Yaddas kitabcasi

Mənəvi birliyə çağıran gün

Hər il olduğu kimi, yola saldığımız ildə də təqvimdə yer almış bayramları fərəhlə yaşadıq. Yeni ilin astanasında bu əlamətdar günlərdən, ictimai məna və məzmunu ilə fərqlənən bir bayram bizim üçün həmişəki kimi möhtəşəm olan 31 dekabr günü – tarixidir. Hər il onun gəlişi bir azərbaycanlı olaraq hamımızı yumruq kimi bir olmağa səfərbər edir.
Tarixi baxımdan hələ gənc olan bu əlamətdar bayram hər birimizin – dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların ürəkdən bağlı olduğu, sevərək qeyd etdiyi bir bayramdır. Bu bayramın daşıdığı böyük adda, onun mahiyyətində xalqımızın gücünü, birliyini, bütövlüyünü ifadə edən dərin bir məna var. Bu tarixin özü hər səslənişdə əzəmətli olduğunu yaddaşımızda təzələyir, bu bayram qəlbimizə bir qaynarlıq, doğmalıq gətirir. Sanki bütün azərbaycanlılar rəmzi mənada bir tonqalın ətrafında toplaşırlar, bu tonqalı isə bizim üçün çatan, dünya üzərinə səpələnmiş bütün azərbaycanlıları bir mənəvi birliyə, bütövlüyə səsləyən ulu öndər Heydər Əliyev olmuşdur. Biz hər il bu möhtəşəm bayramı qarşılayanda o böyük şəxsiyyəti minnətdarlıqla yad edir, həmin tarixi günün yarandığı, təsis olunduğu zamanı xatırlayırıq.
Hamımıza çox yaxşı məlumdur ki, 1991-ci ilin 16 dekabrından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təklif və təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birliyə, bütövlüyə çağırışını təcəssüm etdirən tarixi bir gündür. Bu bayram dünyanın hər yerində yaşayan milyonlarla azərbaycanlı arasında əməli, fikri əlaqələr qurmaq, onların birlik və həmrəyliyini bərqərar etməkdə əvəzsiz rol oynayır.
Artıq 24 ildir ki, biz bu günü bayram kimi qeyd edirik. İctimai həyatımızda böyük birliyə, gücə və anlayışa vüsətli təkan verən bu tarixi gün zaman-zaman öz məna dəyərini, tarixi qüdrətini artırır. Bu bayramın gücü, əhəmiyyəti həm də ondadır ki, gələcək nəsil onun məna və məramını, məqsədini anlayaraq öyrənəcək, bu milli-mənəvi, ictimai birliyin dəyərini dərk edəcəkdir. Bax elə bu səbəbdən də böyük amal ətrafında səfərbər olmağımız zəruridir. Bu səfərbərlik artıq bütün azərbaycanlıların mənəvi, mədəni ehtiyacına çevrilmişdir.
Elə bu bayram ovqatında sözümüzü bitirir, hər birinizə şəxsi həyatınızda və ictimai fəaliyyətinizdə davamlı uğurlar diləyirik. Yolunuz işıqlı olsun!
Mənəvi birliyə çağıran gün
Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz