İsmayıllıda poeziya günü

24 dekabr günü rayonumuzun ictimaiyyəti üçün daha əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti, xalqımızın sevimlisi, ümummilli lider Heydər Əliyevin yadigarı olan cənab İlham Əliyevin ad günündə uzun illər rayonumuzda fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclis üzvlərinin rayon ictimaiyyəti ilə görüşü keçirildi.
İsmayıllıda poeziya günü
İsmayıllıda poeziya günü
Yüksək təntənə, dolğun məzmunu ilə fərqlənən tədbir Rayon Mədəniyyət Mərkəzində reallaşdı. Musiqili ədəbi-bədii görüşdə RİH-nin başçısı Mirdaməd Sadıqov, vaxtı ilə şəhər 3 nömrəli orta məktəbinin məzunları olmuş tanınmış şair Maarif Soltan, hüquq elmləri üzrə fəlsəfə doktoru Simran Həsənov, qonaq qismində şair Tofiq Nurəli, Ağacəfər Həsənli, bədii qiraətçi Tahirə Ağasıyeva, “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” ədəbi ictimai birliyinin üzvləri, ziyalılar, gənclər, ağsaqqallar, ictimaiyyətin nümayəndələri və digər poeziyasevərlər toplanmışdılar.
Foyedə məclis üzvlərinin nəşr olunmuş kitablarından ibarət sərgi də təşkil olunmuşdu.
Tədbirdə RİH-nin başçısı M.Sadıqov çıxış edərək qeyd etdi ki, bədii sözün qüdrəti tarixlər boyu yaşamış, yaşayır və yaşayacaqdır. Ümummilli lider Heydər Əliyev elm və sənət adamlarına, şair və yazıçılarımıza həmişə yüksək qiymət vermiş, onlar üçün yüksək yaradıcılıq imkanları yaratmışdır. Ölkə rəhbəri cənab İlham Əliyev də ölkəmizdə iqtisadi inkişafla yanaşı mənəvi quruculuğa da böyük diqqət və qayğı göstərir. Şair və yazıçılarımızın sosial həyatının yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişlənməsi üçün onlara sonsuz qayğı göstərir.
Rayon rəhbəri daha sonra qeyd etdi ki, bu gün Prezidentimizin ad günüdür. Cənab Prezidenti bütün İsmayıllı ictimaiyyəti adından təbrik edir, ona can sağlığı, çətin, sərfəli və məsuliyyətli işində uğurlar arzulayırıq!
Tədbirdə qonaqlar və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri çıxış edərək şerlərini söylədilər. Musiqi ilə müşayiət olunan ədəbi-bədii görüşdə müğənnilərdən Sahibə Abdullayeva, Qalib Gülalıyev, Rövşən Teyyubov, Bəhruz Haşımov, İntiqam İbrahimov şair Musa Yaqub və Baba Vəziroğlunun şerlərinə bəstələnmiş mahnılar ifa etdilər.
Sonda “Dağ çiçəkləri” ədəbi məclisinin bir qrup fəal üzvü RİH başçısı tərəfindən mükafatlandırıldı. Ədəbi dərnəyin fəal üzvü, müəllim Hacıməmməd Məmmədov 65 yaşının tamam olması münasibəti ilə rayon rəhbərliyi tərəfindən təltif olundu. “Dağ çiçəkləri” ədəbi dərnək üzvləri ilə görüş xoş bir ovqatla sona yetdi.
Murad Məhərrəmov

Şərh Yaz