Şaxta baba İsmayıllıda

Həmişə güvəndiyim dağları bu gəlişimdə o qədər də qarlı görmədim. Bu, xırda bir məsələdir. Dağların başı qarlı da olar, qarsız da. Əvvəla, balacadan böyüyə, hər birinizə salam olsun, əziz ismayıllılar! Meymun ilinin qapıları kəsdiyi bir ərəfədə, bu gözəl məkanı –“ Azərbaycanın mirvarisini gəzib-dolaşmaq, görülən işləri, yenilikləri əyani görmək, tarixə çevrilməkdə olan qoyun ilinin yeniliklərini ondan-bundan eşitməkdənsə, gəlib gözlərimlə görmək qərarına gəldim.
Şaxta baba İsmayıllıda
Bir il əvvəl gəldiyim yolla, Muğanlıdan keçərək gəldim. Diyallı kəndinin yaxınlığındakı Velosiped zavodunu bir dağa bənzətdim. Burada işin yekunlaşması üçün demək olar ki, bəzi tamamlama işləri qalıb. İnşallah, gələn il gələndə yəqin ki. zavodu var-gücü ilə işləyən görəcəyəm.
Şəhərin Şərq qapısında xeyli dayandım. Keçənilki görüntülərdən əsər-əlamət qalmamışdı. Hər yan nur içində idi. Gəzə-gəzə şəhərin girişindəki dördyol ayırıcına gəldim. Nizami küçəsinin yenidən qurulmasını, küçənin şimalında beşmərtəbəli binalarda tikinti işinin başa çatdırılmasını, ərazidə avtovağzalın tikilməsini, qala divarlarının çəkilməsini, küçənin gecə işıqlandırılmasını, ətrafın ürəkaçan səviyyədə abadlaşdırılıb, yaşıllaşdırılmasını görəndə nağıllar aləminə düşdüyümü zənn etdim.
Düzünü deyim ki, xoşum gəldi İsmayıllıdan. Keçən il qaranlıqda, palçıq içində keçdiyim küçələrin çoxundan rahatlıqla, işıq altında keçdim. Mübariz Orucov küçəsi boyunca əkilən sərv ağacları farağat komandasında dayanmış əsgərləri xatırlatdı mənə. Görülən işlər insan əməyindən, onun xarüqələr yaratmaq bacarığından söz açırdı. Az vaxtda gözəlliklər məkanında xeyli iş görülməsinin şahidi oldum. Bu qədər işin öhdəsindən gəlməyə görünür, əməlli-başlı əmək, qüvvə sərf olunub. İş görənin üzü ağ, başı uca, süfrəsi çörəkli olar. Əslində, düzgün və bacarıqlı rəhbərlikdən də çox şey asılıdır. Yaradan əllərə alqış dedim. Bu işləri çoxdan görmək lazım idi. Uğurlu başlanğıcın davamını seyr etmək üçün Mübariz Orucov küçəsi ilə bazar istiqamətinə doğru addımladım. Bazar önündəki ərazinin abadlaşdırılması məqsədi ilə burada “Saat meydanı” tikilir. Meydanın nümayiş olunan layihəsini diqqətlə nəzərdən keçirtdim. Layihənin gözəlliyinə söz ola bilməz. İnşallah, növbəti gəlişimdə yəqin ki, yolumu burdan salıb, ərazini, ətrafdakı sənətkarlıq emalatxanalarını görə biləcəm.
Şaxta baba İsmayıllıda
Bir qədər aralıda Yeni uşaq bağçasının tikintisinə baş çəkdim. Tikintidə işlər yekunlaşmaq üzrədir. Yəqin ki, təzə ildə şirin-şəkər nəvələrim buraya qədəm basacaqlar.
Qar qızsız, tək gəlmişdim. Ulu öndərin adını daşıyan meydanda oldum. Təbii yolkanın hündürlüyü diqqətimdən qaçmadı. Beləsini böyük şəhərlərdə, paytaxtlarda qururlar. Gecə lampaları, yolkanın rəngarəng işıqları göz qamaşdırırdı. Meydan boyu gəzişdikcə, yeni üslubda təmir olunmuş Mədəniyyət Sarayını, yanındakı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün tikilən gözəl inzibati binanı görəndə xeyli sevindim. Bir il əvvəl burada hələ tikinti işi gedirdi. Heydər Əliyev prospektinin gecə işıqlandırması da çox xoşuma gəldi. İnsanların doğma məkanda xarüqələr yaratmaq qüdrətində olduğuna bir daha əmin oldum. Görülən işdən gül iyi gəldiyini duydum.
Gecənin bir aləmində, şəhərin Mərkəzi parkını gəzəndə, gördüklərimdən, aldığım xoş təəssüratdan canıma bir rahatlıq, istilik gəldi. Asta-asta gəzdim və ətrafı seyr elədim. Bir neçə gün əvvəl açılışı edilmiş “Yaşıl market”ə gəldim. Bura gözəl bir məkandır. Xeyirli olsun dedim.
Olduğum ünvanlarda təmizlik diqqətimi çəkdi. Küçələrdə, parklarda yanan işıqlardan ürəyimə fərəh, heyranlıq yağdı. Gördüklərimi nəzmə çəkmək istədim…
Maraq üçün şəhərin mərkəzini, 2015-ci ilin yadigarı olan bəzi küçələri gəzdim. Küçələrin bir çoxunda gecə işıqlarının yanması, yolların təmirdən çıxması diqqətimdən yayınmadı. Fikirləşdim ki, digər küçələrin də təmir olunma vaxtı çatıb. Gecə olsa da, işlək küçələrin bir neçəsində, asfalt yolda əmələ gəlmiş çalaları da gördüm. Məncə, bu çalaları elə onları bərpa etməli olan idarənin rəhbərləri də görüblər. Dərhal fikirləşdim ki, yəqin havaların istilənməsini gözləyirlər ki, bu məsələni həll etsinlər.
İstədim işıqsız küçələrə də baş çəkim. Sonra fikirləşdim ki, onsuz da gecənin bu vaxtında, işıqsız küçələrdə mövcud mənzərələri görüb, müşahidə edə bilməyəcəyəm. Həm də işıqlı küçələrə, şəhərdə gedən quruculuq, abadlıq işlərini göz önünə gətirib fikirləşdim ki, meymun ilində də, yəqin digər küçələrə diqqət yetiriləcək. Axı Moskva da birdən-birə tikilməyib.
Şaxta baba İsmayıllıda
Meymun şən, maraqlı heyvandır. Gəzdikcə, düşündüm və yəqin ki, İsmayıllı sakinləri qarşıdan gələn ildə kifayət qədər şənlənə biləcəklər və maraqlı yaşayışla üzləşəcəklər. Kəndlərə qaz veriləcək, yollar abadlaşdırılacaq, yeni məktəb binaları, xəstəxanalar, tibb məntəqələri, mədəniyyət evləri, klublar, kitabxanalar tikiləcək.
Yolların abadlaşdırılması demişkən, İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolunun asfaltlaşdırması ardından Prezident İlham Əliyev İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan kəndlərinin asfaltlaşdırılması barədə sərəncamı icra olundu. Meymun ilində bu istiqamətdə yola çıxanlar razı qalacaq. Yeni istiqamətlər üzrə yeni işlərin başlanmasına təməl qoyulacaq. 2013-cü ildə fəaliyyətə başlamış İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin növbəti illərdə layihə əsasında gözəl tədris binası tikiləcək. Hələlik Kollec uyğunlaşdırılmış binaya köçürülüb. Velosiped zavodunun tikintisi davam etdirilib.
İsmayıllıda son ildə görülmüş işlər təkcə sadalananlar deyil. İsmayıllı Gənclər paytaxtı seçilib. İdmanda, təhsildə, mədəniyyətdə və digər sahələrdə sanballı uğurlar əldə edilib. Bakıda İsmayıllı günləri keçirilib. 103 min tondan artıq buğda istehsal olunub. Bir sıra istehsal müəssisələri tikilib. İstiyə o qədər məhəbbətim olmasa da bir ildə İsmayıllı rayonunda 50-dən artıq istixananın qurulması xəbərinə sevindim. Sevindim ki, rayonda bütün istiqamətlər üzrə inkişaf var.
Həyat davam edir. İnşallah, yaşayarıq və davamlı inkişafı, tərəqqini, İsmayıllının Azərbaycanın mirvarisi olması həqiqətini bir daha gözlərimizlə görərik.
Xülasə, demək olar ki, şəhəri küçəbəküçə, başdan ayağa, ayaqdan başa gəzdim. Təkcə şəhərin mərkəzini deyil, şəhərə qovuşdurulan Micanı, Qəzli və İsmayıllı kənd məhəllələrini də gözdən keçirtdim. Düzü, bu yaşayış sahələrini şəhərdən ayıran məsafə də yoxdur. Burada da qazın, suyun, işığın, yolun əhaliyə arzu olunan səviyyədə çatdırılmasında qarşıya çıxan məsələlərin həlli gündəmdədir.
Gördüklərimdən bu nəticəyə gəldim ki, rayon rəhbərliyi təkcə şəhər mərkəzində deyil, kəndlərdə də insanların rahat yaşamaları üçün hər cür şərait yaradılmasına səy göstərir. Lahıc qəsəbəsində icma bazarı tikilir. Basqal qəsəbəsi qazlaşdırılıb. Hazırda Qalacıq, İstisu, Г‡ayqovuşan, Sumağallı kəndlərinin mavi yanacaqla təminatı yekunlaşdırılır. İsmayıllının beynəlxalq mühitlə əlaqəsi gündən-günə inkişaf edir. Bu da onu göstərir ki, İsmayıllı qarşıya qoyulan məqsədləri layiqincə yerinə yetirməkdə davam edir və bu inkişaf yolunda sürət durmadan artır.
Ölkə rəhbəri İlham Əliyevin İsmayıllıya olan son iki səfəri, görülən işlərdən razılığı məni də bu cür düşünməyə sövq edir.
Şaxta baba İsmayıllıda
Açığını deyim ki, yorulmuşdum, dabanımdan “tər tökülürdü”. Səhərin açılmasına da bir şey qalmırdı. İstəyirdim toxtaqlıq tapmaq üçün özümü şəhərin şimalına çatdırım, həm tərim soyusun, həm də məktəbli balalar yuxudan durmamış çıxım qarşıdakı dağların zirvəsinə. Yolumu təzə məhəllələrdən saldım. Burada xeyli yeni üslubda tikilmiş yaşayış evləri gördüm. Bir neçə yerdə isə inşaası bu il başa çatdırılmış su anbarlarını gördüm. Fikirləşdim ki, əhalinin sudan korluğu olmaz daha.
Az getmiş, qarşıda bir nəfərin durduğunu gördüm. Sən demə, o məni mən onu görməmişdən əvvəl görübmüş. Yaxınlaşanda qollarını açıb üstümə gəldi. Xoş gördük səni, ay Şaxta baba! – deyib məni bağrına basdı. Özünü “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru kimi təqdim etdi. Allah razı olsun, məni evə dəvət elədi. Bivaxt olduğunu, həm də Qar qızsız gəldiyimi səbəb göstərib, getmək istədiyimi bildirdim. Daha üz vurmadı. Xahiş elədi ki, bir dəqiqə gözləyim. Gözlədim. Qapıdan içəri keçdi və bir göz qırpımında da qayıtdı. Gətirdiyi bağlamanı mənə uzadıb dedi ki, qəzetimizin 2015-ci ildə çıxan nömrələridir. Bu qəzetlərdə rayonun ictimai həyatında, iqtisadiyyat, təhsil, mədəniyyət, tikinti və digər vacib fəaliyyət sahələrində il ərzində qazanılan uğurlar öz geniş əksini tapıb. Qəzetin bu il üçün son nömrəsini də Yeni il axşamı İsmayıllıya gələndə verəcəyəm, – dedi.
– Ay pir olmuş, məni utandırdın. Əliboş gəlmişəm. Mən sənə hədiyyə verməkdən…
Gülüşdük. Bağlamanı aldım. Redaktor söz verdi ki, gəlişim barəsində qəzetində nəsə yazacaq. Öncədən təşəkkür elədim. Sağollaşdıq və mütləq, gələcəyəm, – dedim.
Həmişə xoş xəbərlərinizi eşidək, əziz ismayıllılar!
Hər birinizə xoş güzəran, salamatlıq arzulayıram!
Yeni iliniz mübarək!
Şaxta baba

Şərh Yaz