İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin özünə xas iş prinsipi var: Mərkəzin işlədiyi problemli ailələrlə bağlı iş açılır. Ailənin problemləri, görülməli və görüləsi işlər burada öz əksini tapır. İşlər başa çatdıqdan sonra işə uğur hekayəsi hazırlanır. Amma şərti adlarla –“ elə bu hekayədə olduğu kimi. Mərkəzdə bu hekayələri “Г‡ap olunmamış kitabdan səhifələr” adlandırırlar. Onu da deyək ki, Mərkəzin ailələrlə bağlı açdığı işlərlə kənar bir şəxs tanış ola bilməz, qəbul edilmiş qayda belədir. Lakin hekayələrdəki şərtilik bu maneəni aradan qaldırır. Beləcə, biz də çap olunmamış o kitabı vərəqlədik və hekayələrdən birini çap üçün seçdik:
…Yuxuya gedə bilmirdi, yatağına qor dolmuşdu elə bil. Uşaqlar çoxdan yatmışdılar, ətraf evlərdə də sakitlik idi. Yorucu fikirlər, bitmək-tükənmək bilməyən düşüncələr onu yatmağa qoymurdu. Əlini bir təhər Sevincin başının altından çəkib çıxartdı, ehtiyatla pəncərə adlandırılan dəliyə çəkilmiş göy çadır parçasını azacıq aralayıb səmaya baxdı: göyün üzü o qədər təmiz, sakit idi ki… Başladı ulduzları saymağa, 20-dən o yana gedə bilmədi –“ balaca dəlikdən göy üzünün çox kiçik bir parçası görünürdü. Üzünü təkrar yana çevirdi, qaranlıq olsa da, otağı olduğu kimi görə bildi –“ tavana, divarlara da eyni rəng çadır parçaları çəkilmişdi, vaxtı ilə tövlə olmuş tikilinin palçıqla suvanmış divarları rütubətdən ovulub tökülür deyə ev sahibi hər yanı beləcə örtmüşdü. Qaranlıqda gözlərinə dolan bu rənglər onu çox tez yordu, gözlərini möhkəm-möhkəm yumdu, yatmağa çalışdı, yenə olmadı, yenə çadır parçasını aralayıb göy üzünə göz dikdi. Uşaq ikən gecələr ulduzlu göy üzünü seyr edə-edə yatmağı çox xoşlayardı. Anası onun çarpayısını həmişə pəncərənin önünə qoyar, qızı yuxuya gedənə qədər onunla birgə ulduzlara baxar, nağıllar danışardı kiçik Cəmaləyə. Hər şey anasının qəfləti ölümü ilə alt-üst oldu, şirin nağıllar da, şirin yuxu da, ulduzlar da. Anasının ölümündən sonra atası çox tez evləndi, uşaqlar baxımsız qalmasın deyə. 2 qardaş, 2 bacı idilər, atasının “ananız” deyib onlara tanıtdığı qadın onlara ilk gündən ana olmadı, qara günləri analarının ölümü ilə yox, bu qadının gəlişi ilə başladı. Ögey anaları onları o qədər işlədirdi ki, imkan tapıb yatağa girəndə ulduzları yada salmağa belə heyi (amanı) qalmaz, anidən yuxuya gedərdi.
16 yaşı olanda analığının təkidi ilə onu qonşu rayona –“ tanımadığı, özündən az qala iki dəfə böyük olan birinə ərə verdilər. Analığının əlindən canını qurtardığına sevinməyə imkan tapmamış ər təpiyinin altına düşdü, ruhi xəstə olan həyat yoldaşı hər gün onu haqlı-haqsız söyür, döyürdü. Г‡arəsiz dözürdü, analığının yanına qayıtmaqdansa yenə bura yaxşı idi. Sonra bir oğlu oldu, iki il sonra qızı dünyaya gəldi. Bütün sevgisini onlara verdi, hər şeyə dözdü onların xətrinə. Yenə dözəcəkdi, əri uşaqları döyməyi adət etməsəydi. Səhər-axşam, vaxt-bivaxt, günahları oldu-olmadı balaca tifilləri alardı ayağının altına, onları müdafiə etmək istəyəndə onu da qatardı balalarına. Özünün döyülməsinə, söyülməsinə dözürdü, amma balalarının… Həyatda onlar üçün yaşayırdı. Axır ki, dözməyib qayıtdı ata evinə. Bir gedib, üç gəldiyi evdə cəmi ikicə gün qala bildi – ögey ana onlara qapını göstərdi. 2 gün də qardaşıgildə qaldı, sonra qardaşının, bacısının köməyi ilə buraya köçdü. İndi də 2 ay idi ki, balaları ilə bura sığınmışdı. Xəstə olsa da müavinət verilmirdi, heç bir gəlir yeri yox idi, qardaş və bacılarının əlinə baxırdı, versələr yeyirdilər, verməsələr yox.
Bu rütubətli komada yaşayandan Cəmalənin xəstəliyi daha da artmışdı, üstəlik oğlu da xəstə idi, həkimə, dərmana pulu olmadığından heç yerə aparmırdı. 15 gün idi məktəb başlamışdı, uşaqlar dərsə də getmirdilər, paltarları yox idi. Paltar nədir, artıq evdən ərzaq da tamam qurtarmışdı, səhər balalarına nə yedirəcəkdi heç özü də bilmirdi. Ha çalışsa da, onu boğan qəhərin hönkürtüyə dönməsinin qarşısını ala bilmədi, üzünü balışa dirəyib hönkürdü.
…Səhərə az qalırdı, haradasa İsa-Musa quşları ötürdü: İsa tapdın, Musa tapdın… onlar da Cəmalə kimi çıxmazda idilər deyəsən.
…Axşamdan qalan çörəklə uşaqların səhər naharını yola verdi, torbanın dibində qalmış vermişeli də günorta üçün ayırdı. Bəs sonra… daha qardaş, bacı qapısını döyməyə üzü gəlmirdi, iş axtarışları da nəticəsiz qalmışdı, işləməyə canında can olmasa da çarəsi yox idi. Ümidsiz əllərini göyə açdı: “Rəbbim, sən özün çat dadımıza”. İki damla yaş solmuş yanaqları ilə üzü aşağı axdı. Xəyallarını həyətdən gələn səs qırdı: Ay ev yiyəsi!
Axşamdan bəri dəfələrlə boylandığı kiçicik pəncərədən boylandı, qapıda tanımadığı 2 gənc qız var idi. “Allahım, sən xeyir elə” deyə-deyə həyətə düşüb gələnləri qarşıladı. Qızların üzündə elə bir təbəssüm var idi ki… ani olaraq bütün dərd-sərini unutdu. Boyunlarından göstərici asılmış qızlardan biri ”Bağışlayın, Siz Məmmədova Cəmaləsiz?” – deyə soruşdu.
– Bəli, nə olub ki?..
– Biz İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzindən gəlmişik. Məlumat almışıq ki, uşaqlarınız məktəbə getmirlər, gəldik görək nə məsələdir.
Söhbətləri uzun çəkdi, qızlar ailənin yaşadığı evə baxdılar, köhnə, balaca soyuducuya nəzər yetirdilər. Hər şey gün kimi aydın idi. Elə gəldikləri təbəssümlə də görüşüb, tezliklə qayıdacaqlarını bildirib
ayrıldılar.
İsmayıllı UADM-in keys menecment komandası iş həyatında ikinci dəfə idi ki, belə vəziyyətdə olan ailə ilə rastlaşırdı. Vəziyyət komanda daxilində və Mərkəzin könüllüləri ilə birlikdə müzakirə edildi, rayon İcra Hakimiyyətinə məlumat verildi… Günün sonuna yaxın bir maşın ərzaq və paltarla Cəmalənin qapısını açanda qadın yenə əlini göyə qaldırdı: Şükür böyüklüyünə, İlahi!
Səhər Mərkəzin işçiləri həvəslə təzə paltar geyinmiş Sevinclə Mahiri yaxınlıqdakı məktəbə apardılar, direktor vəziyyətdən xəbərdar idi, uşaqlar aidiyyəti siniflərə yerləşdirildilər. 2 gün sonra isə könüllülərin köməyi ilə ailə elə eyni qiymətə, ancaq daha münasib və ən əsası Günəşi bol olan bir evə köçürüldülər. Cəmalə həkim əmək ekspert komissiyasına yönəldildi və ona müavinət təyin olundu. Uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov Mahirin müayinə və müalicəsini öhdəsinə götürdü. Beləcə, Mahirin də müalicəsi başladı. Cəmalə aliment üçün qonşu rayona məhkəməyə yönəldildi, qanun daxilində uşaqlara aliment ayrıldı.
Cəmalə bəzən bunları bir yuxu sanırdı, amma yuxu kimi həqiqətlər sıralanırdı. Artıq Cəmalə həmin Cəmalə deyildi, intihar barədə düşünən, gücü göz yaşlarına çatan qadından əsər-əlamət qalmamışdı. Gözlərinin içi belə gülürdü, eynən ilk dəfə qapısını döyən İsmayıllı UADM-in qızları kimi.
Cəmalə yaşamaq istəyirdi, özü də tək balaları üçün yox, həm də özü üçün –“ bu gen dünyada beş gün yaxşı gün görməyən özü üçün. Az qala hər gün Mərkəzə gəlir, ərklə buranı “ata evi” adlandırırdı. Növbəti gəlişlərin birində gözləmədiyi daha bir şad xəbər aldı: Mərkəz ona ev tikmək üçün növbədənkənar həyətyanı sahə verilməsi məqsədilə şəhər bələdiyyəsinə müraciət edib və müsbət cavab alıb. Cəmalənin bacı, qardaşları bu xəbərə onun özündən çox sevindilər və sahə ayrılan kimi əlbirliyi ilə ailə üçün orada 1 otaqlı, eyvanlı, Günəşi, havası bol bir ev tikdilər. Sənədləşmə işləri qısa vaxtda həll edildi, evə işıq, qaz xətti çəkildi. Evgördüyə ilk gedən də Mərkəzin işçiləri və könüllüləri oldular.
… Şəhərin yuxarı hissəsində bir ev var, özünəməxsus bir evi olacağını xəyal belə etməyən Cəmalənin evidi bu, arzuladığı kimi pəncərənin birini açanda çox sevdiyi dağları, o birini açanda isə ona isti qucağını açan İsmayıllını görür. Həyətdəki meyvə ağacları da bu il nübar məhsul verib, hər cür bostan bitkiləri də əkib yetişdirir, toyuq-cücə də saxlayır. Balaları dərs əlaçısıdırlar. Artıq ailənin kimsənin köməyinə ehtiyacı yoxdur. O iş də çoxdan bağlanıb, amma nə Cəmalənin Mərkəzə, nə də Mərkəzin Cəmaləgilə gedən yolunu qar, ot basmır. Bəs necə, heç övlad ata evindən, ata övlad ocağından gen qalarmı?!
İsmayıllı UADM

Şərh Yaz