Sovxoz direktorunun xatirələri

– Heydər Əliyevin İsmayıllı səfərləri indi də yaşlı nəslin nümayəndələrinin hafizəsində xoş bir xatirə kimi yaşayır. Səfərlər zamanı Heydər Əliyevin verdiyi məsləhətlər rayonun sosial-iqtisadi həyatında çox böyük keyfiyyət dəyişikliyinə səbəb olurdu. İsmayıllı rayonunun şərq qapısı sayılan Gəraybəyli kəndi vaxtı ilə bu yolun üstündə olan ilk yaşayış məntəqələrindən biri idi.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən tez-tez Azərbaycanın müxtəlif rayonlarına səfər edər, kənd zəhmətkeşləri ilə görüşərdi. Bu böyük nüfuz sahibinin İsmayıllı rayonuna səfəri, zəhmətkeşlərlə görüşü vətən və xalq qarşısında xidmətlərinin şərəfli səhifəsidir.
Sovxoz direktorunun xatirələri
Rəhbərlik etdiyim “Rusiya” üzümçülük sovxozunun zəhmətkeşləri ilə Heydər Əliyev cənablarının 1981-ci ildə görüşü Gəraybəyli kəndinin zəhmətkeşlərində böyük ruh yüksəkliyinə səbəb oldu. Belə ki, Heydər Əliyev zəhmətkeşlərin sorğusuna xüsusi diqqət yetirərək ehtiyacları ilə dərindən maraqlandı və kəndimizin qaz, su, yol və başqa məişət şəraitinin yaxşılaşdırılması barədə rayon və respublika rəhbərlərinə lazımi göstərişlər verdi. Elə 1981-ci ildən kəndimizə qaz verilmiş, su çəkilmiş, kənd yolları abadlaşdırılmış, həmçinin yeni bir küçə salınmış, 20-dən artıq yeni fərdi ev tikilərək əməkçilərin istifadəsinə verilmişdir.
Gəraybəyli kəndinin sakinləri hal-hazırda yayın qızmar günlərində istifadə etdikləri bulaq suyuna görə hər zaman xalqın qayğısını çəkmiş rəhbərə minnətdardırlar.
Kəndimizin əməkçiləri adından əziz qonağımız Heydər Əliyev cənablarına müraciət edərək dedim:
-Yoldaş Əliyev, təsərrüfatımızda olmağınız, əmək adamları ilə işgüzar söhbət etməyiniz bizi daha yüksək hünərlərə səsləyir. Biz dövlətə 1500 ton üzüm satmağı planlaşdırmışdıq, indi isə söz veririk ki, bu rəqəmi 2000 tona çatdırmaq, hər inəkdən 2200 litr süd sağmaq, dövlətə satılan hər baş qara malın diri çəkisini 340-350 kiloqrama çatdırmaq üçün daha əzmlə çalışacağıq.
Biz götürdüyümüz öhdəliklərə, qayğıkeş rəhbərimizə verdiyimiz sözə əməl etdik, planı artıqlaması ilə yerinə yetirdik.
Hər zaman ulu öndərimiz Heydər Əliyevlə fəxr etmişik. Hal-hazırda da xalqımız belə gözəl yaşayış üçün dahi şəxsiyyətə minnətdardır. Ulu öndərin ruhu qarşısında baş əyirik.
Qumru İsmayılova

Şərh Yaz