10 illik yubiley qeyd edilib

10 illik yubiley qeyd edilib
İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yaranmasının 10 illiyini fərqlənən, orijinal bir tədbirlə qeyd etdi. Yeni yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya-kreativ qrupu”nun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin foyesində yerli rəssamların, bədii tərtibatçıların, qrafika ustalarının, xalq sənətkarlarının, xalçaçıların əsərlərindən, əl işlərindən ibarət zəngin sərgi düzəldilmişdi. İştirakçılar əvvəlcə sərgiyə baxdılar. Tədbiri koordinasiya-kreativ qrupun üzvü, Heydər Əliyev Mərkəzinin əməkdaşı Qönçə Ağazadə açaraq tədbirin mahiyyətindən danışdı, mədəniyyət və turizm işçilərini təbrik etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyi münasibətilə bu sahələrdə çalışanları təbrik etdi. İştirakçıların sırasında gənclərin üstünlük təşkil etdiyinə əsaslanan başçı prezident İlham Əliyevin ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı qarşıya qoyduğu vəzifələrin icrası yollarından, gənclərin bu istiqamətlər üzrə səfərbər edilməsindən danışdı.
Azərbaycan Respublikasının birinci xanımı, xoşməramlı səfir, millət vəkili Mehriban Əliyevaya İsmayıllı üçün xarakterik olan kəlağayının və “Lahıc misgərlik sənəti”nin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə görə bütün ismayıllıların minnətdarlığını bildirdi.
Mirdaməd Sadıqov rayonun mədəniyyət və turizm sahəsinə yeni intellektual qüvvələrin gəlməsini təqdir etdi.
Gənc mahnı və musiqi ifaçılarının eksklüziv konsertinə tamaşa edildi.
Gülər Baxışova

Şərh Yaz