İstedad da bulaq kimidir

Səfərov Roman Maşallah oğlu 1963-cü ilin sentyabr ayının 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. Orta təhsilini İsmayıllı şəhər 1 nömrəli orta məktəbində alıb. Mühəndis-texnoloq ixtisası üzrə Gəncə Texnologiya Universitetinin yüngül sənaye fakültəsini bitirib.
İstedad da bulaq kimidir
Məhəmməd Füzulinin qəzəlinə, Mirzə Ələkbər Sabirin satirasına hələ erkən yaşlarda olan dərin marağını uzun illər büruzə verməsə də, ömrün ikinci 50 illiyində əlinə qələm alıb bu sahədəki duyğu və bacarığını açıqlamaqdadır. Г‡ox sevindirici haldır ki, ömrün kamillik çağı onun qələmə aldığı ilk yazılardan özünü göstərməkdədir. Romanın qələmindən çıxanları oxuduqca, bir daha əmin olursan ki, istedad da bulaq kimidir, nə vaxt qaynayacağını, axıb kimlərə gərəkli olacağını özü də bilmir.
Şeirin əruz vəzninə kifayət qədər diqqət və məsuliyyətlə yanaşan R.Səfərovun yaradıcılığından bir neçə nümunəni oxuculara çatdırmaqla ona istedadını aşkarlamaq, yazıb-yaratmaq yolunda uğurlar arzulayırıq.

Г‡əkir

Qərq olub göz yaşına şam əriyir, möhnəti pərvanə çəkir,
Yox məşuqun xəbəri, hər nə çəkir, aşiqi-divanə çəkir.

Üz-üzə gəldiyim anda quruyur dil-dodağım, ruhum uçur,
Dikiləndə gözlərim gözlərinə yar gözünü yanə çəkir.

Bir gözəl yaz gecəsi, yar yuxuda, məsti-xumar, zülf açılı,
Yel əsir, zənn edirəm badi-səba tellərinə şanə çəkir.

Elə bil alovlanır yanaqları, şölə saçır qəlb evimə,
Г‡öhrəsi lalə kimi əhməridir, sanki rəngi qanə çəkir.

Nə qədər dözsün axı ahu-fəqan içrə ürək, taqəti yox,
Tək qalıb, həmdəmi yox, qəlb evimə dərdimi həmxanə çəkir.

Г‡arəsi dərdlərimin meydi ki, amma, onu da tərk elədim,
Ruhumu mey dolu peymanə, fəqət, cismimi meyxanə çəkir.

Nəmrudun tonqalına bənzər ürəkdə alışan eşq alovu,
Söndürər İbrahim eşqi bu odu, çox da ki, zəbanə çəkir.

Xaliqim ruh da verir, can da verir, eşqi-məhəbbət də verir,
Torpağa təslim edəndə cəsədi, ruhu asimanə çəkir.

Kaş ki, sən də mənitək eşqə mübtəda olasan, göz kor ola,
Açıla bəsirətin, anlayasan ki, bu yazıq can nə çəkir.

Ol “məhəbbət” dediyim bir dərin ümmandı ki, inciylə dolu,
İncinin eşqidi ki, aşiqi-qəvvasını ümmanə çəkir.

Gah görürsən ki, Roman fikrə dalıb, qüdrəti yox söz deməyə,
Gah da ki, təbi rəvan, şeri şirin, sözləri meydanə çəkir.

Pünhansayağı

Fikrim yığılmayır bir yerə, ətrafı gəzir,
Xəyalım Baba dağını, Ağrı dağı, Qafı gəzir.

Ürəyi daşlaşan insanları gördükdə gözüm,
Г‡arəsiz seyr eləyir, mürvəti, insafı gəzir.

Söyləyib haqq sözü mən gərçi desəm qiyməti var,
Qiyməti bilinməyir, sözlərim sərrafı gəzir.

Qədəmin basmağa yer tapılmayır müsəlmana,
Qarabağ cənnətini dünyanın əclafı gəzir.

Elə zənn eyləmə ki, qəsdi-qərəz eyləyirəm,
Bunu tək mən demirəm, hər tərəfdə lafı gəzir.

Sözlərin bil ki, Roman, bir ağacın meyvəsidir,
Məhv olub çürükləri, süfrələrdə safı gəzir.

Gülüm

Bir zaman qafil olub bilməmişəm, karvan ötüb keçdi, gülüm,
Xərcləyib gəncliyimi, əbəs yerə ömr elədim, gecdi, gülüm.

Həyatın sevinc dolu, nəşə dolu zövqü-səfa anları çox,
Amma ki, faydası yox, fanidi çünki bu həyat, heçdi, gülüm.

Gözümün nuru gedər, saç ağarar, diş tökülər, bel bükülər,
Yerimək çətinləşər, bir də görərsən ki ayaq üçdü, gülüm.

Yol uzun, mənzil uzaq, ömür qısa, bəs nə edim, söylə mənə,
Əlində kərəntisi, fələk ömür tarlasını biçdi, gülüm.

Dağlara, səhralara, dənizlərə can toxumu səpdi Xuda,
Sonda hər bir bəşər övladı ölüm şərbətini içdi, gülüm.

Romanın düşdü yolu həm enişə, həm yoxuşa, həm də düzə,
Qəlbinin sarı simi incəldi, amma, demə “bivecdi” gülüm.

Ağlayır

Göz açıb fani həyata gələn insan ağlayır,
Zillətə tabe olur, gözləri giryan ağlayır.

Gəlişi sevindirir hər kəsi ətrafda, fəqət,
Dünyadan rihlət edir, dünyada qalan ağlayır.

Keçsə də nəşə dolu zövü-səfa içrə ömür,
Nəşəli ömür tamama yetişən an ağlayır.

Olma qafil, necə gör dövr eləyir çərxi-fələk,
Göz yaşım donur yanaqda, ürəyim qan ağlayır.

Bir uzaq mənzilə yol aldı ömür karvanımız,
Yükümüz günah yükü, heyəti-karvan ağlayır.

Duyanda ta ki, uzaqdan fəqirin naləsini,
Ürəyim tab eləmir, gözlərim leysan ağlayır.

Ümmanın o biri tayından bu yana od ələnir,
Orda kafir kef edir, burda müsəlman ağlayır.

Naləsi kürreyi-ərzin ucalır, ərşə çatır,
Yerlərin halətinə baxıb, asiman ağlayır.

Г‡arəsi “yoxdu” deyimmi, yoxsa ki, “vardı” deyim,
Dərdə həm çarə tapan, həm də tapmayan ağlayır.

Heç güman etmədiyim fitnəni gördükdə gözüm,
Görməyən gözlərin kor halına vicdan ağlayır.

Əlini qaşları üstündə tutub, bu biri taya,
Arazın o biri tayından baxan oğlan ağlayır.

Saxlaya bilmirəm əsla, gözümün yaşını mən,
Fələyin çərxi dönüb tərsinə, Roman ağlayır.

Sabiranə

Bəhri-təvil

Fələyə ərz elədi Mirzə Ələkbər o zaman, söylədi ki, zülmün əyandır, bu necə dövrü-zamandır ki, işim ahu-fəqandır və ilaxır.
Deyirəm, Sabira, indi sənə mən, dinlə məni, sözlərimin var kəsəri, müxtəsəri. Bax bu cahan həmin cahandır, zəmanə başqa zamandır. Yenə göz yaşı rəvandır. Yenə də dur ayağa, gəl qabağa, gəz cahanı, asimanı, dağlara qalx, ormana bax, kəhər atı min, düzlərə en, ümmana baş vur, arama faydası yoxdur. Tapmayıb zərrə ədalət və həqiqət, çəkəcəksən yenə zillət. Yenə töhmət və məzəmmət eşidib, söyləyəcəksən özünə, həm gözünə, həm sözünə ki, daha dur. Г‡ilənin bir sonu yoxdur. Başım üstündəki məmur mənə əmr eyləsə ki, “öl!” həmən ölləm, nə cəsarət edə billəm ki, ona qarşı gələm: əldə qələm yazan da o, pozan da o, qarışdıran çömçə də o, od üstündə qazan da o, kəsən də o, asan da o. Fərq eləməz: Düzmü, yoxsa, səhv eləyər, istəsə lap əfv eləyər, istəsə də məhv eləyər, maneəni dəf eləyər. Baxıb qəzəbli gözünə, əməl edərik hər sözünə.
Deyirdin ki, qız balalar dərs alalar. İndi daha qız balalar dərs oxumur, tərs oxuyur. Qız balanın yoxdur donu, əlindəki mikrafonu yelləyərək cəh-cəh edir, seyr eləyən bəh-bəh edir. Zənn eləmə valeh olur gur səsinə, nəğməsinə; yox əzizim, seyr eləyən aşiq olur əndamına, sinəsinə.
İndi sayım qız balanın gör nəyi var: yaxası açıq köynəyi var, əynindəki şalvarı dar, bəzisinin məskəni bar, dil uzanıb bircə qarış, dəb üstündə gedir yarış. Tıq-tıq xanım açıb başın, alıb qaşın, altındakı bahalı maşın hey şütüyür, cövlan edir, Tıq-tıq ayrı dövran edir. Dost axtarır yenə də, gəzir sirdaş üçün, etibarlı yoldaş üçün: Buralarda gəzmə əbəs, bir az tələs, göstər həvəs, saçı uzun Suray xanım, qalma evdə subay xanım, qalx ayağa, dur, ay xanım, gəzməli yer Dubay, xanım.
Yenə də bizik buğda verib darı yeyən, su əvəzinə qarı yeyən. Yenə də fəhlə sayılmayır, adam yerinə qoyulmayır, yatıb, hələ də ayılmayır.
Mirzə, fəqət, bəzi cəhət olub qəhət. İtib-batıb ənənəmiz, adətimiz, zəyifləyib qeyrətimiz, azlıq edir cürətimiz ki, söyləyim: var ürəyim, var biləyim. Yumruğumu düyünləyim, ayağa durum, bir sola, bir sağa vurum, bir dala, bir qabağa vurum.
Gündüz vaxtı Günəş batır, qarə bulud qaşını çatır, Cırtdan oyaq, hamı yatır. Div kimi bir bədheybəti buraxmayır yaxına qəti, evə tələsir, şərti kəsir, qorxusundan div də əsir. Neyləyəsən, nənəsi verib göstərişi, görməliyik hər bir işi, belədi zamanın gərdişi: almısansa yağlı fətir, yükümü götür, şələmi gətir, odunu daşı, ayrıca yığ qurunu, yaşı. Bu ölkənin vətəndaşı yük daşıyır, vergi verir, şələ daşıyır, töycü verir. Əlisi gedir, vəlisi gəlir, ağıllısı, dəlisi gəlir, koxa gedir, darğa gəlir, at belində yorğa gəlir, lap elə bil qarğa gəlir. Qarıldayır, anlamı yox sözlərinin, alov saçır parıltısı gözlərinin.
Gördüyün o “Yanıq Kərəm” indi olub yazıq Kərəm, Sizdəki o “Aşıq Qərib” bizdə olubdu “şou Qərib”.
Yun darayan, şal yamayan, biş-düş edən, ev işi görən azdı daha. Ölüm ucuz, həyat baha, ümid edirəm mən sabaha.
Şükür Allaha! Baş üstündə yaradanın kölgəsidir. Azərbaycan mərd, igidlər, mübarizlər ölkəsidir. Şükür olsun ki, sağdır hələ millətimiz, tükənməyib qeyrətimiz, artsın hər an nemətimiz, qoy yaşasın dövlətimiz. Qoy yaşasın anaların dilindəki lay-lay kimi. Günəş kimi və Ay kimi işıq saçsın, arzularım çiçək açsın, qız-gəlinlər nəğmə desin həzin-həzin, aram-aram. Sabira, bax, belə olsa, yaşayaram, deyərəm ki, buna varam!

Şərh Yaz