Yaddas kitabcasi

İstehlak bazarı nəzarətsiz qalmayacaq

İsmayıllı Rayon İcra Hakimiyyətinin iclas zalında yanvar ayının 13-də keçirilən müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötmədiyi bildirilib. Manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımı ilə yaşanan vəziyyət müzakirə mövzusu olub. Məsələnin təhlili nəticəsində vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
İstehlak bazarı nəzarətsiz qalmayacaq
Ərazi icra nümayəndələrinin, hüquq mühafizə orqanları rəhbərlərinin, sahibkarların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri müşavirəni açan və mövcud reallıqları ətraflı şərh edən İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaranan şəraitdən sui-istifadə etməyə çalışan işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmalarından danışıb, belələrinə əlavə gəlir deyil, xalqın nifrətini qazana biləcəklərini xatırladıb.
İclasda ötən mövsümdə 103 min ton taxıl istehsal olunan İsmayıllının istehlak bazarında unun, yerli istehsal olan bir sıra ərzaq məhsullarının alıcılara yüksək qiymətə təklif olunmasınının anlaşılmaz olduğu, bu sahədə bəzi işbazların tutduğu yanlış, antimilli mövqe kəskin tənqid edilib. Prezident İlham Əliyevin belə hallara qarşı qətiyyətli mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, qiymətlərdə süni şişirtmələrə yol verənlər sərt cəzalandırılacaqlar.
İstehlak bazarı nəzarətsiz qalmayacaq
Açıq dialoq şəraitində keçən müşavirədə çıxış edən sahibkarlar – “İsmayıllı Quşçuluq” MMC-nin direktoru Zahid Qardaşov, çörəkbişirmə sexinin sahibi Asudə Babayeva, ərzaq məhsullarının topdansatış mağazasının müdiri Nasir Kamilli və başqaları süni qiymət artımlarının məsuliyyətsizlikdən doğan, insanlığa yaraşmayan hərəkət olduğunu bildiriblər. Qeyd olunub ki, yerli məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən sui-istifadə edərək əlavə gəlir əldə etməyə çalışanların fəaliyyətinin nəticəsidir. Bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaq cəhdlərinin müşahidə olunması da yolverilməz haldır. Meyvə-tərəvəz, yumurta, ağartı məhsulları və s. yerli istehsal xarakterli məhsullardır. Onların qiymətində artım yalnız varlanmaq həvəsinin nəticəsidir.
İstehlak bazarı nəzarətsiz qalmayacaq
Rayon prokurorluğunun müstəntiqi Eldar Məmmədov müşavirədə çıxış edərək, süni qiymət artımına yol verməklə, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını şərh edib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin sədrliyi ilə istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı qeyd olunub. Bu cür komissiyaların kənd ərazi nümayəndəliklərində də yaradılması, onun tərkibinə ağsaqqalların, ziyalıların, gənclərin cəlb edilməsi tövsiyə edilib.
Komissiyalara rayonda istehlak bazarına gündəlik nəzarət etmək, neqativ halları, hər bir şikayəti operativ surətdə araşdıraraq, konkret tədbirlər görmək barədə tapşırıqlar verilib.
Şahməmməd Soltanov

Şərh Yaz