İnsanların qorxduğu səs…

31 mart azərbaycanlıların soyqırımı günüdür

Qapı döyülür… Aman Allah, görəsən, kimdir? Yoxsa, onlardır?.. Oxuduqlarıma və eşitdiklərimə görə ötən əsrin 30-40-cı illərində insanların ən qorxduğu səs, gecə döyülən qapı səsləri olub. O qapı səsləri ki, bir evi, bir ocağı, bir obanı yox, böyük bir məmləkəti viran qoydu.
O qapıları döyənlər yadlarmı idi? Təəssüf ki, yox. Yadların deyil, sapı özümüzdən olan baltaların hesabına döyülürdü qapılar gecənin bir vədəsində.
İnsanların qorxduğu səs...
Nənəmin və böyüklərimin sözü olmasın: “Urus nə bilir ki, mənim elimdə, obamda kim nə işlə məşğul olur?” Yoxsa, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sumbatovları, mikoyanları, avanesyanları, qalstyanları belə canfəşanlıqla bu xalqdan köhnə qisasını ala bilməzdi ki? Əbəs yerə deməyiblər ki, “Ağacı qurd içindən yeyər”.
Əgər statistik məlumatlara nəzər yetirsək görərik ki, 1934-cü ilin yanvarından 1939-cu ilin yanvarına qədər Azərbaycanda Xalq Daxili İşlər Komissarlığında 27458 nəfər repressiyaya məruz qalıb.
28 yanvar 1937-ci il, gecə saat 3 radələri, bayırda çovğunlu qış gecəsi idi, Azərbaycanın gənc ədəbiyyatşünas alimi, publisisti, istedadlı ədəbi-tənqidçisi, ziyalısı Hənəfi Zeynallının qapısı döyülür və o, Dövlət Təhlükəsizlik İdarəsi IV şöbəsinin müstəntiqi Ser tərəfindən sorğu-sualsız həbs edilir.
Bu “çağırılmamış qonaqlar”ın hay-küyünə uşaqlar da oyandı. Onlar anaları Səyyarəyə sığınaraq yazıq-yazıq, qorxu içində ətrafda baş verənlərə tamaşa edirdilər. Hənəfi heç olmasa son dəfə onları bağrına basmaq istəyirdi. Bir addım onlara tərəf atmaq istədikdə ”qonaq”lardan birinin bağırtısından özü də, uşaqlar da diskindi. ”Olmaz, aparın!”, – deyə o, yanındakılara əmr verdi. Səyyarə ağlamağa, hay-küy salmağa da qorxurdu. Г‡ünki onları “xalq düşməninin ailəsi kimi necə bəlalar gözlədiyini anlayırdı.
SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixində Bakı şəhərində keçirilən 15 dəqiqəlik qapalı məhkəmə iclasında Hənəfi Baba oğlu Zeynallı Azərbaycan SSRİ cinayət məcəlləsinin 64, 69, 79, 73-cü maddələri ilə təqsirli bilinib, güllələnməyə məhkum edilir. Güllələnmədən cəmi üç gün sonra yenə də gecənin bir vədəsi Səyyarəgilin qapısı döyülür. Bu dəfə onun özünü həbs etməyə gəlmişdilər.
Səyyarəni həbs edərkən 10806 saylı orderə əsasən əmlakı müsadirə edilərək dövlət hesabına keçirilir, övladları isə Şüvəlanda yerləşən bir nömrəli uşaq evinə verilir.
Bakıdakı ümumi həbsxanalardan birində saxlanılan Səyyarəni SSRİ XDİK yanında Xüsusi müşavirənin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edərək Qazaxıstandakı Rarloqa (Karaqanda düşərgəsinə) sürgün edirlər.
Səyyarə Qazaxıstanda cəza çəkərkən haqsız yerə tutulduğunu bildirmək üçün M.C.Bağırova məktub yazmaq fikrinə düşür. Bu məqsədlə türmənin qapısında dayanan növbətçidən kağız-qələm istəyərək məqsədini ona bildirir. Növbətçinin şaqqanaq çəkərək gülməsi ona qəribə gəlir, çünki Səyyarə inana bilmirdi ki, onun ərini elə M.C.Bağırova sui-qəsddə günahlandırırlar. İnanmazdı ki, Azərbaycan ziyalısını məhv edən elə onun ümid bağladığı cəllad və onun tör-töküntüləri dili bir, dini bir olan “həmvətənləri” idi. Hər yerdən, hər şeydən ümidi üzülən xəbərsiz qalan təmiz, məsum ziyalı qadın cəzasını çəkirdi.
Bu cəza 1945-ci ildə bitsə də ona yalnız bir il sonra Qazaxıstandan çıxmağa icazə verilir, amma Bakıda övladlarının yanına qayıtmağa icazə verilmir. Onu məcburi olaraq Zaqatala rayonuna göndərirlər, onun yalnız bircə arzusu var idi, övladlarını görsün, onlara qovuşsun. Övladlarına başa salsın ki, onların valideynləri cinayətkar deyil, yüzlərlə, minlərlə Azərbaycan ziyalısı kimi haqsızlığın qurbanıdırlar. Ona görə dəfələrlə müraciətlər etdi. Bu müraciətlərə yalnız 1956-cı ildə cavab ala bildi.
Belə ki, 7 fevral 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən Səyyarə Zeynallıya, 30 mart 1957-ci il tarixli qərarı ilə isə Hənəfi Zeynallıya işlərində cinayət tərkibi olmadığı üçün bəraət verildi. Uzun sürən məşəqqətdən, ayrılıqdan sonra nəhayət ki, ana öz övladlarına qovuşa bildi.
Burada bir ifadəyə xüsusi diqqət yetirin: ”Onlara işlərində cinayət tərkibi olmadığı üçün” bəraət verilir. 37-ci ilin represiya qurbanlarına 1956-cı ildən sonra bəraət verildi. Bəs cinayət olmadığı halda, haqsız olaraq bu qədər ailə niyə başsız qaldı, niyə ocaqlarının çırağı söndürüldü, niyə evləri viran edildi?
Təəssüf ki, mənfur rejim insanlığa yad, bir müsibəti bu xalqın başına açdıqdan sonra da biz illərlə ona sədaqətlə qulluq etdik. Görən bu qulluğu doğrumu etmişik, yoxsa…
İnsanların qorxduğu səs...
Abduləli Əliyev,
Böyük Vətən Müharibəsi, Əmək və Hərbi Qulluqçular Veteranları təşkilatının sədri

Şərh Yaz