Sağlam bədəndə sağlam ruh

Tarixə çevrilən 2015-ci il “Gənclər paytaxtı” seçilmiş İsmayıllının idmançıları üçün uğurlu olub. Sambo və cüdo üzrə idmançı qızlarımız Fəridə Qurbanova və Günel Həsənli ölkəmizdə keçirilən I Avropa Oyunlarında iştirak edib. Poverliftinq üzrə idmançımız Kamil Qafarov dünya çempionu, karate üzrə idmançımız Tuncay Əliyev Avropa çempionu titulunu qazanıb. Müxtəlif idman növləri üzrə rayon idmançıları respublika yarışlarında uğurla çıxış ediblər. Rayonumuzu təmsil edən 13 yaşlı futbolçu qızların komandası respublika çempionu olub. Bunlardan əlavə, bir sıra idman növləri üzrə yeniyetmələr və gənclər arasında keçirilən yarışlar, turnirlər, spartakiadalar üçün İsmayıllı məkan seçilib.
Sağlam bədəndə sağlam ruh
Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində rayonun əksər yaşayış məntəqələrini əhatə edən idman yarışları keçirilib.
Bütün bunlar və digər nailiyyətlər barədə “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən bayram toplantısında rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov ətraflı məlumat verib. O, idmançıları, onları yetişdirən idman müəllimlərini və məşqçiləri, idmana meyilli rayon gənclərini təbrik edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Dövlət idman siyasətinin rayonda uğurla həyata keçirilməsindən, gənclərin intellektual və məşğulluq səviyyəsinin artırılması üçün görülən işlərdən danışıb. Sağlam bədəndə sağlam ruh olar, – deyən RİH rəsmisi göstərilən qayğı və diqqətə cavab olaraq gələcəkdə idmançılarımız tərəfindən daha böyük idman uğurları qazanacaqlarına ümidvar olduğunu bildirib.
2015-ci ildə uğur qazanan idmançılara Gİİ-nin hədiyyələri və Fəxri fərmanları verilib.
8 Mart – Qadınlar bayramı ərəfəsində keçirilən bu tədbirdə əmək fəaliyyəti bilavasitə gənclər və gənclik təşkilatları ilə bağlı olan Sevil Əhmədovaya da rayonun idman həyatında fəallıq nümayiş etdirən qadın və qızlar sırasında Gİİ-nin Fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim olunub.
Ş.Əhmədov

Şərh Yaz