Yaddas kitabcasi

Keçmişi unutmaq olmaz

Təqaüddə olan müəlliməm. Artıq iki ikdir ki, İsmayıllıda Soyqırımı – “Ana harayı” abidəsini ziyarət edirəm
Abidə çox münasib yerdə, sadə dillə desək, el yolu üstündə ucaldılıb. Bu da onun daha çox insan tərəfindən görülməsinə, ziyarət olunmasına şərait yaradır. Bir tarixçi müəllim kimi “Ana harayı” abidəsinin ucaldılması təşəbbüskarını, bu işdə zəhməti olanları alqışlayıram. Bu cür işlər yetişən nəslə tariximizin müxtəlif səhifələrini çatdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək üçün mühüm vasitələrdəndir.
Keçmişi unutmaq olmaz
1906-cı ildə Ömər Faiq Nemanzadə unutqanlığımız haqqında yazırdı:
– Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış. Bu sadəliyimiz cümləmiz ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq.
Allahdan rəhmət diləyirəm min dəfələrlə – A.A.Bakıxanova, M.F.Axundzadəyə, S.Ə.Şirvaniyə, Mirzə Cəlilə, M.Ə.Sabirə, Ömər Faiq bəyə, Üzeyir Hacıbəyliyə… Neçə-neçə cavabsız suallarla rastlaşanda pənah aparırıq həmin nurlu insanların yazıb-yaratdığı mənəvi miraslara.
Bu ilin aprelində dünya erməniləri qurama erməni soyqırımının 100 illiyini keçirməyə hazırlıq görürlər. 1915-ci ilin aprelində nələr baş vermişdir? Birinci dünya savaşının gedişində Osmanlı imperiyasında yaşayan ermənilər Qərbdəki havadarlarına arxalanaraq, Osmanlı türklərinə qarşı açıqdan-açığa terrora başlayırlar. Cavab olaraq Osmanlı hökuməti 1915-ci ilin aprelində erməni terror təşkilatlarına qarşı mübarizə haqqında qərar qəbul edir və 2 mindən çox terrorçu erməni həbs edilir. 1915-ci ilin may ayında Osmanlı hökuməti Türkiyə-Rusiya cəbhəsi zonasında yaşayan erməni əhalisinin müvəqqəti olaraq ölkənin cənubuna köçürülməsi haqqında qərar qəbul edir.
Əhali köçürülərkən hökumət tərəfindən ermənilərin əmlakının uçotu aparılır və köçürülmə prosesində erməni əhaliyə dəyən maddi ziyanın ödənilməsinə zəmanət verilir. Köçürülmə zamanı milli münaqişə, aclıq, müxtəlif xəstəliklərdən və sair səbəblərdən ermənilərdən də ölənlər olub. Elə ermənilərin ən yaxın havadarları olan ingilis, fransız, amerikan mətbuatı qeyd edir ki, köçürmə prosesində 300 min erməni tələf olmuşdur. Xatırladaq ki, statiskaya görə müharibə ərəfəsində, yəni 1913-cü ildə Osmanlı imperiyasında və Qafqazlarda ən çox 1,3 milyon erməni yaşamışdır. Erməni yalanı o qədər ayaq tutub-yeriyib ki, 6 yüz, 9 yüz min, 1,2 milyon … və son zamanlar isə soyqırım qurbanlarının sayını 2,4 milyona çatdırıblar. Qəribə dinamikadır. Hər dəfə 3 yüz min artırmaqla, görünür, gələcəkdə daha böyük “uğurlar” qazanmaq xəyalındadırlar. Belə getsə, bu millətin özü saxta rəqəmlərlə dünyadakı ermənilərin axırına çıxacaqdır.
Həmin faktları dəqiqləşdirmək məqsədilə Leninqrad İnstitutunun hazırladığı “Xarici Asiya, Afrika ölkələrinin yeni tarixi” adlı dərsliyə müraciət etməyi qərara aldım. Həmin dərslikdə Türkiyə bölməsində qeyd edilib: Ermənilərin təqib edilməsi siyasəti ölkəyə çox böyük zərər vurdu. Təqribən 600 min erməni qırıldı. Göründüyü kimi, ermənilərin hay-haray saldıqları “soyqırım” yox qırıldı yazılıb. (Bax: Bakı, 1962, səh. 553). Əgər 2,4 milyon erməni soyqırım qurbanı olubsa, qırılanların1,1 milyonunu hansı millətdən “borc” alıblar?!
Hörmətli oxucu, bugünkü məktəbli mart soyqırımı deyəndə Bakı, Quba hadisələri haqqında düşünür. Əlimizdə olan məlumatlara görə 1918-ci il mart-aprel aylarında 50-60 min soydaşımız soyqırım qurbanı olub. Bunlardan 15 mini Bakıda, Quba və Şamaxıda, həmçinin də bir neçə mini. Bəs yerdə qalan hissəsi?
Bunlar İsmayıllıda, Ağsuda, Kürdəmirdə, Qəbələdə, Oğuzda, Qarabağda, Gəncədə baş verib. Onu da qeyd edək ki, 1918-ci ildə İsmayıllı, Ağsu, Kürdəmir, Qəbələ və Oğuz inzibati vahid olmayıblar. İndiki İsmayıllının bir sıra kəndləri Şamaxı, bir sırası isə Göyçay qəzasına daxil idi.
Azərbaycan hökumətinin təşkil etdiyi Fövqəladə İstintaq Komissiyasının 3 -6 aprel 1919-cu il tarixli istintaq protokoluna görə Şamaxı qəzasının 3-cü polis sahəsinə aid 43 kəndin adı qeyd olunub ki, bunlardan da 12-si indiki İsmayıllı inzibati ərazisinə aiddir. Bu kəndlərin hamısı soyqırıma məruz qalmışdır. Həmin kəndlərə aid faktları diqqətə çatdırırıq.
1. Tircan kəndində qətlə yetirilənlər: kişi – 300 nəfər, qadın – 40 nəfər, uşaq – 20 nəfər.
2. Sərdahar kəndi: kişi – 8 nəfər, qadın – 12 nəfər, uşaq – 8 nəfər.
3. Zərnava kəndi: kişi – 40 nəfər, qadın – 4 nəfər, uşaq – 5 nəfər.
4. Xankəndi kəndi: kişi -12 nəfər, qadın – 2 nəfər.
5. Maçaxı kəndi: kişi – 6 nəfər, qadın – 1 nəfər, uşaq – 1 nəfər.
6. Tağlabiyan kəndi: kişi – 7 nəfər, qadın – 22 nəfər, uşaq – 7 nəfər.
7. Kəlfərəc kəndi: kişi – 1 nəfər.
8. Bizlan kəndi: kişi – 50 nəfər, qadın – 30 nəfər, uşaq – 20 nəfər.
9. Mücü kəndi: kişi – 150 nəfər, qadın – 55 nəfər, uşaq – 25 nəfər.
10. Qıçatan kəndi: kişi – 30 nəfər, qadın – 26 nəfər, uşaq – 21 nəfər.
11. Sulut kəndi: kişi – 38 nəfər, qadın – 2 nəfər, uşaq – 4 nəfər.
12. Zeyvə kəndi: kişi – 30 nəfər, qadın – 20 nəfər, uşaq – 32 nəfər.
Yuxarıda adları çəkilən 12 kənd üzrə qətlə yetirilənlərin sayı 1029 nəfərdir.
Tərtib olunmuş aktlar erməni xislətinin digər məqamlarına aydınlıq gətirməyə yardım edir. Belə ki, yuxarıda Tircan kəndində 360 nəfərin qətlə yetirildiyi qeyd olunub. Akta görə həmin vaxt kənddə 300 ev varmış. O dövrün qiymətlərinə görə yandırılan, talan edilən evlərdən, mal-qaradan dəyən zərər 21 milyon 9 yüz min rubl təşkil etmişdir.
Zərnava kəndində 45 ev mövcud olmuşdur. Yandırılan evlərdən 600 min rubl ziyan vurulmuşdur. Talan edilən mal-qaradan, ümumilikdə, kəndə dəyən maddi zərər 3 milyon 130 min rubl təşkil etmişdir. Bizlan kəndində 100 evdən 60-ı yandırılmışdır. Г‡oxlu iri və xırda buynuzlu mal-qara talan edilmiş, kəndə 6 milyon 450 min rubl maddi ziyan dəymişdir. Mücüdə isə 60 evdən 35-i yandırılmış, kəndə dəyən ziyan 7 milyon 150 min rubl təşkil etmişdir. Zeyvə kəndində cəmi 30 ev olmasına baxmayaraq, burada yandırılan evlərdən vurulan zərər 280 min rubl təşkil etmişdir. Yanğından əlavə, digər talanlardan dəyən zərər 1 milyon 840 min rubl olmuşdur.
Sovet hakimiyyəti illərində ermənilər bolşevik bayrağı altında müxtəlif vəzifələrə soxularaq məkrli işlərini davam etdirdilər. Hüquq orqanlarında müstəntiq, prokuror, təhlükəsizlik orqanlarında bir sıra müxtəlif yüksək vəzifələrə sahib oldular. Ziyalıları xalq düşməni kimi həbs edir, sürgünə göndərirdilər. Represiya baş alıb gedirdi. Ermənilər 70 min soydaşımızı məhv etdilər. Təkcə rayonumuzun Kürdmaşı kəndində 65 nəfər represiya qurbanı olub. Azərbaycanda bu qədər represiya qurbanı olan ikinci kənd yoxdur.
Sovet dövründə ermənilər türkün qanına susamış tayqulaq Andronikə heykəllər qoyur, onu qəhrəman kimi təbliğ edirdilər. Azərbaycanda isə Şaumyana heykəllər ucaldıldı. Təəssüf ki, soyqırıma məruz qalmış kəndlərimizdə bir xatirə lövhəsi belə yoxdur.
Hörmətli oxucu, 2006-cı ildə qeydlərimin birində yazmışdım: “Faktlar çoxdur, lakin erməni qəddarlığını duymaq, tarixi həqiqətləri bilmək üçün bunlar da kifayətdir. Axtarmalıyıq, aşkar etməliyik, öyrənməliyik, yadda saxlamalıyıq, yaddaşımıza əbədi həkk etməliyik…
Cəllad Şaumyanın rəhbərlik etdiyi “26-lar” xalqımızın başına olmazın oyunlar gətirmiş, tariximizi saxtalaşdırmışlar. Mikoyanların, Leninin “qayğısı” ilə əfv olunmuş erməni quldurları Şamaxıda, İsmayıllıda və başqa bölgələrdə saysız-hesabsız amansızlıqlar törətmiş lalayanları bizə qəhrəman kimi “sırımışlar”. Həqiqət hər şeydən yüksəkdə durur. Biz əsl həqiqəti bilmək üçün daim keçmişimizi öyrənməliyik. Müdriklər demişkən, tez-tez arxaya boylanmalıyıq ki, hardan gəldiyimizi və haraya getdiyimizi yaxşı bilək.
Mehdi Məmmədov,
Hacıhətəmli kəndi

Şərh Yaz