Ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı

Bir neçə gün əvvəl Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən üzv təşkilatlar arasında keçirilən “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Ən yaxşı ilk həmkarlar ittifaqı  təşkilatı
Tədbiri ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev açaraq müsabiqə ilə bağlı mərasim iştirakçılarına məlumat vermişdir. Demişdir ki, dövlətimiz tərəfindən həmkarlar ittifaqı təşkilatlarının normal fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradılmışdır. Biz yaradılmış bu imkandan səmərəli şəkildə yararlanmalı və həmkarlar ittifaqı təşkilatları olaraq dövlətimizin sosial-iqtisadi siyasətinə öz dəstəyimizi verməliyik. Bunu üçün hər birimiz üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməliyik.
Heç kimə sirr deyil ki, həmkarlar ittifaqının gücü onun ilk təşkilatlarının fəaliyyəti ilə müəyyən edilir. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri də ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. Elə ona görə də hər il istər AHİK, istərsə də ayrı-ayrı sahə həmkarlar ittifaqı mərkəzləri tərəfindən müxtəlif addımlar atılır, ilk təşkilatların stimullaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biridə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuş “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsinin keçirilməsi olmuşdur.
Müsabiqənin keçirilməsində əsas məqsəd ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi və onun mənafeyinin qorunmasını daha yaxşı təşkil edən ilk həmkarlar ittifaqı komitələrini müəyyən etmək və onlar arasında sağlam rəqabət mühiti yaratmaqdır. Bu müsabiqə həmçinin qabaqcıl təcrübəni geniş yaymaq, TİAHİ-nin üzv təşkilatları arasında birliyi və icra intizamını gücləndirmək, ilk təşkilatların apardığı işləri təhlil etmək və onlara praktiki köməklik göstərmək məqsədi daşıyır.
İndiyə qədər bu müsabiqənin Respublika turunda 165 ilk həmkarlar ittifaqı təşkilatı iştirak etmiş, builki müsabiqədə 10 təşkilat qalib elan olunmuşdur. Sevindirici hal o olmuşdur ki, Respublika üzrə 10 qalib təşkilatın birincisi də İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb həmkarlar ittifaqı komitəsi olmuşdur. Məktəb həmkarlar ittifaqı ilk təşkilatı “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqənin rayon və Respublika turunda uğurla çıxış edərək qalib adını almışdır.
İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Dilbər Yəhyayevə ATİAHİ Respublika Komitəsi tərəfindən diplom və 500 manat həcmində “Notbuk” kompyuteri ilə mükafatlandırılmışdır. Məktəb ilk həmkarlar ittifaqı komitəsini, onun bütün ittifaq üzvlərini bu qələbə münasibətilə bütün təhsil işçiləri adından səmimi qəlbdən təbrik edirik və onlara təhsil sahəsində, həmkarlar işində daha böyük uğurlar qazanmağı arzulayırıq.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK-nin sədri

Şərh Yaz