Müəllim

İnsanla həmyaşdır, ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir müəllim ömrü.
Musa Yaqub
Bu yazını çoxdan yazmaq istəyirdim. Yazmadım, gözlədim. Gözlədim ki, məndən qabaq haqqı , borcu olan kimsə yazacaq. Müəllimin vəfatından 40 gün keçdi və yenə heç kimdən bir səs-soraq çıxmadı.
Müəllim
Onun şagirdlərindən, keçmiş iş yoldaşlarından, nəhayət, heç olmazsa, Müdri kənd tam orta məktəbinin müəllimlərindən kimsə yazmalıydı. Ən azından Məmmədəli müəllim haqqında bir nekroloq da varsa yazılmalıydı. Nədənsə, yazılmadı. Bəzən bu cür laqeydliyimizə haqq qazandırmaq üçün çeşidli bəhanələr də tapırıq. Heç şübhəsiz, kimlərisə unudanda bizi də unudacaqlar. Ola bilər ki, bu yazıda müəllimi, onun həyat və fəaliyyətini tam əhatə edə bilməyim. Г‡ünki, mən də Müdridən uşaq vaxtı çıxmışam.
Bu qənaətdəyəm ki, Məmmədəli müəllim, Qaranohurdan yuxarı kəndlərdə yaşayan və ya o kəndlərlə bağlı olan insanların xatirəsində canıyanan, xeyirxah, gülərüz siması ilə qalacaqdır. Baxmayaraq ki, mənə dərs deməmişdi, o, mənə görə, sözün həqiqi mənasında müəllim idi. İnsan kimi canıyananlığı, məmur kimi sadəliyi, ağsaqqal kimi təmkini ilə müəllim idi mənim üçün.
Yadıma gələndən Müdri kəndində Xalq Deputatları Sovetinin sədri, müstəqillik illərində isə rayon İcra Hakimiyyətinin başçısının Müdri inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışıb. Onunla ünsiyyətdə olanlar təsdiq edər ki, müəllim hər kəslə öz dilində danışa bilən nadir insanlardan idi. Uşaqla uşaq, gənclə gənc, ahılla ahıl kimi rəftar edərdi.
Sovetlərdə kollektivləşmənin başa çatdığı, represiyaların başladığı zamanda, yəni 1936–“cı ildə Müdri kəndində İmaməli kişi və Mina xalanın ailəsində dünyaya göz açmışdı. İki qardaş idilər. Özündən 3 yaş balaca olan qardaşı Əli ilə dövrün kənd uşaqları kimi böyüməkdə idilər. İkinci cahan müharibəsi onları atasız qoydu. Uşaqlıqdan yetim qalmaları onları təkcə qardaş deyil, həm də dost, sirdaş, arxa-dayaq kimi biri-birinə bağlamışdı. Yaxından tanıyanlar təsdiq edər ki, onlar kimi tək-tük mehriban qardaş olub yer üzündə. Bəlkə də elə bu bağlılıqdan idi ki, ölümləri də ard-arda oldu. Qardaşı Əlinin ölümünə cəmi on iki gün tab gətirə bildi, Məmmədəli müəllim. Tanıyanlar ona Əli dayı deyə müraciət edirdi. O Əli dayı ki, hər bir müdrilinin evində, təsərrüfatında sənətkarlığından, ustalığından bir nişanə var.
Müəllimin gəncliyini xatırlayanlar onun dinamik, qaynar, romantikliyindən danışarlar. Lap uşaqlıqda evimizdə danışılırdı ki, kəndin müəllimləri 60-cı illərin əvvəllərində Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasını səhnələşdirmişdilər. Kənd sakinləri və məktəb kollektivinin iştirakı ilə səhnələşdirilmiş bu tamaşada Məşədi İbad rolunu Məmmədmirzə müəllim, Rüstəm bəy rolunu Rəsul müəllim, qoçu Əsgəri Əli dayı, intellegent Həsəni Əhmədxan kişi, hambal rolunu İspərxan dayı və sairə oynamışdılar. Həmin tamaşada ən romantik personajın – Sərvərin rolunu Məmmədəli müəllim canlandırmışdır. Nədənsə, lap uşaqlıqdan televizorda “O olmasın, bu olsun” göstəriləndə təsəvvürümdə müəllimin “Sərvər”i canlanardı.
O, ilk təhsilini Müdri kənd yeddiillik məktəbində almışdı. Amma oxumaq, təhsilini davam etdirmək həvəsinin qarşısını heç yetimliyi də ala bilməmişdi. Əvvəlcə Lahıc qəsəbə orta məktəbini bitirdi. Yeri gəlmişkən, ömür-gün yoldaşı Münəvvər xanımla da elə Lahıcda əhdi-peyman bağlamışdı. Bu həqiqi sevgi ömrünün axırına kimi də onu tərk etmədi.
Daha sonra, 1953-cü ildə ozamankı Nuxada, Şəki Müəllimlər İnstitutuna (2 illik) daxil olur. Təhsilini bitirdiyi ildən Müdri kənd yeddiillik məktəbində fizika müəllimi kimi fəaliyyətə başlayır. Bu illər ərzində yüzlərlə şagirdə fizika və riyaziyyat elmlərini coşqun həvəslə tədris edərək sevdirmişdi, Məmmədəli müəllim.
O, 2 illik müəllimlər institutunun bilikləri ilə kifayətlənməyib, Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olur, oranı müvəffəqiyyətlə başa vurur. Təbii ki, onun çalışqanlığı, aktivliyi ovaxtkı Rayon Xalq Maarif Şöbəsi rəhbərliyinin diqqətindən yayınmır. 1965-ci ildə Müdri kənd səkkiz illik məktəbinə direktor vəzifəsinə təyin edilir. Onun məktəb direktoru kimi önəmli işlərindən biri isə heç şübhəsiz ki, yeni məktəb binasının tikintisinə təşəbbüs göstərməsi və ona başlaması idi. Mən də birinci sinfə həmin təzə məktəbə getmişəm. Onun direktor olduğu illərdə Müdri kənd məktəbində yeni nəfəs, yeni ab-hava mövcud idi.
22 illik müəllimlik fəaliyyətindən sonra ona daha bir etimad göstərilir. 1977-ci ildə Müdri kənd xalq deputatları sovetinə sədr seçilir. Sovetlər dağılana qədər, 1991-ci ilə kimi bu vəzifədə işləyir. Sonra bu strukturun adı və funksiyaları dəyişdirilərək İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyə çevriləndə, Məmmədəli müəllim nümayəndə vəzifəsinə təyin olunur. Təqaüdə çıxana qədər bu vəzifədə çalışır. Hər zaman olduğu kimi, qüsursuz fəaliyyəti ilə nümunə olur.
Müəllimin özəlliklərindən biri də o idi ki, ərazidə baş verən hər hansı məişət və ya başqa anlaşılmazlıqları hüquq-mühafizə orqanlarının iştirakı olmadan həll etməyə çalışardı və çox vaxt da buna nail olardı. Təbii ki, bu da təmkin, səbir, ağsaqqallıq tələb edirdi.
Mənə elə gəlir ki, biz uşaq olanda, Müdridə qış çox sərt keçirdi. Kəndimizin içməli suyu 5-6 kilometr məsafədən, saxsı və dəmir borularla çəkilmişdir. Sərt qış fəslində bu borular bəzi yerlərdə buz bağlayaraq sıradan çıxardı. Kənd sovet sədri olan müəllim qabağa düşərək, külüngünü çiyninə atar, kənd sakinlərini də səsləyib su xəttini təmir etməyə gedərdi.
O zaman fikirləşirdim ki, görəsən, müəllim olmazsa, soyuq qışda bu kəndin su problemi neçə çözüləcəkdir? Məmmədəli müəllimin zəhmətkeşliyi, çalışqanlığı onu tanıyan hər bir kəsə məlumdur. Təqaüdə çıxdıqdan sonra da, ömrünün axırına kimi şəxsi təsərrüfatında gənclik şövqü ilə çalışırdı.
Məmmədəli müəllimin ailə sarıdan da bəxti gətirmişdi. Dərin məhəbbətlə sevdiyi Münəvvər xala ilə, nümunə olacaq bir mehribanlıqla, altmış ilə yaxın birgə yaşadılar. Onların ocağında səkkiz övlad doğulub, boya-başa çatmışdır. Müəllimin övladları ilə bağlı nigarançılığı yox idi. Bəlkə də onun 79 il yaşamasının əsas səbəblərindən biri Münəvvər xala idisə, digər səbəb övladlarının ona olan sevgisi, fərəhi idi.
Bu payız Müdri kəndi üçün pis, amansız gəlmişdir. On iki gün ərzində bu balaca kənddə əvvəlcə Əli dayı, sonra onun bacanağı Səxavət, nəhayət, Məmmədəli müəllim dünyasını dəyişdi. Balacalaşmaqda olan kənd bir az da balacalaşdı. Sanki müəllim özünü ölümün qabağına atdı ki, daha heç kimə dəyməsin. Belə insanların ölümü elin, obanın boşalması deməkdir. Allah elimizi, obamızı hifz etsin.
Yazımı görkəmli şairimiz Musa Yaqubun “Müəllim ömrü” şeirindən bir bəndlə başlamışdım. Məmmədəli müəllim haqqındakı bu yazını elə böyük şairin “Payz duyğuları” şeirindən bu misralarla yekunlaşdırıram.
Г‡ox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz,
Yenə də bir yarpaq gen düşdü bizdən.
Müəllim
İslam

Şərh Yaz