Beynəlxalq Ana dili günü qeyd olunub

Beynəlxalq Ana dili günü qeyd olunubDil hər bir millətin maddi və mənəvi irsini qoruyub inkişaf etdirən ən mühüm vasitədir. Dil olmadan hər hansı cəmiyyəti inkişaf etdirmək, irəliyə aparmaq da mümkün deyil. Ana dili hər bir insanın mənəvi zənginliyi, dünyagörüşü, əsaslı ünsiyyət vasitəsidir. Odur ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün UNESCO-nun 1999-cu ilin noyabr ayında keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilmişdir.
İsmayıllı rayonunda Beynəlxalq Ana dili günü yüksək səviyyədə qeyd edilib. Ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil və mədəni-maarif müəssisələrində, İsmayıllı Peşə Tədris Mərkəzində, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində, digər idarə və müəssisələrdə beynəlxalq Ana dili gününə həsr olunmuş seminarlar, dəyirmi masalar, kitab müzakirələri, ədəbi-bədii kompozisiya ilə müşayət olunan çoxsaylı tədbirlər keçirilib.
Belə tədbirlərdən biri rayonun Uşaq kitabxanasında reallaşıb. Azərbaycan Respublikasının Himni tədbirdə iştirak edənlər tərəfindən ifa olunub. Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, Dövlət dili kimi təsbit olunması ilə bağlı gördüyü işlərə həsr olunmuş film nümayiş etdirilib. Şəhər 3 nömrəli məktəb-liseyin müəllimi Almaz İsmayılovanın rəhbərliyi ilə şagirdlərin hazırladığı kompozisiya nümayiş olunub, səhnəciklər göstərilib. Şagirdlərin ifa etdikləri rəqs nömrələri tədbirə xoş ovqat qatıb.
Ana dili gününə həsr olunmuş tədbirdə RTŞ-nın məsul işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, gənclər də iştirak ediblər.
Sonda RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov Beynəlxalq Ana dili günü münasibəti ilə tədbirə toplaşanları RİH başçısı Mirdaməd Sadıqovun adından təbrik edib, dilimizi daha dərindən öyrənmək, inkişaf etdirmək gənclərə tövsiyə olunub.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tədbir keçirilməsində fəallıq göstərən bir qrup şagirdə qiymətli hədiyyələr təqdim edib.
Gülnarə Mirzəliyeva,
RİH başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh Yaz