Peşə ixtisaslarının tədrisində yenilik

Azərbaycanda ilk dəfə İsmayıllı rayonunda fəaliyyət göstərən Peşə Tədris Mərkəzində modul proqramının tətbiqinə başlanılıb. Ənənəvi tədrisdən fərqlənən bu proqram vasitəsilə turizm sektorunda peşəkar kadrların hazırlanması həyata keçiriləcək. Son illər İsmayıllıda turizmin inkişafı üçün bir çox layihələr həyata keçirilib.
Yeni turizm infrastrukturun modernləşdirilməsi prosesində bu sektorda çalışacaq peşəkar kadrların hazırlanması da diqqətdən kənarda qalmır. Odur ki, İsmayıllı Peşə Tədris Mərkəzində ilk dəfə turizm agenti, mehmanxana inzibatçısı, aşpaz, barmen, bufetçi qruplarında modul proqramının tətbiqinə başlanılıb.
Bu proqram ənənəvi təhsildən fərqlənir. Modul proqramı ilə təhsil alan şagirdlər hər mərhələ başa çatdıqdan sonra yiyələndikləri biliklər üzrə imtahan edilir. Bu proqram imkan verir ki, şagirdlər öyrəndiklərini təcrübədə təkmilləşdirsinlər. Modul proqramı üzrə təhsil alan şagirdlərə kateqoriyalar üzrə diplomlar da veriləcək.
Qeyd edək ki, İsmayıllı Peşə Tədris Mərkəzi 2011-ci ildən fəaliyyət göstərir. Hazırda burada 240 şagird peşə ixtisasına yiyələnir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz