Tarixçi alimlə görüş

İsmayıllıya İcra Hakimiyyətinin başçısı təyin olunan gündən Mirdaməd Sadıqov öz müdrikliyi, böyük təcrübəsi ilə rayona yeni bir nəfəs, xoş ab-hava gətirdi. Doğru deyilib ki, ağıllı işlər görülən yerdə oğru olmaz, oğru olmayan yerdə də rəhbərdən narazılıq olmaz. Yetərincə ağrı, acı, haqsızlıq görən ismayıllılar ilk günlərdən duyurdular ki, İsmayıllıya qəlbən bağlı, bu rayona candan yanan bir şəxsiyyətdir Mirdaməd müəllim. Bu misralarda necə düzgün deyilib:
Döz, ay millət!
Öz sahibin gələr əlbət!
Bu bəd əməlləri pozar,
Tarixinə şöhrət yazar.
Tarixçi alimlə görüş
Mirdaməd müəllimin İsmayıllıda gördüyü bütün işlər təqdirə layiqdir. Son zamanlar İsmayıllıda ziyalılarla təşkil etdiyi görüşlər isə xüsusi əhəmiyyət kəsb edir.
Bu silsilə tədbirlərdən biri də bu günlərdə İsmayıllının böyük ziyalı oğlu, tarix elmləri doktoru, tanınmış alim “Qızıl qələm“, ”Ustad sənətkar”, ali jurnalist mükafatları laureatı, neçə-neçə dəyərli kitablar, elmi və elmi-publisist məqalələr müəllifi Qafar Cəbiyevlə olan görüş oldu. Bu görüş alimin 65 illik yubileyi ilə əlaqədar təşkil olunmuşdur. Alimlə görüş əvvəlcə onun doğulub boya başa çatdığı Talıstan kəndində, təhsil aldığı tam orta məktəbdə keçirildi.
Həmin gün füsunkar təbiəti ilə gözəl görünən Talıstan kəndi bir az da məğrur, vüqarlı görünürdü. Axı qoynunda saf suyu, təmiz havası ilə bəslədiyi övladını bu gün Azərbaycan üçün çox gərəkli bir alim kimi qarşılayırdı. Həmişə kəndim haqqında düşünərkən Məmməd Arazın bu misraları yadıma düşür:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Bu görüşdən sonra belə qənaətə gəldim ki, el-oba ərazisinə görə yox, şanlı-şöhrətli, xalqa böyük xeyir verən övladları ilə böyük görünürmüş.
Görüşdə alimin çox yaxın dostları, tanışları, Azərbaycanın tanınmış, görkəmli alimləri, kənd ziyalıları, məktəbin müəllim və şagirdləri də iştirak edirdi.
Alim dostları Qafar müəllim haqqında xeyli yüksək fikir söylədilər. Həmyerlimiz gözümüzdə daha da ucaldı. Qafar müəllimin gözəl dost, nəcib insan, xeyirxah, hamıya canıyanan bir insan olduğunu dönə-dönə etiraf etdilər. Böyük şairimiz B.Vahabzadənin bu məqamda bir müdrik fikri yada düşür:
Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.
Tarixçi alimlə görüş
Tarixçi alimlə görüş
Görüşün davamı rayon Mədəniyyət sarayında təşkil olunmuşdu. Payızın qısa günündə vaxt da az idi, hamı ürək sözlərini demək üçün bir neçə saat azlıq edirdi.
Qafar müəllimin özünün etiraf etdiyi kimi, onun ən yaxşı şagirdlərindən biri kimi özümə borc bildim ki, müəllimimi bu kiçik yazı vasitəsilə təbrik edim. Axı bu gün yaxşı müəllim kimi tanınmağımda belə müəllimlərdən öyrəndiklərimin çox böyük rolu olub.
Qafar müəllim ali məktəbi bitirəndən sonra Talıstan kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başladı. O, cəmi bir neçə il müəllim işlədi. Mən bu gün qürur hissi keçirirəm ki, onun müəllim ömründən bir şagird kimi mənə də pay düşüb. Həmyerlimiz, şair Musa Yaqub gözəl deyib:
İnsanla həmyaşdır,
Ölməz yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir, müəllim ömrü.
O, bizə tarix dərsini başa salarkən duyurduq ki, bu müəllimin biliyi, savadı coşub-çağlayan bulaq kimidir, bu bilik balaca kəndə, kiçik sinif otağına sığası deyil. Doğrudan da, düşündüyümüz kimi də oldu. Qafar müəllim başqa bir sahədə xalqa daha böyük xeyir verəcəyini özü gözəl bilirdi.
Mənim dərin düşüncəli, iti zəkalı müəllimim həyatı düzgün anlayan biri idi. O, tezliklə tariximizin açılmamış qaranlıq səhifələrinə işıq salan neçə-neçə dəyərli kitablar, elmi məqalələrlə tarixsevənlərin köməyinə gəldi.
Qafar müəllim ömür yollarını hər zaman əqidəsi ilə keçən böyük bir insandır. Adətən dağın zirvəsinə dolayı yolla çıxmaq asan olsa da, elmin zirvəsinə düz yolla çıxmaq daha rahatdır. Böyük alim elmin zirvəsinə düz yolla, lakin alim dostları demiş “böyük prinsipiallıqla”, mübarizlik göstərərək qalxa bilmişdi.
Qafar müəllim böyük bir məktəbdir. Fəxr edirəm ki, mən bu məktəbdən çox şeylər öyrənmişəm. Sonda Qafar müəllimi, o böyük alimi özünün “bəşəri sivilizasiyanın beşiyi” adlandırdığı doğma kəndi Talıstanın sakinləri, ziyalıları adından bir daha 65 yaşının tamam olması münasibətilə təbrik edir, ona tariximizin açılmamış sirlərini işıqlandırmaq üçün, can sağlığı, yorulmazlıq arzulayıram. Bu gün Qafar müəllim kimi tarixçi alimlər bizə çox lazımdır. Tariximizi daha dərindən öyrənmək üçün.
Heç vaxt unutmamalıyıq ki, tarixini bilməyən millətin coğrafiyasını başqaları təyin edər.
İradə Hüseynova,
E.Bayramov adına Talıstan kənd tam orta məktəbin müəllimi

Şərh Yaz