Uşaqlar bizim gələcəyimizdir

“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılıdır”.
Heydər Əliyev
Kitabxanalar ölkəmizin mədəni və ictimai həyatında əsas yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intellektual, mədəni inkişafına kömək etmək, onu insanların vasitəsi ilə təkmilləşdirməkdən ibarətdir. Kitabxana dünyası möhtəşəmdir. Avropa birliyi ərazisində 90 min kitabxana, ümumilikdə isə YUNESKO-nun məlumatına görə dünyada yarım milyon kitabxana fəaliyyət göstərir. Həmin kitabxanaların sırasında oxucuların üz tutduqları, sevdikləri məkan, Uşaq kitabxanaları xüsusi yer tutur.
Uşaqlar bizim gələcəyimizdir
Uşaqlardan söz düşəndə, adətən, ”Uşaqlar bizim gələcəyimizdir” deyirik. Bu aksiomdur. Г‡ünki hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür. Buna görə də uşaqlara qayğı gələcəyimizə qayğı deməkdir. Bu işin maddi tərəfi, yəni uşaqların lazımınca qidalandırılması, sağlamlığı və digər məsələlər çox önəmlidir. Lakin balalarımızın milli ruhda, mənəvi cəhətdən sağlam, geniş dünya görüşünə malik insan kimi yetişməsində uşaq tərbiyə müəssisələri və məktəblərlə yanaşı, uşaq kitabxanalarının üzərinə də böyük vəzifələr düşür.
Kitab – təfəkkürün yorulmayan qanadı, zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir. Bu gəmi ilə səyahət edərkən mütaliə edən insan kamilləşir, onun nitq qabiliyyəti inkişaf edir. Bilikli, söhbətcil, hazırcavab olur, bəd, pis əməllərdən uzaqlaşır. L.N.Tolstoy demişdir: ”Mütaliədən aldığım ləzzəti dünyada heç bir ləzzətə dəyişmərəm”. Ümumiyyətlə, insanın mənəvi inkişafı mütaliə vərdişi ilə bağlıdır. Bugünkü günümüzdə kitab oxumaqdan gözəl əyləncə tapmaq çətindir. Bu işdə də köməyimizə kitabxanalar gəlir.
İsmayıllı rayon MSK-nin Uşaq şöbəsi rayonda uşaqların mütaliəsi ilə məşğul olan yeganə uşaq kitabxanasıdır. Kitabxananın 20000-ə yaxın fondu, 2100-dən artıq oxucusu var. Kitabxanamızın hal-hazırki binası 1982-ci ildə tikilib. 2014-cü ildə isə Dövlətimiz tərəfindən əsaslı sürətdə təmir edilib. Bunun üçün biz ölkə başçısı cənab İlham Əliyevə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkür edirik.
Təmirdən sonra kitabxana hər cür şərait, invertar, avadanlıq, o cümlədən, kompüterlər və yüksək sürətli internetlə, elektron disklərlə təmin olunub, kino-zal yaradılıb. Kitabxanada oxucuların maraq dairəsini nəzərə alaraq onlara xidmət edirik. Belə ki, biz daha çox oxunan, uşaqların maraqla qarşıladıqları, həmçinin, özünün də xoşu gəldiyi ədəbiyyatı təbliğ edirik. Oxucuların kitabxanaya fəal gəlişinin, oxucu cəlbinin ən əlverişli üsullarından istifadə edirik. Məktəblərə, bağçalara gedir, oxucularla görüşlər təşkil edirik. İl ərzində oxucuların yaş səviyyəsinə uyğun olaraq onlarla müxtəlif tədbirlər keçiririk.
Bu günlərdə kitabxana işi ilə bağlı regional tədbirin İsmayıllıda, məhz bizim kitabxanamızda keçirilməsi sübut etdi ki, respublikanın heç də hər bir rayonunda kitabxana işi sahəsində bizdə olan imkan və şərait yoxdur. Fürsətdən istifadə edib bildirim ki, bu imkan və şəraiti bizim üçün yaradanlara minnətdar olmağa borcluyuq.
Binanın əsaslı təmirindən sonra “Firidun Bəy Köçərli adına uşaq kitabxanasının 50 illiyi”, “Yeni il səhərciyi”, “20 Yanvar – Milli matəm günü”, “Uşaqların Xocalıya bahar salamı”, “8 Mart –“ Qadınlar bayramı”, “31 Mart – azərbaycanlıların soyqırımı”, “9 May – Qələbə Günü – veteranlarla görüş”, 1 İyun –“ Uşaqların Beynəlxalq Müdafiəsi günü”, “Azərbaycan əlifbası”, “Seyid Əzim Şirvani –“ 180” və digər bu kimi silsilə tədbirlər keçirmişik. Bu yaxınlarda isə “Uşaq hüquqları aylığı” ilə əlaqədar sərgi, “Uşaqlar, hüquqlarınızı bilirsinizmi?” mövzusunda fəallar arasında yarışlar təşkil etmişik.
Kino zalımızda tez-tez müxtəlif mövzularda, əsasən də vətənpərvərlik mövzusunda kinolar göstərilir. Eyni zamanda körpə fidanları da unutmuruq. Vaxtaşırı bağçalara gedir, onlara səhərciklər, nağıl gecələri təşkil edirik. Bununla bərabər kitabxanamızda “Nağıl otağı” yaratmışıq. Burada balacaların zövqünü oxşayan, müxtəlif mövzularda cizgi filmləri göstərir, nağıl saatları təşkil edirik. Həmçinin balacaların əl işlərindən ibarət ayrıca guşə yaratmışıq.
Kitabxanamıza oxucu gəlişini davamlı edən cəhətlərindən biri bizə abunə yolu ilə daxil olan “Sehirli dünya“, “Göy qurşağı”, kimi maraqlı, nəfis tərtibatlı uşaq jurnallarının təsiridir. Bu jurnallar balalarımızın sevimlisinə çevrilib. İstərdik ki, uşaq jurnallarının sayı gündən-günə artsın, fondumuz daha da zənginləşsin.
Rəna Əzimova,
İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin müdiri

Şərh Yaz