Dayı yaman ilişdi aaa!
Özümüzdən başlayaq. Zibili yerə atanları qınamaq haqqını, zibili yerə atmayanlar qazanır.
Hər gün paytaxt küçələrində rastlaşdığımız mənzərələrdən biri də dolub-daşan zibil qutuları və atılıb qalmış zibil qalıqlarıdır. Baxmayaraq ki, müxtəlif məsafələrdə zibil qutuları qoyulub, amma şəhərin hər tərəfində natəmizlik hökm sürür. Bu natəmizliyi yaradanlar isə biz özümüzük. Belə ki, çəkdiyimiz siqareti, əlimizdəki hansısa lazımsız əşya, yaxud kağız tullantısını hara gəldi atırıq. Nə olsun ki, belə hallarda xətrimizə dəyən, bizi tutub cəzalandıran yoxdur, gərək öz daxilimizdə fikirləşək ki, küçəni zibilləmək olmaz. Bu bizim özümüzün-özümüzə olan hörmətsizliyimizdir.
Bu cür xoşagəlməz halları yerindəcə yoxlamaq üçün şəhərin müxtəlif yerlərində müşahidələr aparmağa başladıq. Metroya daxil olub öncə “Koroğlu” stansiyasından çıxırıq. Г‡ıxışdan bayıra çıxar-çıxmaz, yarı-dağınıq, yarı-yandırılmış zibil topası diqqətimizi çəkir. Zibildən çox da uzaq olmayan sağ tərəfdə isə polis müfəttişi ilə bir ortayaşlı xanım mübahisə edirdi. Mübahisənin səbəbi xanımın elə yerdəcə oturub öz xırda-xuruş mallarını satması idi. Polis əməkdaşı isə onun mallarını yığışdırmasını və buradan çıxıb getməsini tələb edirdi. Bizimsə, işimiz polislərlə yox, zibil atanlarla idi. Ona görə də zibil topasından bir neçə metr aralıda durub metrodan çıxanları və çıxarkən əllərindəki tullantıları yerə atan şəxsləri müşahidə edirik.
Əlində lazımsız nəsə olan hər kəs çıxan kimi qarşısındakı zibilliyi görüb, elə bura atılmalıymış kimi fikirləşərək əlindəkini ora tolazlayır. Təxminən on dəqiqə ərzində bu hal ayrı-ayrı şəxslər tərəfindən bir neçə dəfə təkrarlanır. Axırı dözməyib əlindəki boş fanta qutusunu yerə atan oğlana yaxınlaşırıq. Zibili nəyə görə ora atdığını soruşduqda isə, gülərək təəccüblə deyir: “Zibillikdir də, hara atmalıyam ki?..” Vallah, bilmirsən onun bu təəccübünü əsaslı sayasan, yoxsa bu sualın ona qəribə gəlməsinə özün təəccüblənəsən… Məsələ burasındadır ki, onun dediyində də haradasa məntiq var: zibili ora-bura atmaqdansa elə zibilin üstə atmaq daha yaxşıdır… Yollanırıq şəhərin digər istiqamətinə… Yol boyu polislə xanımın mübahisəsi yadıma düşür. Polisə haqq qazandırıram ki, düz edir, imkan vermir ki, xanımın yerə tökdüyü mallar gəlib-gedən camaata mane olsun. Amma onu da fikirləşirəm ki, bəs həmin polis əməkdaşı məgər gəlib-keçən camaatın gözünə girməklə bərabər ayaqlarına da dolaşan bu zibilliyi necə, görmürmü?! Əlbəttə ki, çox gözəl görür. Amma nə olsun, zibildən kimə xeyir qalıb ki, polisə də qalsın…
Bu dəfə isə camaatın daha gur olduğu Elmlər Akademiyası metro stansiyasından çıxırıq. Eskalatorla qalxıb metronun çıxış tərəfində müşahidə üçün özümüzə yer eləyirik. Metro daxilində siqaret çəkmək yasaq olduğundan metrodan çıxanların ilk işi tez bir siqaret çıxarıb yandırmaq olur. Onlar siqaret çəkməyində olsun, bizsə cavan oğlandan danışaq…
Aralıdan gördüm ki, üzü mənə tərəf bir kağız yumalağı gəlir. Hiss olunurdu ki, bu kağız metro vaqonunu tərk edəndən düşdüyü yerə qədər əllə yaxşıca yumrulanıb. Oğlan da sağ olsun, başa düşür ki, metronu zibilləmək olmaz. Amma görünür, küçədə olarmış…
Kağızı atan şəxsə yaxınlaşıb özümüzü təqdim edirik. Təbii ki, kağız məsələsini yerdə qoymayacaqdıq. Hiss olunurdu ki, sualla qarşılaşan oğlan onu yerə atdığına görə peşman oldu. “Vallah heç fikirləşmədim, metrodan çıxanda əlimdə idi. Amma bundan sonra yəqin ki, atmayacam”. Nə deyirik, təki belə olsun. Qayıdaq, metrodan çıxan kimi birinci işi siqaret yandırıb acgözlüklə sümürməkdə olanların yanına. Hamımız üçün adiləşmiş, əslində anormal bir mənzərədi: kim siqaretini harda bitirdisə, orda da yerə atır…
Bayaqdan diqqətimizdə olan, təxminən 45-50 yaşlı bir kişi də başqaları kimi siqaretini çəkib, kötüyünü yerə atdı. Geyimindən iş adamına və kimisə gözləyənə oxşayırdı. Yaxınlaşırıq kişiyə: – Salam dayı, siqaret çəkirsinizmi? Cibindən çıxarıb təklif edir. – Г‡ox sağ olun. Məsələ bundadır ki, mən jurnalistəm, siqaret çəkməyin əleyhinə yazı hazırlayıram. İstəyirəm elə siqaret çəkənlərin özündən münasibət alım. (Neyləyim, o boyda kişiyə birbaşa necə deyim ki, ay dayı, siqareti yerə atmaq olmaz). Kişi söhbətə başladı, nə başladı. Siqaretin cana zərərindən tutmuş cibə olan təsirinə kimi, hər şeydən danışdı…
– Dayı, bəs siqareti çəkib elə harda gəldi atanlara nə deyərdiz? (O, hardan biləydi ki, biz bayaqdan onu müşahidə edirik). Elə danışdı ki, sanki hər kəs təqsirkardır, bir özündən başqa. Arada məni gülmək tutsa da, özümü birtəhər saxlayıram. “Təqsirkar” dayı sözünü bitirəndən sonra dilimi dinc saxlaya bilmədim: “Axı mən bayaqdan fikir verirəm, siz siqareti çəkib elə bura da atdınız” (Ayaqlarının yanındakı siqaret kötüyünü göstərirəm). Vallah, kişi bilmədi daha neyləsin, çıxış yolunu yalnız gülməkdə gördü. Bəlkə də belə acınacaqlı gülüş hələ ona nəsib olmamışdı. Dayıya onu da daddırıb, əlində siqaret olan digər şəxsin dalınca irəliləyirik. Amma onun bəxti gətirir: çəkib bitirdiyi siqareti yanından keçdiyi zibil qutusuna atır. Deyərdim, bəxtdən çox onun özünə olan hörməti imkan vermədi ki, acı gülüşün dadına baxsın.
Beləliklə, çalışıb hər zaman özümüzə hörmət edək ki, başqalarına hörmətsizliyin sonunda hansısa pis vəziyyətdə qalmayaq. İlk növbədə özümüzdən başlayaq. Г‡ünki belə olmasa, digərinə irad tutmaq üçün özümüzdə cəsarət, haqq tapa bilmərik. Necə ki, mən bu cəsarəti, mənəvi haqqı özümdə tapa bildim.
Elgün Mənsimov