Basqalın yeni inkişaf mərhələsi

İlin bütün fəsillərində gözəl, füsunkar və əsrarəngiz təbiətə malik, qədim tarixi olan Basqal qəsəbəsi 2015-ci ildə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu fikirlər İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsində yanvar ayının 8-də İƏD üzrə nümayəndənin 2015-ci ildə görülən işlərə dair keçirilən hesabat yığıncağında səslənib. 87 nəfər qəsəbə sakininin iştirakı ilə keçən yığıncaqda qəsəbənin təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin işçiləri də yer alıb.
Basqalın yeni inkişaf mərhələsi
Hesabat yığıncağında İsmayıllı rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iştirak edib.
Hesabat məruzəsi ilə çıxış edən RİH başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Novruz Əsədov yola salınan ildə görülən işlər barədə geniş məlumat verib. O, qeyd etdi ki, son illər ölkəmizdə müşahidə olunan hərtərəfli tərəqqi İsmayıllı rayonunu da əhatə edir. İsmayıllı rayonunda iqtisadi yüksəliş, sosial inkişaf son dövrlərin reallığına çevrilib. İsmayıllılar bu reallıqlara dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olublar. Prezident İlham Əliyev son 10 ildə İsmayıllıya dəfələrlə səfər edib. Bu müddətdə möhtərəm Prezident İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Ötən il Basqal qəsəbəsində də bir sıra işlər görülüb. Sevincə səbəb olan əsas hadisə Basqal qəsəbəsinin qazla təminatı olub.
Qəsəbə tam orta məktəbində hesabat ilində əsaslı təmir işləri aparılıb, məktəb binasının ətrafında bənd-bərkitmə işləri görülüb. Əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə 35 min kv-lıq Basqal hava xəttində 23 ədəd dayaq, 2,3 km. məftil dəyişdirilmişdir. Təzə elektrik transfarmatorları qoyulmuş və təmir işləri aparılmışdır.
Məruzəçi hesabat ilində qəsəbə sakinlərinin maliyyə dəstəyi hesabına içməli su təminatının yaxşılaşdırılmsından, bir subartezan quyusu qazılıb istifadəyə verilməsindən, Hacı Cəbi bulağının bərpa olunmasından söz açıb.
Təhsil və idman uğurlarından danışan natiq qəsəbənin yetirməsi Kamil Qafarovun Poverliftinq idman növü üzrə Latviyanın Riqa şəhərində və Portuqaliyanın Porto şəhərində keçirilən Avropa və Dünya çempionatlarında dəfələrlə qızıl medal qazanmasından danışıb.
Vətəndaşların ərizə, şikayət, təklif və şifahi müraciətlərinə baxılması Basqal qəsəbə İƏD üzrə nümayəndəliyin əsas vəzifələrindən biri olub. Nümayəndəlikdə həftənin I-V günləri “Qəbul günü” elan olunub. Hesabat dövründə vətəndaşlardan 8 yazılı, 85 şifahi müraciət, ərizə, şikayət və təklif daxil olub. Müraciətlərin böyük bir qismi sosial qayğılarla bağlı olub.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərə nümayəndəlikdə diqqətlə yanaşılıb. Problemlərin həll olunması başlıca məqsəd olub.
Basqal qəsəbə İƏD üzrə nümayəndəlikdə görülən işlərlə yanaşı bir sıra çatışmazlıqların olduğunu da bildirən məruzəçi, bu problemlərin həlli üçün əlaqədar təşkilatlara müraciət olunduğunu qeyd edib.
Məruzə ətrafında qəsəbə sakinlərindən A.Qafarov, Y.Ağayeva, A.Nağıyev, Ə.Xəlilov, S.Bağırov, R.Nağıyev və başqaları çıxış edərək tənqidi qeyd, arzu və təkliflərini söyləyiblər.
Sonda çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov qeyd edib ki, görülən işlər bir Basqal sakininin belə dövlətin diqqətindən kənarda qalmadığını göstərir. Rayonumuzun, onun qəsəbə və kəndlərinin inkişafını nəzərdə tutan layihələrin həyata keçməsi naminə fəaliyyət göstərmək vəzifə borcumuzdur.
Hesabat məruzəsi və çıxışlara münasibət bildirənlər Basqal qəsəbə İƏD üzrə nümayəndəliyin 2015-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirib. Tənqidi qeydlərin, daha yaxşı işləməyə köklənmiş təkliflərin İsmayıllı rayon İcra hakimiyyətinə məlumat şəklində çatdırılması qərara alınıb.
Kamran Məlikzadə,
Basqal qəsəbə tam orta məktəbinin müəllimi

Şərh Yaz