“Kitabi-Dədə Qorqud”umuz – şərəf kitabımız

Məlumdur ki, hər xalqın özünəməxsus mənəvi dəyərlər sistemi mövcuddur. Təbii ki, cəmiyyətin ən ali ideallar sistemi –“ mənəvi dəyərləri formalaşdırmaq, bəşərin incisi sayılan insana xas olan böyük və qiymətli qabiliyyətdir.
“Kitabi-Dədə Qorqud”umuz - şərəf kitabımız
Bu qabiliyyət və ehtiyacı şaqraq dağ irmaqlarına bənzətmək olar. Г‡ünki kiçik irmaqlar, bol sulu çaylar əmələ gətirdiyi kimi, ayrı-ayrı xalqların, millətlərin dəyərləri bir-biri ilə əlaqədə qarşılıqlı təmasda inkişaf edərək dünyanın ən ali varlığı olan insanın, bütövlükdə bəşəriyyətin mənəviyyatı formalaşır.
Xoşbəxtlikdən Azərbaycan xalqı da bu sahədə dünyaya öz sözünü demiş zəngin ənənələr sisteminə malikdir.
Bu ənənələrin ötürülməsi zamanı ədəbiyyatla siyasət, sənətkarlıqla idarəçilik, yaradıcılıqla dövlətçilik həmişə bir-birini tamamlamışdır.
Mənəvi dəyərləri yaradan, inkişaf etdirən və gələcək nəsilə ötürən isə ədəbiyyatdır.
Qürurverici bir haldır ki, ədəbiyyatımız bu missiyanı çox böyük coşqu ilə, fəxarət hissi ilə yerinə yetirmişdir. Dünya xalqlarının əksəriyyəti bu qaynar bulaqdan qidalanmış, bəşəri ideyalardan yetərincə yararlanmışdır. Bu əlaqələr haqqında söhbət əlbəttə ki, bir kiçik yazıya sığmaz.
Bu xalqımızın ulu dastanı, “Kitabi-Dədə Qorqud”dur ki, görkəmli türk ədəbiyyatşünası Fuad Köprülzadə onun əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı müqayisəni aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud “ o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəf ağır gələr.
Bu əsər hər bir azərbaycanlının ürəyində milli-mənəvi dəyərləri özündə əks etdirən, əzəmətli namus və qeyrət ocağı qalamış, heç bir tufanın təsir edə bilməyəcəyi qala ucaltmışdır.
Ümumdünya mədəniyyətinin ən qiymətli incilərindən biri kimi onu qədim kitabxanalarda qoruyub saxlamış, oxuyub tərcümə edib, öyrənməyə və bütün xalqlar üçün çox gərəkli kəlamlarını müdrik öyüdlərini eşitməyə, yaymağa başlamışdır.
Zaman keçdikcə, bu nəhəng tonqalın istisinə qızınmaq istəyənlərin daha çox artmış və bunun nəticəsində yeni bir elm sahəsi, Qorqudşünaslıq meydana gəlmişdir.
Lakin bu gün mənəviyyatımızın güzgüsü olan “Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar olan tarixlərdən hər biri təkcə Qorqudşünaslıq elmi üçün yox, bütövlükdə, geniş mənada elm və ədəbiyyatın, habelə cəmiyyətin inkişafı baxımından mühüm hadisələrdir.
Bu möhtəşəm abidənin 200 il əvvəl alman şərqşünası Fridrix Fon Dits tərəfindən tapılıb elm aləminə bəyan edilməsindən sonra ona həm Şərqdə, həm də Qərbdə yüzlərlə kitab həsr edilmişdir.
Bu doğrudur ki, Dədə Qorqud aşkar edilməsəydi, dünya epos-dastan mühitində böyük bir boşluq olardı. Bunu qədirşünaslıqla etiraf edən Qorqudşünaslar ana kitabımızın və onun sehirli səhifələrində yazılan dürlü-dürlü sözlərimizin yeni-yeni sirlərindən, sehrindən xəbər tutmaq istəyirlər. Dünya folklorşünaslığında “Kitabi-Dədə Qorqud” getdikcə daha parlaq bir ulduz təki yanmağa, məhəbbətin və qəhrəmanlığın misilsiz tərənnümçüsü kimi şəfəq saçmağa başlamışdır.
“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycanla yanaşı Avropa və Türkiyədə kitab halında nəşr edilməsi və haqqında tədqiqat əsərlərinin meydana çıxması mühüm əhəmiyyətə malik olan ədəbiyyat və mədəniyyət hadisələri faktlarıdır.
Lakin vacib faktı qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud“ bütün Türk dünyasına məxsus olmaqla yanaşı onun sahibi Azərbaycan xalqıdır. Məşhur türk alimi, professor Osman Fikri Sərtqaya bu faktı məntiqi cəhətdən düzgün olaraq belə əsaslandırmışdır. ”Halal bir haqq kimi, Azərbaycan Qorqud coğrafiyasının ədəbi paytaxtıdır. İkincisi, doğma abidəni doğma ocaqda aramaq yerinə düşür. Boyların dili sintaksisi bugünkü azərbaycanlıların danışığında dipdiridir. Kəlmələrimizi eşitdikcə, adam Qorqud atanın sirli-soraqlı aləminə qovuşur”.
Bununla belə, dastanın geniş öyrənilməsi, dünya miqyasında təbliği və tanıdılması ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xüsusilə, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə imzaladığı fərmanın əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün həqiqi mənasında, abidənin yolunda yaşıl işıq yandırmış, sanki onun yenidən yaranmasına təkan vermişdir. Bu fərmanın işığında YUNESKO-nun iqamətgahında təşkil olunan beynəlxalq simpozium və konsert, Bakıda Türk dövləti rəhbərlərinin zirvə görüşü, Dədə Qorqud heykəlinin ucaldılması və Dədə Qorqud dünyası tarixi etnoqrafik kompleksinin yaradılması, yubley münasibəti ilə nəşr edilmiş iki cildlik “Dədə Qorqud” ensdklopediyası və digər elmi-bədii əsərlər bu ölməz abidəyə yeni həyat bəxş etmişdir.
Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin iki yüz illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixli sərəncamı dastan haqqında tədqiqatların xəritəsinin daha da genişlənməsinə böyük imkanlar yaratmışdır.
Böyük tarixi əhəmiyyəti olan sərəncamla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirinin 1 aprel 2015-ci il tarixli əmri ilə ümumtəhsil məktəblərində maraqlı işlər görülür.
İsmayıllı Rayon Təhsil Şöbəsində də bununla bağlı əmr imzalanmış, təşkilat komitəsi yaradılmış, tədbirlər planı təsdiq edilmiş, məktəblərə tövsiyə xarakterli məktublar göndərilmişdir.
Nəticədə təhsil müəsisələrində də müvafiq tədbirlər planı hazırlanmış, silsilə tədbirlər həyata keçirilmiş, divar qəzetləri və bulletenlərin xüsusi nömrələri buraxılmış, maralı və məzmunlu guşələr yaradılmış, ədəbi-bədii gecələr və dəyirmi masalar təşkil olunmuşdur. Şəhər 1 nömrəli tam orta məktəbinin bazasında , “Kitabi-Dədə Qorqud Avropada” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. İlk növbədə rayonun fəal Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə açıq dərslər təşkil olunmuş, mövzu ilə bağlı məruzə və çıxışlar dinlənilmişdir.
Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Mənim Qorqud dilim” və “Kitabi-Dədə Qorqud – mənim şərəf kitabım” adlı ədəbi-bədii ümumrayon tədbirləri keçirilmişdir.
Keçirilən tədbirlərlə bağlı məlumatlar təhsil müəsisələrinin saytlarında yerləşdirilmiş, yerli və respublika qəzetlərində yazılar dərc olunmuşdur.
Rayonun ümumtəhsil məktəblərində xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında və inkişafında xüsusi əhəmiyyəti olan “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı rəngarəng tədbirlərin keçirilməsi davam etməkdədir.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz