Elmi-praktik konfrans

Elmi-praktik konfransAzərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və İsmayıllı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar İsmayıllı rayon 5 nömrəli tam orta məktəbində elmi-praktik konfrans keçirilib.
“Gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən konfransda rayon məktəblərinin direktor müavinləri, Uşaq Birliyi Təşkilatı rəhbərləri və məktəblilər iştirak ediblər.
Konfransı giriş sözü ilə Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov açaraq, Azərbaycanda multikultural ənənələrin və tolerantlığın tarixi köklərindən bəhs edib. Multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təqdir olunduğunu söyləyən E.Məmmədov ölkəmizdə yaşayan bütün xalqlara eyni isti və səmimi münasibət bəsləndiyini də vurğulayıb.
Konfransda çıxış edən Rayon Təhsil Şöbəsinin metodik kabinetinin rəhbəri H.Əsədov, metodist R.Mirzəliyeva, baş məsləhətçi R.Baloğlanov, müəllimlər Y.Ağayeva, S.Mirzəyeva və başqaları bu qəbildən olan tədbirlərin gənclərimizin dünyagörüşünün formalaşmasında rolundan danışıb və milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini dilə gətiriblər.
Sonda iştirakçılar İsmayıllı rayon 5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz