Qismət olmayan “qismət”

Qismət olmayan “qismət”Uşaq ikən böyüklərimiz bizi kənddəki müqəddəs yerlərə – pirlərə ziyarətə aparardılar və izah edərdilər ki, burada çox hörmətli, böyük nüfuz sahibi olan insanlar dəfn edildiyindən ehtiram əlaməti olaraq onların məzarları ziyarətgaha çevrilib. O müqəddəs yerlərə girəndə hökmən ayaqqabılarımızı soyunar, çıxanda ziyarətgaha arxa çevirməz, dal-dala çıxardıq. Böyüklərimin söhbətindən mənim üçün kəndimizdə müqəddəsləşən, lakin nə məzarı, nə ziyarətgahı olmayan başqaları da vardı: dövrünün və zəmanəsinin tarixi şəxsiyyətləri olan Diyallı əfəndiləri.Qismət olmayan “qismət”Qismət olmayan “qismət”

Uşaq ikən böyüklərimiz bizi kənddəki müqəddəs yerlərə – pirlərə ziyarətə aparardılar və izah edərdilər ki, burada çox hörmətli, böyük nüfuz sahibi olan insanlar dəfn edildiyindən ehtiram əlaməti olaraq onların məzarları ziyarətgaha çevrilib. O müqəddəs yerlərə girəndə hökmən ayaqqabılarımızı soyunar, çıxanda ziyarətgaha arxa çevirməz, dal-dala çıxardıq. Böyüklərimin söhbətindən mənim üçün kəndimizdə müqəddəsləşən, lakin nə məzarı, nə ziyarətgahı olmayan başqaları da vardı: dövrünün və zəmanəsinin tarixi şəxsiyyətləri olan Diyallı əfəndiləri. Yenə böyüklərimdən eşitmişdim ki, kəndimizdə iki nəsil əfəndilər olub: Həmzə əfəndinin və Hacı Məcid əfəndinin nəsli. Hər iki nəsil çox savadlı, ziyalı insanları ilə, ətrafa yaydıqları ziya nuru ilə yaddaşlarda dərin izlər buraxmışdılar. Nənələrimiz, valideynlərimiz də onları bizə belə tanıtmış, söhbətləri ilə yaddaşımıza silinməz səhifələr həkk etmişdilər. Yəqin elə buna görə də çox illər sonra mən kəndimiz barədə kitab yazanda əfəndilərə səhifələr həsr etdim, onların adı belə çəkilən kitabları oxudum, bu nəslin son nümayəndələrindən olan insanlarla –“ rəhmətlik Tələt müəllimlə, onun ömür-gün yoldaşı Hüsniyyə xanımla, bacısı oğlu Hacı Hikmətlə görüşdüm, əfəndilər nəsli barədə mümkün edib öyrənə bildiyim bütün faktları o kitabda çox böyük məmnunluqla, sevə-sevə işıqlandırdım. Öyrəndiyim məlumatlarda məni həm kədərləndirən, həm də xoşhal edən çox məsələlər var idi. Kədərlənirdim ona görə ki, Vətənini, yurdunu bu qədər ürəkdən sevən, yeganə məqsədi Vətən övladlarına elm, savad vermək olan bu insanlara – əfəndilər nəslinin elmpərvər övladlarına sözün həqiqi mənasında divan tutulmuş, tutulanlar güllələnmiş, qaça bilənlər qaçmış, ad, soyad, yurd-yuva dəyişərək birtəhər sağ qala bilmişdilər. Və sonda o sağ qala bilənlər sağ qalmağa, yaşamağa haqqı olduqlarını öz əməlləri ilə sübut edə bilmişdilər. Şövqi Ağayev uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun –“ indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. Ehsan Mustafayev Sov. İKP MK-da şərq dilləri üzrə tərcüməçi, Faiq Mustafayev Sumqayıt şəhər Sovetinin sədri işləmişlər. Sənan Mustafayev … bu barədə az sonra.
… Günəşli bir avqust günündə Rayon İcra Hakimiyyətindən zəng etdilər ki, professor Sənan Mustafayev rayona gəlir, onun qarşılanmasında professorun həmyerlisi kimi mənim də iştirakım məqsədəmüvafiq görülüb. Yerlim, professor, özü də Sənan Mustafayev – əfəndilər nəslinin canlı abidəsi!!! Beləcə, özəl bir gözəl gün yaşayacağıma əminliklə İcra Hakimiyyətinə gedən yolu bir göz qırpımına getdim. Artıq professor, professor Mirdaməd Sadıqovla, qonaqlarla və yerli nümayəndələrlə- Sevil Əhmədova, Şəfaqət Rəsulov, Sevda Qasımova, Ramiz Baloğlanov, Zaur Muradovla birlikdə çay süfrəsinin arxasında xatirələri çözələyirdi. Mən otağa girəndə Mirdaməd müəllim tanışlıq verdi: ”Sənan müəllim, yerlindi, Diyallı qızıdı”. Məni tanıyanlar bilirlər ki, bu yaşımda belə mən cəldəm, ancaq 87 yaşlı Sənan müəllim məndən cəld olduğunu sübut edir, bircə anın içində yerindən sıçrayır və… bir torpağı, Vətən torpağını, uşaqlığının izi, xoş uşaqlıq xatirələri, əcdadının məzarları qalan torpağı qucaqlar kimi, ona sığınar kimi mənə sığınır… O anda kimsə dinmədi, dinə bilmədi… Handan-hana gözündən qeyri-iradi axan göz yaşlarını eləcə balaca uşaqlar kimi əlinin dalıynan silə-silə: ”o vaxt gecəykən qaçdıq, nə adamlarla, nə torpaqla halallaşa, sağollaşa bilmədik, sonralar da cəsarət eləmədik, elə bilirdik qayıdan kimi yenə bizi tutacaqlar”.
Söhbətin mövzusu dəyişsə də heyfslənmirəm, bilirdim ki, təkrar o mövzuya qayıtmağa çox vaxtımız olacaqdı. İsmayıllı Humanitar və Texnologiyalar Kollecinin direktor əvəzi Sevda Qasımovaya, İsmayıllı Təhsil Şöbəsinin məsləhətçisi Ramiz Baloğlanova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradova və mənə Sənan müəllimlə birlikdə bir gün keçirmək səadəti nəsib olacaqdı. Və…
Г‡ay kənarında, yemək süfrəsinin arxasında söhbətimiz qaldığı yerdən davam edir.
– Biz rayonda yaşayırdıq, evimiz Aşağıbaş məscidinin arxa tərəfində idi, o məscidi də mənim babalarım tikmişdilər. Evimizin yeri dəqiq yadımda deyil, onda çox balaca idim, ancaq məscidi görsəm evimizi də rahat taparam. Ağır günlər idi, Diyallıdakı, Quşencədəki qohumlarımızı həbs eləmişdilər, bizim evə də nəzarətçilər qoymuşdular- əli silahlı. Heç yerə getməyə icazə vermirdilər. Bir axşam mühafizəçilərin gözünü oğurlayan atam evin arxa tərəfindəki çəpərdə balaca bir oyuq açdı, bütün gün bizi təlimatlandırdı, səs salmadan ordan çıxıb qaçmalı idik. Bu iş biz uşaqlara maraqlı gəlirdi, ancaq valideynlərim qorxu içində idilər, mühafizəçilər duyuq düşsəydilər bizi sözsüz ki, güllələyəcəklərdi. Atamın planı baş tutdu, biz qaçdıq, doğmaca evimizi, doğmaca torpağımızı bir oğru, bir quldur kimi arxada qoyub qaçdıq. Aran rayonlara getdik, kim olduğumuzu bir Allah bildi, bir özümüz. Kim olduğumuz bilinməsin deyə bir ildə iki, bəzən üç kənd, məktəb dəyişirdik. Г‡ox çətinliklə oxuduq, necə deyərlər kirpiyimizlə od götürdük, ancaq bacardıq.
Yorulur, ancaq danışmaqdan yox, acı xatirələrin ağırlığı yorur onu. Söhbətinə ara verib çaylağı gəzməyə başlayır, gördüyü, baxdığı hər şeyi gözünə, könlünə hopdurur sanki –“ illərin acı imiş kimi. O gəzir, bizsə birlikdə onun ömür kitabının rəsmi səhifələrini vərəqləyirik, o səhifələri ki, bu görüşdən cəmi 4 ay sonra nekroloquna yazılacaqdı o səhifələr…
… Sənan Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub. 1946-cı ildə Tbilisi Dəmir Yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş laborant, assistent vəzifəsində işləyib. 1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor adını alıb.
S.Mustafayev 1961-1963-cü illərdə Ali və Orta İxtisas Təhsili Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali Məktəblər İdarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru, 1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və Orta İxtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının “Materialşünaslıq və materialların texnologiyası” kafedrasının müdiri olub.
…Sənan müəllim çaylağı gəzib qayıdanadək Zaur müəllim telefonla internetdən bu məlumatları toplayır və bu həsəd doğuracaq faktlar beynimizdə saysız suallar yaradır. Ancaq… Sənan müəllim bu gün nəyisə cavablandırmaq yox, bir ömür boyu arzusunda olduğu vətəndən görə bildiklərini, duya bildiklərini, daha nələrisə həsrətli baxışlarına, yurd həsrətilə qubar bağlamış qəlbinə hopdurmaqla məşğuldu, yaman məşğuldu… Heç olmasa, bir sual, bir cavab deyib Sənan müəllimi xəyal dünyasından ayırırıq:
– Əfqanıstana qədər və sonra olanları başa düşdük, ziya nuru yayan əfəndilər nəslinin nümayəndəsinin ayrı cür tərcümeyi halı təbii ki, ola da bilməzdi, repressiyalara baxmayaraq. Amma bu Əfqanıstana gedişi necə başa düşək: Partiya göndərişi, yoxsa, qəlbin hökmü?
– (Gülür) Qəlbin hökmü ilə partiya göndərişi! Bu cavab razı salır səni, Diyallı qızı? Nə oldu?! Razı qalmadın?! O illərdə gedib Əfqanıstanda savadsızlığın ləğvinə kömək etmək Kəbəni ziyarət etmək qədər müqəddəs bir iş idi. Г‡ox çətin idi orada işləmək, amma lazım idi, savab idi, göndərdilər, mən də böyük həvəslə getdim və 6 ilə yaxın işlədim Əfqanıstanda. Г‡ox yerdə işləmişəm, ancaq harda işləməyimdən asılı olmayaraq həmişə vicdanla işləmişəm, elə ona görə də Əməkdar elm xadimi fəxri adına layiq görülmüşəm, “Şöhrət” ordeni, bir çox medal və Əfqanıstanın “Dostluq” ordeni ilə təltif edilmişəm. 60 ildir ki, dövlətimizə qulluq edirəm, yaxşı qulluq etmişəm, dövlətim də, sağ olsun, əməyimə yaxşı qiymət verib. Son bir arzum var idi –“ İsmayıllını görmək, o da Allaha şükür, budu burdayam.
Sənan müəllim söhbətcil idi, iş həyatında, xüsusən Əfqanıstanda gördüyü, başına gələn hadisələrdən stola oturandan dızıltısı bir an belə kəsilməyən samovarın kəklikotulu çayından içə-içə səbrlə, böyük şövqlə danışırdı. Ömür yolu uzun, iş çox, söhbətlər bir-birindən maraqlı. Sənan müəllimgil həmin gün şəhərə qayıdacaqdılar deyə günortadan xeyli keçmiş ona illərlə arzulanan bu səfərdə yoldaşlıq edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Vaqif Qurbanov söhbəti bölmək istəməsə də astadan “bəlkə qalxaq, professor, arzusunda olduğunuz məscidi də ziyarət edək” deyir. Yolumuz Aşağıbaş məscidinədir, hamımız az qala Sənan müəllim qədər həyəcanlıyıq, tanıyacaqmı məscidi, tapacaqmı ata yurdunun yerini?! Məscidin həyətinə ilk Sənan müəllim oturan maşın girsə də hamımız eyni anda maşından düşürük və sual dolu baxışlar həyəcandan təkcə əlləri yox, artıq bütün bədəni titrəyən Sənan müəllimə dikilir, bircə söz dedi: o məsciddi! Özü də ağladı, bizi də ağlatdı. Titrək addımlarla pilləkənləri çıxdı, dua tutdu, bir əzizini oxşayırmış kimi soyuq daş divarları oxşadı, oxşadı… Sonra el adətiylə ayaqqabılarını çıxararaq içəri keçdi… 15-20 dəqiqədən sonra çiynindən ağır yük qalxmış bir şəkildə çıxdı və bizi səslədi: gəlin elə burada bir şəkil çəkdirək, bilmək olmaz, ya qismət. Şəkil çəkdirdik. Sual dolu baxışlarımı göydə tutdu, “yox, Diyallı qızı, Diyallıya bu dəfə getmirik, inşallah, xanımla birlikdə gələrəm, gedib Diyallını da, Hüsniyyəni də (Diyallıda yaşayan xalası qızını nəzərdə tutur) görərik, ata yurdumu da onda taparıq, indilik bəsdi”.
Neynək, elə olsun, görüşüb ayrılırıq, bu gəlişdən, bu görüşdən doğan razılıq hissi sifətinə işıq salıb elə bil, səsinin tonu da dəyişib, bir rahatlıq, bir arxayınçılıq və bunlarla birgə çəkilməz bir yorğunluq var artıq bu səsdə. Elə bu səslə də son sözünü deyir: Qismət olsa, gedərik Diyallıya!
Qismət olsa… O görüşdən cəmi bir neçə ay sonra – bu il yanvar ayının 9-da bu gözəl insan, əfəndilər nəslinin daha bir ziyalı nümayəndəsi dünyasını dəyişdi. Ata yurdunu, Diyallını sonuncu dəfə görmək qisməti Sənan müəllimə qismət olmadı…
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz