İşıqlı ömür, işıqlı xatirələr

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu fikrin müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Sözsüz ki, təhsil və biliyin inkişafına arxalanmayan cəmiyyət, iqtisadi inkişafa nail ola və çiçəklənə bilməz. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, biliyə və yüksək mədəniyyətə malik olmaq hər şeydən önəmlidir. Ölkəni idarə etdiyi dövrdə Heydər Əliyev təhsilin inkişafına həmişə xüsusi önəm verirdi. Ümummilli liderin uzaqgörən siyasəti təhsil sahəsinə investisiya yatırılmasına və qayğının göstərilməsinə yönəltmişdi.
Azərbaycan KP MK-nın I katibi vəzifəsinə təyin olunduğu müddətdən başlayaraq Heydər Əliyev bütün fəaliyyəti ərzində təhsilə xüsusi önəm vermişdir. Elə bu səbəbdəndir ki, onun təşəbbüsü və rəhbərliyi ilə azərbaycanlı gənclər SSRİ-nin müxtəlif şəhərlərində nüfuzlu ali məktəblərə qəbul olmuş, yüksək səviyyəli mütəxəssislər kimi, Azərbaycana qayıtmış, göstərilən qayğı nəticəsində öz bilik və bacarıqlarını gənc nəslə aşılamışlar. Heydər Əliyev azərbaycanlı tələbələrin xaricdə təhsil alaraq vətənə dönüb əldə etdikləri bilikləri burada daha da təkmilləşdirəcəklərinə, yeni nəslin daha savadlı, daha bilgili böyüyəcəyinə tam əminliklə və ürəkdən inanırdı. Bu isə öz növbəsində, cəmiyyətin gələcəyinə qayğı göstərmək və investisiya yatırmaq kimi böyük əhəmiyyət kəsb edirdi.
Təsadüfi deyil ki, 1969-1982-ci illərdə Azərbaycanda çox güclü intellektual və elmi potensial formalaşaraq yayılırdı. Azərbaycan nəinki iqtisadiyyatda, kənd təsərrüfatında inkişafa nail olmağı bacarırdı, eyni zamanda elmdə, təhsildə sürətlə inkişaf edərək, postsovet məkanının digər xalqlarını geridə qoyurdu. Həmçinin müstəqilliyimizin ilk illərində ümummilli lider təhsilin inkişafı yolunda bir sıra islahatlar həyata keçirmişdi. 1998-ci ildə təhsilin inkişafı ilə bağlı mühüm layihələri həyata keçirmək məqsədilə Dövlət Komissiyasının yaradılması, 1999-2000-ci illəri əhatə edən təhsil sisteminin əsaslı şəkildə yenidən qurulması haqqında fərmanların imzalanması da bu məqsədə xidmət edirdi.
Qarşılaşdığı problemlərlə tanış olub onun qısa zaman kəsiyində həllini tapmasına səy göstərməsi ulu öndər Heydər Əliyevi digərlərindən fərqləndirən ən başlıca xüsusiyyət idi. Ulu öndər ən ucqar dağ kəndlərində böyükdən tutmuş kiçiyinədək hər bir vətəndaşın oxuyub savadlanmasının, elm sahibi olmasının tərəfdarı idi. Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin Azərbaycanın dilbər guşələrindən biri kimi tanınan İsmayıllı rayonuna səfəri elm, təhsil sahəsində də böyük irəliləyişlərə səbəb olmuşdu. Rayon ziyalıları, kənd zəhmətkeşləri ilə səmimi söhbətlər aparan ulu öndər onların qarşılaşdıqları problemlər ilə yanaşı, ən ucqar dağ kəndlərində də elmin, təhsilin inkişafına da xüsusi önəm verir, bu məsələnin qısa zaman çərçivəsində həllinə çalışırdı. O zamanlar ulu öndər Heydər Əliyevlə görüşmək şərəfinə nail olmuş rus dili müəllimi Turə Əsgərova həmin günləri çox gözəl xatırlayır, dahi şəxsiyyətin verdiyi öyüd-nəsihətləri indi də unutmadığını, müəllimlik peşəsinə, müəllim adına necə hörmətlə yanaşdığını göz önünə gətirirdi. Həmin günlərin canlı xatirəsi olan şəkil albomunu vərəqlədikcə gənc bir müəllim kimi dahi insanın kənd zəhmətkeşləri ilə söhbətlərini, mehriban ünsiyyətini heç bir zaman unutmadığını və bu günləri böyük fərəh hissi ilə nəvələrinə danışdığını qeyd edirdi:
– “Ulu öndər Xəlilli kəndinə gəlmişdi, mənim institutu bitirməyimlə Heydər Əliyevin Xəlilli kəndinə səfəri eyni vaxta təsadüf edirdi. Mənimlə yanaşı iki bacım və qardaşım da ali təhsil almışdı, ziyalı bir ailə kimi tanınırdıq. Eşidəndə ki, dahi şəxsiyyət Heydər Əliyev kənd zəhmətkeşləri ilə görüşə gəlir, böyük fərəh hissi keçirdim. Ulu öndərlə görüşməyi çox arzulayırdım. Kənd zəhmətkeşləri ilə görüş zamanı mən də orada idim, ulu öndər məni də təbrik etdi, anamın və digər kənd zəhmətkeşlərinin yorulmaz əməyi sayəsində əldə etdikləri məhsuldarlığı yüksək qiymətləndirdi. Eyni zamanda mənim gənc bir müəllim olduğumu biləndə ürəkdən sevindi, müəllimlik sənətinin hər bir sənətin zirvəsində durduğunu bildirdi, mənə işimdə uğurlar arzuladı, öz tövsiyələrini verdi. İndiki kimi yadımdadır. O, bizim hansı çətinliyimizin olduğunu soruşduqda biz hər şeyin yaxşı olduğunu bildirdik, lakin təbii ki, bu cavablar onu qane etmədi və özü sual verməyə başladı. İlk sualları kənddə hamamın, qazın, suyun, asfalt yolların olması haqqında idi. Cavablar “yox” olduqda o, yarızarafat-yarıciddi şəkildə:
– Bəs hər şey yaxşıdı, hər şeyimiz var, – deyirsiniz. Amma nə soruşuram heç bir şey yoxdu?!
Bu məsələlərə baxan lazımı şəxslərə iradını bildirdikdən sonra, kənd camaatı ilə deyib-gülməyi də unutmadı. Həmin ili çox keçmədi ki, onun tapşırığı ilə kəndimizdə hamam tikildi, evlərə qaz və su çəkildi, asfalt yollar salındı.
Mən bu səbəbdən indi də çox xoşbəxtəm ki, elə bir insanla görüşüb söhbət etmiş, dəyərli fikirlərini dinləmişəm”.
Həqiqətən, çox doğru buyurublar ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir –“ məhz ulu öndər Heydər Əliyev də belə şəxslərdən biri idi və əbədi olaraq xalqına işıqlı bir gələcək bəxş edərək xatirələrdə qaldı.
Qumru İsmayılova

Şərh Yaz