Nazir vətəndaşları qəbul edib

Nazir vətəndaşları qəbul edibGənclər və idman naziri Azad Rəhimov fevral ayının 16-da İsmayıllı rayonun Heydər Əliyev Mərkəzində Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala, eləcə də İsmayıllı rayonundan olan 30-a yaxın vətəndaşı qəbul edib.
Müraciətlər gənclər və idman mərkəzlərinin tikintisi, onların müvafiq avadanlıqlarla təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat və bu kimi sahələri əhatə edib.
Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili və fəaliyyəti ilə bağlı olub.
İdman sahəsində işi və göstəriciləri ilə fərqlənənlərə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi idman avadanlıqları ilə təchiz olunması, Olimpiya-İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin və bölmələrin yaradılması, digər idman sahələri üzrə edilən müraciətlər də olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırma tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz