Sumağallıların fəxri

Ağayar Bəxtiyar oğlu Nəbiyev 15 sentyabr 1970-ci ildə İsmayıllı rayonu Sumağallı kəndində anadan olub. Sumağallı kənd orta məktəbində təhsil alıb. Uşaqlıqdan hərbiçi olmaq istəyib. 1988-ci ildə Tambov şəhərindəki Ali Hərbi Kimyadan Mühafizə Komandirləri məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib leytenant hərbi rütbəsi alıb.
Sumağallıların  fəxri
Vətənimizin ağır günlərində o, ölkəmizə qayıdaraq 1 avqust 1992-ci il tarixindən kimyadan mühafizə bölüyünün komandiri kimi xidmətə başlayıb. Şərəfli və məsul xidmət yolu keçən həmyerlimiz təcrübə topladıqca rütbə pillələrində də yüksəlib. 2000-ci ildən 2004-cü ilədək hərbi hissə komandiri kimi çalışması bu yüksəlişin aydın göstəricisidir.
Biliklərini artırmaq, hərbin sirlərinə daha dərindən bələd olmaq üçün o, 2004-cü ildə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasına qəbul olunub və iki il sonra həmin akademiyanı Mülki Müdafiə komanda- qərargah taktikası ixtisası üzrə müvəffəqiyyətlə bitirib.
2006-cı ildən 2013-cü ilə kimi hərbi hissədə kimya xidməti rəisi vəzifəsində çalışan A.Nəbiyev 2013-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində kimya xidməti rəisi vəzifəsinə təyin olunub.
Həmyerlimiz 29 dekabr 2013-cü il tarixindən polkovnik rütbəsini daşıyır və vəzifəsinin öhdəsindən şərəflə gəlir.
Ağayar Nəbiyev 1992-1993-cü illərdə Füzuli və Tərtər rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
2003-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 85 illiyi”, “Qüsursuz xidmətlərinə görə” 3-cü dərəcəli medalla, “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi”, “Qüsursuz xidmətlərinə görə” 2-ci dərəcəli medalla, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla, “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi” və “Qüsursuz xidmətlərinə görə” 1-ci dərəcəli medallarla təltif olunub.
Sadalananlarla yanaşı fəxrimiz, həmyerlimiz olan Ağayar Nəbiyev 1997-ci ildən Azərbaycan Respublikası müharibə veteranı və 2014-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranıdır. Ailəlidi, 3 övladı var.
İlkin Salahov,
Sumağallı İƏD üzrə nümayəndənin müavini

Şərh Yaz