Yaddas kitabcasi

Müəllim necə geyinməlidir?

Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqların tərbiyəsini yalnız ona etibar edir.
Heydər Əliyev
Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bugünü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir.
Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini – kədərini, sevincini yaşayır.
Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır.
Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.
Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir:
“Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin çiyninə düşür.
Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, müqəddəsidir. Müəllimə ziyalı deyirlər. Müəllim öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bugünün müəllimi geniş dünya görüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik olmalıdır. O bilməlidir ki, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər bir müəllim dərin biliyi, savadı ilə yanaşı davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti ilə də şagirdlərinə nümunə olmalıdır.
Müəllimlərin qeyri-düzgün geyim forması müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir. Övladlarının təhsilini, tərbiyəsini etibar etdikləri şəxslərin həddən ziyadə taxdıqları zinyət əşyaları, istifadə etdikləri parlaq və şit boyalı bəzəklər, kosmetikalar bəzən bu müqəddəs peşə sahiblərinə olan inamın azalmasına gətirib çıxarır.
Bəziləri bunu müasir dövrlə əlaqələndirib normal hesab etsə də, bir çoxları isə müəllimlər üçün standart geyim forması olmasının tərəfdarıdır. Yeri gəlmişkən artıq paytaxtın bir neçə orta ümumtəhsil məktəblərində müəllimlərin vahid geyim forması tətbiq edilib. Bundan başqa, dünyanın müxtəlif ölkələrində də müəllimlər üçün vahid geyim formalarından istifadə olunur. Nəzərə alsaq ki, bu məsələ Təhsil Nazirliyinin də diqqət mərkəzindədir, onda bu məsələyə daha məsuliyyətlə yanaşmalıyıq. Ötən il nazirlik tərəfindən qəbul edilmiş “Müəllimlərin etik davranış qaydaları”nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb. Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim ala-bəzək, gözqamaşdıran olmasın, şagirdlərin diqqətini cəlb etməsin.
Məktəbli geyim forması tərbiyəvi mahiyyətdə olduğundan, qorunub saxlanılıb. Müəllimlər üçün isə tələb edilən bu olub ki, müəllimlər səliqəli geyinməli, görünüşcə, davranışca nümunəvi olmalıdırlar.
Azərbaycan Respublikası Təhsil Nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları” da elə bu amala xidmət edir. Göstərilir ki, müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
“Xarici görkəminə fikir vermək” o deməkdir ki, kişi müəllimin üzü həmişə təraşlı, saçı daraqlı və səliqəli, qadın müəllimin isə üzü təbii görkəmində olmalı, əlləri səliqəli, dırnaqları isə həddindən artıq uzun və gözqamaşdırıcı boyalarla olmamalıdır. Geyiminə xüsusi fikir verməklə yəni, kişi müəllim səliqəli, saya köynək geyməli, qalstuk taxmalıdır. Həmçinin kostyum geyimində də bu tələbi yerinə yetirməlidir.
Qadın müəllim geyimində daha diqqətli olmalıdır. Hədsiz dərəcədə dar və ya gödək, üzəri şəkilli və ya yazılı paltar, o cümlədən şalvar geyməməli, müxtəlif rəngli və formalı ayaqqabı və çantalardan istifadə etməməlidir.
Müəllim bir tərbiyəçi kimi, ilk əvvəl xarici görünüşü ilə daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir.
Elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq onlar istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə, müəllim olduğu müəyyənləşir. Onların sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür.
Məncə, bu müəllimlər bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində ifadə edirlər.
Qeyri-adi saç düzümündə, qır-qızıl, bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır.
Beləliklə, müəllimlər kişi və ya qadın olmasından asılı olmayaraq müəllim adına yaraşan geyim geyməlidir.
Şagirdlər müəllimləri necə görmək istəyir?
Bu çox aktual sualdır və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün vacib amildir. Sorğuda şagirdlərə “Müəllimlərlə ilk görüşdə siz nəyə çox fikir verirsiniz?” sualı ünvanlanıb. Cavablarda ən çox “geyiminə”, “saç düzülüşünə”, “xasiyyətinə” ifadələri öz əksini tapıb. Gördüyünüz kimi, şagirdlər müəllimin daha çox xarici görünüşünə fikir verirlər və öz geyimlərində bunu əks etdirməyə çalışırlar. Bu baxımdan, müəllim öz xarici görünüşü ilə şəxsiyyətinə, fənninə və onun incəliklərinə maraq yarada bilər. Əks halda, yəni açıq-saçıq geyimlər və cəlbedici aksessuarlarla müəllim şagirdlərin qarşısına çıxarsa, onların diqqəti tezliklə yayınar və dərsə qarşı maraq azalar.
Bundan başqa, müəllim təkcə geyiminə deyil, həmçinin səliqəyə və təmizliyə də xüsusi fikir verməlidir. Bu kimi hallar şagird şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Onların gələcəkdə bir şəxsiyyət kimi cəmiyyətdə yer tutmasına müsbət təsir edir. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inikişafı prosesində birbaşa iştirak edir. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai etimad və hörməti doğruldur. Müəllim şəxsi nümunəsi ilə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.
Müəllim ailəsində doğulub boya başa çatdığım üçün həmişə fəxr etmişəm və müəllimlik adını şərəf və ləyaqətlə daşımağa səy göstərmişəm. Bundan sonrakı fəaliyyətimdə də bu adın müqəddəsliyini və aliliyini qorumağa çalışacağam.
Güllübəyim Lətifova
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz