Gənc nəslin qüvvəsinə inam

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Ulu öndər Partiyanın fəaliyyətini daim diqqətdə saxlayırdı.
Gənc nəslin qüvvəsinə inam
“Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” deyən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti dövlətimizin prioritet sahələrinin inkişafına hesablanan əsas siyasi istiqamətlərdən biridir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, azərbaycançılıq, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur.
Gənclərə ilk gündən sadiq qalan, onların bacarıqlarına güvənən, onlara etibar edən ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafına dövlət dəstəyini artırmışdı. Gəncləri təşkilatlandıran, onlara həlledici qüvvə kimi baxan Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan etmişdir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclər siyasətinin həyata keçirilməsində mühüm şərait yaratmışdır. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi gənclərə Ulu öndərin göstərdiyi böyük qayğının bariz nümunəsi idi.
Bu siyasətin uğurla həyata keçirilməsi möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə gənclərə dövlət qayğısı və diqqəti ildən-ilə artır, nəticələri də uğurlu olur. Regionlarda “Gənclər evi”nin tikilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların potensialının üzə çıxarılması ilə yanaşı, gənclərə göstərilən dövlət qayğısını özündə təcəssüm etdirir. Elə bunun nəticəsidir ki, ölkə gəncləri artıq yüksək intellektə, biliyə yiyələnirlər. Onlarda vətənpərvərlik hisləri daha qabarıq üzə çıxır. Dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər.
Bildiyimiz kimi bu il İsmayıllı “Azərbaycanın gənclər Paytaxtı” seçilmişdir. Bu bir daha onu göstərdi ki, İsmayıllı gəncləri ulu öndər H.Əliyevin əsasını qoyduğu və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti bəyənir, onun ideyaları ətrafında sıx birləşməyi bacarır. Azərbaycan gəncliyinin növbəti beşillikdə inkişaf Strategiyası qəbul edilmiş, gəncliyimizin inkişaf hədəfləri müəyyən olunmuşdur.
Prezidentimiz cənab İlham Əliyev gənclərə göstərilən qayğının ölkənin gələcəyinə xidmət edəcəyini bildirərək demişdir: “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra bütün idarəçilik sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə də gələcək fəaliyyət üçün hazır olsunlar”.
Bu fikri rəhbər tutaraq gənclərimiz bu gün məsul vəzifələrə cəlb edilir, onlara etibar edilir, dövlətin idarəetmə sistemində irəli çəkilir. Eyni zamanda gənclərimiz seçkili orqanlarda da fəallıq nümayiş etdirirlər. 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı gənclərimiz parlaq qələbə qazanmışdır. Seçilən üzv və sədrlərin əksəriyyətini YAP üzvləri olan gənclər təşkil edir. Bu göstəriciləri əvvəlki illərlə müqayisə etdikdə müsbət irəliləyişlər diqqəti cəlb edir. Bütün bunlar bir daha gənclərimizin rayonun ictimai-siyasi həyatında fəallığının artdığını təsdiqləyir.
Gənclərin ən fəalları Yeni Azərbaycan Partiyası Gənclər birliyində birləşmişdi. Ölkə həyatının yeniləşməsində, ideoloji və siyasi işin keyfiyyətcə yaxşılaşmasında yerlərdə yaranan gənclər birlikləri əhəmiyyətli rol oynayırdı. İllər keçdikcə YAP gənclər birliyi fəaliyyətini tam təkmilləşdirməklə cənab prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının Gənclər Birliyi fəaliyyətində məhz Ümummilli liderimizin müəyyən etdiyi yüksəliş yollarına, cənab Prezidentimizin etimad və etibarına əsaslanır.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının 7935 nəfər üzvü vardır. Onların 3187 nəfərini gənclər təşkil edir. Yaxın vaxtlara qədər bu say tərkibini daha çox hesabatlarda görürdük. İndi isə hər bir fəaliyyət istiqamətlərində gənclərin fəallığının şahidi oluruq. Gəncləri iş başında, yeni-yeni layihələrin hazırlanması və icrasında görürük. Gənclərin böyük əksəriyyəti təhsil sistemində cəmləşib. Bu sahəyə diqqətin artması təhsilin keyfiyyətcə yüksəlməsinə səbəb olur. Məzunların hər bir müvəffəqiyyətinin təqdir olunması, mükafatlarla diqqətdə saxlanması gənclərin fəallığı üçün böyük stimul olur.
Fikirlərimi cənab Prezidentin V Qurultaydakı nitqi ilə yekunlaşdırmaq istərdim: “Mənim bir məqsədim, bir amalım vardır. Bu güclü Azərbaycan dövlətidir. Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifəmdir”.
Bu hər bir Azərbaycan vətəndaşının –“ gəncinin başlıca amalı olmalıdır. Hər birimiz bu amal uğrunda birləşərək ölkə başçımızın yürütdüyü uğurlu siyasəti dəstəkləməli və dövlətçiliyimizin çiçəklənməsi yolunda öz imkanlarımızı səfərbər etməliyik.
Şəhla Qafarova,
YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri

Şərh Yaz