Yeni rubrika: “Sual-cavab” Vəsiyyətnamə üzrə vərəsəlik nədir və necə müəyyən olunur?

Ötən sayımızda qeyd etdiyimiz kimi, ölmüş şəxsin əmlakının başqa şəxslərə keçməsi qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Bu dəfəki sayımızda sizi vəsiyyət üzrə vərəsəlik haqqında məlumatlandırmaq istərdik. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilər.
Yeni rubrika: “Sual-cavab”  Vəsiyyətnamə üzrə vərəsəlik nədir və necə müəyyən olunur?
Bildiyimiz kimi miras ancaq fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Vəsiyyət üzrə vərəsəlik zamanı fiziki şəxsin ölməsi halı üçün öz əmlakının və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən şəxs vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs olmalıdır və vəsiyyətnamə şəxsən vəsiyyət edən tərəfindən tərtib edilməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibi yolverilməzdir. Yalnız ər və arvadın qarşılıqlı vərəsəlik haqqında vəsiyyətnamə tərtib etmək hüququ vardır. Bu vəsiyyətnamə ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.
Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş olmazsa, miras vərəsələr arasında bərabər bölüşdürülməlidir. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilərsə, lakin vəsiyyətnamədə bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər qaydada almaq hüququna malikdirlər. Vəsiyyənamədə bir neçə vərəsə təyin edilərsə və birinə təyin edilmiş pay mirasın hamısını təşkil edirsə, bu zaman vəsiyyət üzrə bütün vərəsələr bərabər pay almalıdır.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik tətbiq edilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid oluna bilər. Vəsiyyət edən şəxs qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da qanun üzrə vərəsə ola bilməz.
Onu da qeyd etmək lazımdır ki, vəsiyyətnamə yazılı formada tərtib olunmalı və notarial formada təsdiq olunmalıdır. Notarial təsdiq zamanı vəsiyyətnaməni yazan şəxs vəsiyyətnaməni özü tərtib etməli, imzalamalıdır. Natariusun olmadığı yerlərdə isə, yerli icra hakimiyyəti orqanı (yerli icra nümayəndələri) tərəfindən təsdiq yetərli hesab olunur.
Cavablandırdı:
Lətifə Abbasova,
“R Legal Consultation” MMC-nin direktoru

Şərh Yaz