Maarifləndirmə tədbirləri aparılır

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, onların təhlükəsizliyi və nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də insan alverinə qarşı mübarizənin səmərəli həyata keçirilməsinin – xalqların ümumi rifahına və inkişafına nail olmaqda, təhlükəsizliyin təmin edilməsində zəruriliyini dəfələrlə vurğulamışdır. Həmin zərurətdən irəli gəlir ki, bu gün ölkəmizdə adı çəkilən mövzu ilə əlaqədar mütəmadi maarifləndirmə tədbirləri aparılır.
Mövzu ilə əlaqədar dekabr ayının 20-də Qızıl Aypara Cəmiyyətinin İsmayıllı rayon bölməsi tərəfindən, İsmayıllı rayonunun Təzəkənd kənd tam orta məktəbində şagird və müəllim kollektivinin iştirakı ilə seminar keçirilib.
Tədbir Təzəkənd kənd tam orta məktəbinin “Ən yaxşı ümumtəhsil məktəbi” adını qazanması xəbərinin yayıldığı günə təsadüf edib. Bu münasibətlə QAC İsmayıllı bölməsinin əməkdaşları məktəb rəhbərliyini, müəllim və şagird kollektivini təbrik edib, onlara çətin və şərəfli peşələrində davamlı uğurlar diləyiblər. Seminarda QAC-nin əməkdaşları və könüllü Elnarə Qasımova insan alverinin bəşəri bəla olduğundan bəhs edib. Aparılan diskussiya zamanı şagirdlərin fəallığı diqqəti cəlb edib. Ümumi müzakirələrdə insan alverinə qarşı mübarizə tədbirlərindən bəhs edilib.
Sonda məktəblilərə məlumatları əks etdirən bukletlər paylanıb.
Esmira Ağayeva
Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayon bölməsinin əməkdaşı

Şərh Yaz