Sevincimdir, fərəhimdir uşaqlar

Sevincimdir, fərəhimdir uşaqlarHəyatını müəllimliyə həsr edənlər fədakar, doğma xalqına, torpağına sədaqətlə xidmət edən insanlardır. Məhz buna görədir ki, hər birimiz qazandığımız hər bir uğura görə müəllimlərimizə borclu olduğumuzu etiraf edirik.
Dərin bilik, geniş dünya görüşü, şagirdlər qarşısında elmin, biliyin, fənnin tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacib şərtdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər. Belə müəllimlərdən biri də şəhər 3 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Kəmalə Ağəmməd qızı Həbibovadır. Pedaqoji fəaliyyətə elə şəhər 3 nömrəli məktəb-liseyində başlayan Kəmalə Həbibova 31 ildir ki, həmin məktəbə qədəm qoyan balaca şagirdlərə elmin sirrini, öyrədərək onların həyatına işıq saçır. Ömrünü təhsilə bağlayan Kəmalə müəllim daima öz üzərində çalışır. Belə ki, o müxtəlif kurs və treninqlərdə iştirak edərək sertifikat almış, yeni təlim metodları və kurikulumun sirlərinə dərindən yiyələnmişdir. O, peşəsinin çətin və məsuliyyətli olduğunu yaxşı bilir. Onu da bilir ki, uşaqlara qayğı xeyirli, xoşbəxt gələcəyimizin təminatıdır. Söhbət əsasında Kəmalə müəllimənin dediklərindən:
– Sabahkı nailiyyətimiz bugünkü işimizdən asılıdır. Bir müəllim kimi daim peşəmi sevmişəm, uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirirəm. Məktəb mənim ikinci evimdir. Orta məktəbi burada bitirmişəm. Ömrümün 40 ilindən çoxunu bu divarlar arasında keçirmişəm. Balaca fidanlarla işləməkdən zövq alıram. Uşaqlar mənim həyatımdır, fərəhimdir. Müəllimin ürəyi səbr və mətanətdən yoğurulmalıdır. Müəllimin şagirdə verdiyi qiymət düz olanda, şagirdin də müəllimə verdiyi qiymət, əldə etdiyi nəticə düz olur. Elə, obaya, vətənə layiqli övlad yetişdirmək bizim daimi borcumuzdur.
Bilirsiniz, insan seçdiyi peşədən asılı olmayaraq sənətinə vurğun olmalı və daim sənətdə yeniliklər axtarmalıdır. Bu gün sürətlə inkişaf edən təhsilimizdəki yeni yanaşmaları, müasir təlim metodlarını və kurikulumun xüsusiyyətlərini öyrənirəm. Təcrübə və biliklərimi gənc müəllim və şagirdlərdən əsirgəmirəm. Məktəbimizdə istər müəllimlər, istərsə də şagirdlər arasında qarşılıqlı hörmət mühiti mövcuddur. Direktorumuz Əhmədağa Ələkbərov öz diqqət və qayğısını bizlərdən əsirgəmir. Məktəbimizi digər təhsil ocaqlarından fərqləndirən cəhət isə ibtidai sinif şagirdlərinin ayrıca bir korpusda təhsil almalarıdır. Şagirdlərimlə hər zaman fəxr etmişəm. Onların uğuru elə mənim uğurumdur.
Kəmalə Həbibovaya “mənim ilk müəllimim” deyənlər yüzlərlədir. Bu pedaqoqun zəhməti, fədakarlığı sayəsində eləmə, təhsilə bağlanan və bunun nəticəsində uğur əldə edənlər qazandıqları uğurun səbəbkarını, yolgöstərənini heç vaxt unutmurlar.
Yazı 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində hazırlandığı üçün Kəmalə müəllimi, gözəl Vətənimizin çiçəklənməsi, tərəqqi etməsi yolunda qüvvə və bacarığını sərf edən bütün qadınları təbrik edir, onlara səadət və xoşbəxtlik, işlərində müvəffəqiyyətlər arzulayırıq.
Hacıməmməd Məmmədov

Şərh Yaz