Sağlam psixologiya sağlam düşüncə və sağlam təfəkkürdür

Sağlam psixologiya sağlam düşüncə və sağlam təfəkkürdür

Gələcək nəslin hərtərəfli, sağlam formalaşması istiqamətində psixoloji xidmət mühüm əhəmiyyət kəsb edir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən hazırlanmasıdır. Hal-hazırda dünyanın inkişaf etmiş ölkələrində nəinki ailələrin, müəssisələrin, tədris ocaqlarının da psixoloqları var. Son illər ölkəmizdə bu sahənin daha da inkişafı istiqamətində addımlar atılmağa başlanılıb. Psixoloqlara olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi bu gün ali tədris müəssisələrində psixologiya fakültələrinin fəaliyyətini göstərə bilərik. Ali təhsilli psixoloqlara respublikanın hər bölgəsində olduğu kimi, bizim rayonumuzda da ciddi ehtiyac vardır.
İsmayıllı rayonu üzrə 80 məktəbin 46-sı tam, 22-si ümumi orta məktəb olmağına baxmayaraq, psixoloqların sayı cəmi 30 nəfərdir. Bunlardan da 10 nəfəri bilavasitə ixtisas təhsilli, qalanları isə ixtisasartırma kurslarından keçmiş mütəxəssislərdir. Hazırda rayon məktəblərində 36 praktik-psixoloqa ehtiyac vardır. Psixoloji xidmət mərkəzinə də ciddi ehtiyac vardır. Sosial-iqtisadi böhran, həyatda baş verən ötəri çətinliklər insanlarda psixoloji gərginliyi bəzən artırır, baş verən hadisələrə onların münasibətini qeyri-müəyyən edir. Bu baxımdan təhsilli psixoloqlara cəmiyyətimizin çox böyük ehtiyacı vardır.
Sağlam cəmiyyət, sağlam gənclik, əlbəttə ki, məktəblərimizdə yetişir. Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarət olduğunu nəzərə alsaq, məktəblərimizdə psixoloji xidmətin vacibliyini bir daha vurğulamış olarıq.
Sağlam düşüncəli gənclərin yetişməsində məktəbin rolu danılmaz olduğu kimi, bu sahədə praktik-psixoloji xidmətin işi də çox əhəmiyyətlidir. Sağlam düşüncəli, sağlam təfəkkürlü, vətənpərvər, yüksək intellektə malik gənclər ordusunun yetişdirilməsində psixoloji baxımdan sağlam bir mühitin yaradılması vacib şərtlərdən biridir. Bunun üçün məktəbəqədər tərbiyə müəssisələrində də ali təhsilli praktik-psixoloqların fəaliyyət göstərməsi zəruri hal kimi dəyərləndirilir.
Odur ki, gənc, bilikli psixoloqların ümumtəhsil məktəblərində fəaliyyət göstərməsi ciddi ehtiyac kimi qarşıda durur. Bu problemin həllində Rayon Təhsil Şöbəsi öz imkanlarından maksimum istifadə etməklə məsələnin Azərbaycan Respublikası Təhsil Nazirliyi səviyyəsində həllinə nail olmalıdır. Г‡ünki sağlam düşüncə sağlam psixologiyanın bəhrəsidir. Yeni nəslin sağlam düşüncəli olmasını istəyiriksə, ailədə, məktəblərimizdə və həyatımızda psixoloqların xidmətindən yararlanmalı və bu xidmətin vacibliyini önə çəkməliyik.
Gülər Baxışova

Şərh Yaz