Dostluq əlaqələri genişlənir

Yaponiya-Azərbaycan dostluğu əsasında İsmayıllı rayonunun İto şəhəri ilə qardaşlaşması hər iki tərəf üçün arzuolunan nəticələr verir. Təhsil, mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlığa uyğun olaraq qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri qarşılıqlı səfərlər etməklə adı çəkilən istiqamətlərdə yaradıcılıq potensiallarını nümayiş etdirirlər.
Dostluq əlaqələri genişlənir
Mart ayının 4-də Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Ko Obata Mədəniyyət və Məlumat məsələləri şöbəsinin xətti ilə İsmayıllıya səfər edib. Rayonun Uşaq kitabxanasında məktəblilərlə görüşən qonaq “Salam, Yaponiya!” adlı yurnalda cəmləndirilmiş məlumatlarla qardaş ölkə ilə maraqlanan şagirdləri tanış edib.
Yaponiya hökuməti, onun təbiəti, coğrafiyası, şəhər həyatı, insanların qidası və geyimi, məktəblər, şagirdlərin dərsdənkənar fəaliyyəti, yapon dili, ənənəvi mövsümi bayramlar barədə ətraflı məlumat tədbirə yığışan məktəblilərin böyük marağına səbəb olub. K.Obata eləcə də gündoğar ölkənin mədəniyyəti, idmanı, tarixi, iqtisadiyyatı, sənayesi, texnologiya, həmçinin ətraf mühitin mühafizəsi barədə dolğun məlumat verib.
Böyük maraqla dinlənilən məlumatlardan sonra “Kikinin çatdırma xidməti” adlı animasiya filmi göstərilib. Şagirdlər Yaponiyanın təhsil sistemi haqqındakı bilgilərini artırmaq məqsədi ilə maraqlı suallar səsləndiriblər.
Maraqlı və maarifləndirici tədbirdə rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova iştirak edib.
Ko Obata layihənin icrasında göstərdiyi köməyə, yaratdığı şəraitə görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, əməkdaşlığın davam etdirilməsi üçün bu qəbildən olan görüş və tədbirlərin vaxtaşırı keçiriləcəyini bildirib.
Ş.Soltanov

Şərh Yaz