: – deyərsiniz bilərəm, – cavabını verdim.
– Bakıdan mötəbər qonaqlarımız gəlib, Talıstana ova gedəcəyik, -dedi.
– Yoldaş Rəsulov, ətraflı yazaydınız patron-patrondaşımı da götürərdim.
– Ay evi tikilmiş, patronsuz tüfəng kimə lazımdır? Dəmir şkafı açıb mənə xeyli patron verdi.
Kabinetdən həyətə çıxdıq. Rəsulovun atı piləkanın yanında idi. O, milis nəfərinin köməyi ilə ata mindi. Mən də kənarda bağladığım atın yüyənini açıb, üzəngisinə ayaq qoyub mindim. Rəsulov məni milis nəfərinə göstərib:
– Görürsən, papaq altında nə kişilər yatıb, -dedi.
Yol uzunu söhbət edə-edə gəlib Talıstana çatdıq. Dinməzcə kənd yuxarı qalxırdıq. Bir uşaqla rastlaşdıq. O bizə Əlipaşa kişinin evinə getməyə bələdçilik elədi. Kənd yuxarı gedə-gedə sakinlərə salam verib keçirdik. Rəsulovun əynində “komsostav” forması, mənimsə əynimdə meşəbəyi forması vardı. Gördüklərimizin hamısı bizdən çəkinirdi. Hətta, bir qadının “görəsən, hansı yazığın evini yıxmağa gedirlər bu ciyəri yanmışlar” sözlərini aydınca eşitdim. Bizə bələdçilik edən uşaq taxta darvazanı ərklə döyməyə başladı. İçəridən “Gəl, gəl, – deyən kişi səsi eşidildi. Uşaq qapını açaraq:
– Əlipaşa əmi, qonaqların var, -dedi.
Ev sahibi qapıya çıxıb:
– Əşşi, qapıda niyə durmusuz, gəlin içəri. -Həsən, Həsən, deyə, oğlunu çağırdı. Apar, atları rahatla, -deyib tapşırıq verdi.
Əlipaşa kişi dolu bədənli, hünürboy, enli kürək, 55-60 yaşlarında bir kişi idi. Qonaqları içəri dəvət edib: – əl-üzünüzü yuyun, – dedi.
Əl-üzümüzü yuyub Əlipaşa kişinin arxasıyca ikinci mərtəbəyə qalxdıq. Eyvanda palazın üstündə döşəkçə, mütəkkə düzülmüşdü. Təzəcə oturmuşduq ki, Həsən əlində qaynayan samovar eyvana qalxdı. Əlipaşa kişi qarşımıza süfrə sərdi. Həsən çay süzüb gətirdi. Süfrəyə qəndlə bərabər şanlı bal da qoyulmuşdu. Rəsulov bıçaqla baldan kəsib ağzına qoydu: “Bəh-bəh varam kənd həyatına”, -deyərək balı təriflədi.
Г‡ay içə-içə ordan-burdan xeyli söhbət etdik. Evin sahibəsi Sənəm arvad əlində podnos yuxarı çıxdı. İçində çörək, duz və başqa şeylər olan podnosu qarşımıza qoyub aşağı düşdü. Bu zaman çöl darvaza döyüldü. Rəsulov:
– Qonaqlar gəldi, durun, gedək qarşılayaq, -dedi.
Əlipaşa kişi incik halda: ”niyə demədiniz ki, qonağımız var, lazımi tədarük görəydik”.
Biz çöl darvazaya yaxınlaşmışdıq ki, iki nəfər ovçu libasında içəri keçdi. Rəsulov irəli keçib: -əşşi, gəlin çıxın da, -deyərək gələnlərlə görüşüb yana çəkildi. Biz də qonaqlarla görüşdük. Əlipaşa kişi: -gəlin, keçin evə, -dedi. Rəsulov qonaqları bizə təqdim etdi: -bu bizim sevimli şairimiz Səməd Vurğundur, bu da şair Osman Sarıvəllidir. Rəsulov Əlipaşa kişini göstərib: -ev sahibidir. Məni tərəfə çevrilib: – bu da mahir ovçu, meşəbəyi Sarı kişidir. Osman Sarıvəlli gülə-gülə: -mənim adaşım, -dedi. Mən də ona zarafatla:- hə Sarı, ancaq vəlisiz,-deyə cavab verdim. Hamı gülüşdü.
Eyvana çıxdıq Səməd Vurğun samavarı, süfrəni görüb:-bəh-bəh, -deyərək keçib süfrə kənarında əyləşdi. Əlipaşa kişi çay süzdü. Bu zaman Həsən əlində kabab şişləri eyvana çıxdı. Əlipaşa kişi üzünü Həsənə tutaraq:
– A bala, vallah sevincdən elə karıxmışam ki, əmingildən quzunu gətirib kəsin, – demədim.
– Ata, sən narahat olma, deməsən də, təşkil eləmişik,-cavabını verdi.
Səməd üzünü Osmana tərəf tutub:- ayə, çıxar o ceyran südünü görək, -dedi. Osman cibindən dördkünc bir şüşə çıxarıb: – hanı badələr? –“ edeyə soruşdu.
Əlipaşa kişi: – Həsən, tez o badələri gətir!
Osman Sarıvəlli arağı badələrə süzdü və: -götürün, soyumasın, -dedi.
– Mən içən deyiləm, -deyə içkidən imtina etdim. Get-gedə məclis qızışırdı. Bu arada Səməd:
– Ayə Osman, dedim sazı götürək qoymadın.
– Ay Səməd, biz bura ova gəlmişik, yoxsa, saz çalmağa?
Səməd dalğın saçlarına sığal çəkərək: – əcəb sazın yeridi, deyərək əlavə etdi: – bu kənddə saz olmaz ki? –“soruşdu.
Mən cavab verdim ki, bu kəndi bilmirəm, qonşu Cülyan kəndində cavan bir aşıq var, gözəl saz çalmağı, oxumağı var. Bunu eşidən Əlipaşa kişi Həsəni səslədi: – oğlum, atı min, get Cülyandan Aşıq Abdulu gətir.
Söhbətimiz davam edirdi, sabahkı ov haqqında məsləhətləşdik, Səməd bir neçə şeir oxudu. Mənə ləzzət elədi şairin şeirləri. Onunla tanış olduğum üçün uşaq kimi sevinirdim.
Əlipaşa kişi qaynayan samovarla eyvana çıxdı və çayları təzələdi. Bu an darvaza açıldı və Həsən, arxasıyca da Aşıq Abdul həyətə girdilər. Abdul hamı ilə görüşdü. Mənə müraciətlə: – Əmi, al sazı köklə və bir hava çal (mən Abdulun əmisiydim). Mən sazı alıb köklədim və “Quba Kərəmisi” havasını çaldım. Hamı mənə maraqla qulaq asırdı. Rəsulov üzünü mənə çevirib: – Əşşi, sənin ovçuluğunu bilirdim, saz çalmağın da varmış? – deyə soruşdu. Abdul məni göstərib: – bu sazı da o düzəldib, -dedi.
Səməd mənə baxıb: -afərin, -dedi. Sazı çiynimdən çıxarıb, mizrabı yerinə taxıb, – buyurun, indi növbə sizindir, -deyə sazı şairə uzatdım. Səməd sazı alıb gözdən keçirib: – ustasına halal olsun, – deyib çalmağa başladı.
Hamı şairin saz çalmağına diqqət kəsilmişdi, musiqi hamını sehirləmişdi. Şair havanı bitirib: -buna “Ruhani” havası deyərlər. Sazı çiynindən çıxarıb Abdula uzatdı. Aşıq sazı alıb üzünü Səmədə çevirib: – hörmətli şairimizin qarşısında mən necə saz çalıb, oxuya bilərəm, -dedi.
Səməd: – ayə, işində ol, dastan bilirsənmi?
– Əlbəttə, bilirəm, hansı dastanı ərz etsəniz, sizin qulluğunuzda hazıram, -deyib ayağa qalxdı və kiçik eyvanda çala-çala gəzişərək Xəstə Qasımdan bir ustadnamə söylədi. Saz susmurdu, həzin sədalar altında Səməd riqqətə gəlib bir bənd şeir dedi:
Başına döndüyüm gül üzlü sona,
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanlar oylağı yadıma düşdü.
Abdul bu şeirin sehri altında daha da şövqlə çalıb oxuyurdu. Səməd üzünü aşığa çevirib:
Aşıq, bağrına bas sədəfli sazı,
Min cavablı, bir sualdan danışaq.
Meydan quraq, söhbət açaq, saz tutaq,
Gül yanaqlı, qoşa xaldan danışaq.
Aşıq Abdul üzünü məclisdəkilərə tərəf tutaraq: -sifariş vermək sizdən, ərz etmək məndən.
Osman: – “Əsli və Kərəm” dastanını bilirsənmi? -soruşdu.
Abdul hörmətlə baş əyib, dastanı başladı. Aşıq xüsusi şövqlə çalır, oxuyur, dastan danışırdı. Birdən Səməd cib saatına baxıb:
– Vaxtın necə keçdiyini bilmədik. Aşıq, görürəm ustalıqla, yorulmadan bizi feyziyab edirsən. Г‡ox sağ ol ki, bu unudulmaz gecəni bizə bəxş etdin, buna görə sənə öz təşəkkürümüzü bildiririk.
Rəsulov dilləndi: -Üç ildi mən bu rayonda işləyirəm, belə istedadlı aşıqla rastlaşmamışam.
Səməd Rəsulova baxıb: – ayə, sən ancaq bandit-mandit tanıyarsan, heç vaxtın olur ki, aşıq da tanıyasan? Məclis əhli bu sözlərə gülüşdü.
Aşıq Abdulun sevinci yerə-göyə sığmırdı. Belə hörmətli qonaqların qarşısında çalıb, oxumaq aşığa hələm-hələm qismət olmur. O qonaqlarla vidalaşıb Həsənlə aşağı evə düşdü. Həsən tez kabab tədarükünə başladı. Sənəm arvad Abdul üçün çay süfrəsi açdı: – halal olsun sənə bala, Allah səni xəta-bəladan qorusun.
Abdul hörmətlə Sənəm xalaya təşəkkür etdi. Bu zaman Həsən əlində kabab şişləri içəri girdi:-indi bizim növbəmizdir, bir az çörək yeyək, -dedi.
Səməd Vurğun ayağa qalxıb: – durun düşək həyətə, bir az gəzişək,-dedi.
Sərin payız axşamı idi, bir az gəzişdikdən sonra yuxarı çıxdıq. Eyvanda salınmış yerlərimizə uzanıb yatdıq. Səhər saat altıya işləmiş oyandım, tez həyətə düşdüm və alma ağacının altında namazımı qılıb eyvana çıxdım, hamı şirin yuxudaydı. Rəsulov yerində qurcalanırdı: – Yoldaş Rəsulov, durun, saat altıdır. Səsimə hamı oyandı, durub aşağı düşdük, əl-üzümüzü yuduq. Əlipaşa kişinin səsi gəldi: – sabahınız xeyir, gəlin evə, -dedi. Aşağıdakı evə girdik. Üstündə pendir, qaymaq, bal, təndir çörəyi olan süfrə bizi gözləyirdi. Rəsulov dilləndi: – yolçu yolunda gərək, bir az tələsmək lazımdır. Səməd ona cavab olaraq:
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən,
Bu aylı gecədə, bu dağ döşündə
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm,
Heç yana, heç yerə mən tələsmirəm.
Osman gülə-gülə Səmədə:- sən tələsmirsən, biz isə tələsirik, durun!- dedi.
O, bu dağlara bir də qayıtmadı
Əvəz Küsgün,
Buynuz kəndi
(Ardı var)

Şərh Yaz