Mütaliə haqqında

Mütaliə haqqındaNaməlum müəllifin fikrinə görə, mütaliə etmiş şəxsləri təsir altına salmaq, onları düz yoldan çəkindirmək çox çətindir. O, həmçinin qeyd edir ki, mütaliə mütaliəçinin özünə yaxşı heç nə vermir. Mütaliəçi özünü unudur. Yüksək iddialara söykənib cəmiyyət, dost-tanış, xalq, millət haqqında fikirləşir, hətta, özünü bu yolda qurban verir.
Elə bəşəri düşüncələrlə yaşamağın nəticəsidir ki, ötən əsrin 80-90-cı illərində yüz minlərlə mütaliəçi meydanlara axışıb, mütaliə mədəniyyəti nümayiş etdirmişdi.
Əfsuslar olsun ki, bu gün kitab oxumaq, tənəzzül dövrünü yaşayan bəzi sənətlərimiz kimi arxa plana keçib. Kitabxanalara gedənə, mütaliəyə nadir hallarda rast gəlmək olar.
Elə buna görədir ki, gələcəyi, tərəqqini düşünən iki-üç adamı bir yerə yığmaq çətinləşib. Hamı daşı daş üstə qoyub, evinin hündür olduğunu göstərməyə çalışır. Öz başının digər başdan üstün, savadlı olması bəhsinə girənlər sanki yoxa çıxıb. Dam-daş sərgiləməkdənsə, düşünən baş sahibi olduğunu göstərə bilmək daha önəmli deyilmi?
Evimizdə balaca da olsa, çalışaq ki, kitabxanamız olsun. Uşaqlarımız göz açanda, evdə kitab görsünlər.
Ədəb-ərkan, mədəniyyət və nəhayətdə bilik mənbəyi olan kitab evimizin ən dəyərli əşyasına çevrilsin. Davamçılarımız savadlı, oxumuş adamlar olsunlar. Arxayın olarıq ki, onlar heç kimin təsiri altına düşməyəcəklər, öz yollarını –“ inkişaf, tərəqqi yolunu tutub xoşbəxt gələcəyə doğru inamla addımlayacaqlar.
Seyran Məmmədov

Şərh Yaz