Tarixin qan yaddaşı
Surac Abbasov adına Yeniyol kənd tam orta məktəbində Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılmış Xocalı soyqırımının 24-cü ildönümü anılıb. İlk olaraq Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rəşad Vahabov Azərbaycan xalqının 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər nəinki azərbaycanlılara, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. R.Vahabov onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Odur ki, biz işğal altındakı torpaqlarımızın azad olunacağına əminik.
Digər çıxışlarda Xocalı soyqırımı zamanı qətlə yetirilənlər, yaralananlar, əsir və itkin düşənlər, girov götürülənlər, ömürlük əlil qalanlar barəsində məlumat veriblər.
Məktəblilərin səsləndirdiyi şeirlər, nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalarla tədbir başa çatıb.
Vəfa Vahabova
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi