Təsərrüfat işçilərinin bayramı

Oktyabr ayının 31-də İsmayıllı Rayon Mədəniyyət Sarayında rayon fermerlərinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, Nikitin adına kolxozun nümayəndələrinin, digər aidiyyəti qurumların, istehsal və emal müəssisələri işçilərinin iştirakı ilə kənd təsərrüfatı işçiləri günü keçirilib. İlk öncə iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb.
Təsərrüfat işçilərinin bayramı
Rayonda 2015-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər – kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi, aqrar sahədə qazanılan uğurlar və bu istiqamətdə aparılan digər islahatlar barəsində videofilm nümayiş etdirilib.
Sonra Nikitin adına kolxozun sədri Vasili Novoseltsev, süni mayalama texniki Valeh Hüseynov və başqaları rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə görülən işlər barədə çıxış ediblər.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov cari ildə kənd zəhmətkeşlərinin qazandığı uğurları, xüsusilə rayon tarixində ilk dəfə olaraq dəmyə şəraitdə 104 min tondan artıq taxıl istehsal edildiyini, hər hektarın məhsuldarlığının 36,6 sentnerə qədər yüksəldildiyini qeyd edib. Kənd təsərrüfatının bütün sahələrində rayonumuzda cari ildə məhsul istehsalının artdığını bildirilib.
Sonra qabaqcıl kənd təsərrüfatı işçilərinə RİH başçısı Mirdaməd Sadıqovun adından təşəkkürnamələr və pul mükafatları təqdim olunub.
Ardınca rayon Mədəniyyət sarayının musiqiçiləri kənd əməkçilərinə həsr olunmuş nəğmələr ifa ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon fermerləri adından müraciət ünvanlanıb.
Şahin Hüseynov

Şərh Yaz