Г‡ərşənbələr
Baharın gəlişindən xəbər verən Novruz bayramı e.ə. 505-ci ildən qeyd olunur. Bu bayram ərəfəsində xalqımızın önəm verdiyi ən böyük ünsürlərdən biri də çərşənbələrdir. Azərbaycan türklərinin xalq təqviminə görə, qış fəslinin axırıncı ayı boz aydır. Boz ay fevralın 22-dən mart ayının 21-ə qədər davam edir. Bu ayda havalar tez-tez bozarır, gah yağış yağır, gah da gün çıxır. Buna görə də ulu babalarımız boz ayı dörd çərşənbəyə bölublər. Anlayışa görə, ulu Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan şəkli düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr verib onu canlandırıb. Elə bu səbəbdən, yəni bu dörd ünsürdən yarandığı üçün insan həmin dörd ünsürü müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, bu çərşənbələr su, od, yel, torpaq çərşənbəsi kimi qeyd edilib:
Su çərşənbəsində bahara doğru qarlar, buzlar yavaş-yavaş əriyib çaylara tökülür. Torpaq islanmağa başlayır. Qızlar sübh tezdən bulaqlardan sərin, şirin su gətirib, evin ətrafına çiləyər, üzlərini yuyarlar.
Od çərşənbəsində bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu təbiəti canlandırmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayarlar. Hər ailə üzvünün adına bir şam yandırarlar. Xonçalar düzəldilər.
Yel çərşənbəsində yel azacıq oyanmış torpağı, təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Torpaq çərşənbəsində Ulu Yaradan torpağı su ilə islatdı, günəşlə isitdi, torpağa yaratmaq qüdrəti verdi. Ona görə də ilk yaz əkinini babalarımız xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlamışlar.
“İsmayıllı xəbərləri”