Vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə

Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində martın 16-da Mingəçevir, Bərdə və Ağcabədi rayonlarından hər biri 40 nəfər məktəbli olmaqla, üç qrup İsmayıllıya gəlib.
Tur-aksiya iştirakçıları əvvəlcə rayonda Azərbaycanın multikultural dəyərlərinin bariz nümunəsi olan, rusların yaşadıqları İvanovka kəndində olublar. Mehribanlıqla qarşılanan məktəblilərə kəndin tarixi, rusların buraya gəlişi, Azərbaycanda yeganə kollektiv təsərrüfat olan Nikitin adına kolxoz barədə, habelə insanların məşğuliyyəti haqqında məlumat verilib.
Vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə
Tur-aksiya iştirakçıları günortaya yaxın İsmayıllı şəhərinə gəliblər. Rayon rəhbərliyi və həmyaşıdları tərəfindən mehribanlıqla qarşılanan məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Şagirdlərə Heydər Əliyev Mərkəzində İsmayıllı rayonu barədə sənədli film göstərilib. Mingəçevir, Bərdə və Ağcabədi məktəbliləri Azərbaycanın dilbər guşələrindən olan bu bölgənin təbiəti, tarixi, maddi-mədəniyyət abidələri, bugünkü sosial-iqtisadi həyatı barədə olan kadrlara maraqla tamaşa ediblər.
Sonra rayon mədəniyyət sarayının Novruz bayramı ruhunda bəzədilən foyesində balacaların və yeniyetmələrin ifasında mahnı və rəqslər təqdim olunub, qonaqlara bayram şirniyyatı paylanıb.
İsmayıllı ilə tanışlığın məktəblilərdə xoş təəssürat yaratdığını bildirən Mingəçevirdən gələn qrupun rəhbəri Firəngiz Həsənova deyib:
– Bu təşəbbüs nəinki məktəblilər, həmçinin ictimaiyyət tərəfindən də böyük razılıqla qarşılanıb. Tur-aksiyalar şagirdlərə ölkəmizin tarixini, maddi mədəniyyətini, bugünkü sosial-iqtisadi inkişafın verdiyi töhfələri, Prezident İlham Əliyevin xidmətlərini daha dərindən öyrənməyə imkan verir. Bu isə onların vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz