Gənclik

Qocaların unutduğu, cavanların yad etdiyi, uşaqların can atdığı əsrarəngiz bir məqamdır gənclik! Bəli, yaşlı nəslin nümayəndələrindən gənclik illəri ilə bağlı xatirələr dinləyəndə müşahidə etmişəm ki, onlar bir çox məsələləri ya xatırlaya bilmir, ya da çətinliklə xatırlayırlar. Orta, gənc nəslin nümayəndələri də tez-tez gənclik illərindən söz açır, göstərdikləri hünərləri, qəhrəmanlıqları xatırlayır, maraqlı xatirələrini paylaşırlar.
Müəllim kimi müntəzəm qarşılaşdığım məsələlərdən biri kiçik yaşlı məktəblilərin qısa zamanda gənc olmaq, azad və müstəqil həyata atılmaq arzusunda olmalarıdır. Əslində gənclik macəralarla zəngin, olduqca maraqlı bir yaş dövrüdür. İnsan ömrünü bir günə yerləşdirsək gənclik həmin günün daha işıqlı, hərarətli günortasıdır. Hünərin, cəsarətin özünü qabarıq şəkildə göstərdiyi bir zamandır gənclik.
Gəncliyin insan həyatında ölməz, unudulmaz izləri var. İnsanın həyatı dərk etməsi də məhz həmin illərinə təsadüf edir. Sərbəst həyata atılmaq, ilk sevgi hisslərini yaşamaq, ilk dəfə müstəqil işləmək, ilk zəhmət haqqı, ilk səhv və daha bir çox sadalanması vaxt apara bilən “ilk”lərlə doludur gənclik. Əslində isə gənclik həyəcanla dolu, insan ruhunun ən coşqun çağıdır. Gənclik insana həyatını qurmaq, gələcəyinə zəmin yaratmaq üçün verilmiş şansdır. Bu şansı düzgün dəyərləndirə bilən hər kəs rahat yaşamasına təminat yaratmış olar.
İnsan ruh, düşüncə kimi amillərin parladığı məqamlarda səhvlərə də yol verə bilər. Həmin səhvlər nöqsanlardan nəticə çıxarmadıqda daha böyük bəlalara, günahlara çevrilir. Buraxılmış səhvlərdən nəticə çıxarmaq, çətinə düşdükdə özümüzü və ətrafımızdakıları qorumağı bacarmalıyıq. Bacarıqlı olmaq üçün isə yüksək savada, dünyagörüşünə malik olmalıyıq. Г‡ox xoşdur ki, bu gün Azərbaycan gəncliyi kifayət qədər savadlı, dolğun düşüncəli, özünə inamlıdır.
Gənclik hər bir dövlətin gələcəyi, sağlam gənclik isə hər dövlətin güclü gələcəyinin sığortasıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində mütəmadi proqramlar həyata keçirilir. Bu gün ölkə siyasətində gənc nəslin düzgün yetişdirilməsi məsələsi önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral gənclərin günü elan olunub. Bu prosesə daha geniş vüsət verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.
“Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə böyük zəmin yaradır. Gənclər üçün yaradılan belə münbit şəraitdən mən də bir gənc olaraq yararlanmışam. Belə ki, 2006-cı ildə çapa hazırlanan “Azərbaycan XXI əsr istedadlarla” ensiklopediyasında yenicə yaradıcılığa qədəm qoymuş gənc yazar kimi mənim də yaradıcılığımdan nümunələr dərc olunmuşdur.
Gənclərin bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və sair sahələrdə təmsil olunması cəmiyyətin inkişafına öz töhfələrini verir.
Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Dövlətimizin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Azərbaycan gəncliyinin nümayəndəsi olaraq əminlikdə deyə bilərəm ki, dövlətimiz tərəfindən yaradılan geniş imkanlar gənclərimizi cəmiyyətin ən məsul qüvvəsinə çevirmişdir. Bu da Azərbaycanın sağlam gələcəyinin sığorta olunması deməkdir.
Elnarə Günəş

Şərh Yaz