Yada düşər xatirələr

Allah rəhmət eləsin. Bu böyük insan sevimli müəllimimiz olub.
Akademik Maqsud Cavadov Azərbaycanın görkəmli riyaziyyatçısı və astronomu Nəsrəddin Tusidən sonra Azərbaycan riyaziyyatı tarixində ikinci həndəsəçi kimi məşhur idi. Onun həndəsə sahəsində apardığı 21 elmi-tədqiqat əsəri bunu cəsarətlə deməyə əsas verir.
Mərhum akademikin İsmayıllıda keçirilən xatirə gününə dəvət olunduğuma baxmayaraq gəlib iştirak edə bilmədim. Г‡ox təəssüfləndim. Amma qəzet vasitəsi ilə də olsa, onun haqqında bir neçə xatirəmi bölüşmək istəyirəm.
Yada düşər xatirələr
***
Yadımdadır, 1972-ci ildə Bakı Dövlət Universiteti Azərbaycan EA-nın müxbir üzvü, professor Maqsud Cavadovun 70 illik yubileyini çox təntənəli şəkildə keçirmək istəyirdi. Maqsud müəllimin həyat yoldaşı rəhmətə getdiyi üçün o, buna heç cürə razılıq vermirdi. Lakin rəbərliyin böyük səyi nəticəsində ondan kiçik bir iclas keçirməyə icazə alındı. Tədbirə gələnlərin sayı o qədər çox idi ki, universitetin böyük akt zalı onların hamısını yerləşdirməyə imkan vermirdi.
Görüş başlandı. Г‡oxsaylı çıxışlardan sonra Maqsud müəllimə söz verildi. Onun öz yubileyində söylədiyi bir fikir indiyə qədər qulağımda səslənir. O dedi ki, bəzi adamlara sual verəndə ki, “Yenidən gənc yaşlarınıza qayıda bilsəydiniz, nələri dəyişdirərdiniz, hansı işləri daha yaxşı yerinə yetirərdiniz?” Onlar həyatlarını başqa cür qurub dağı-dağ üstünə qoymaqdan dəm vururlar. Mən isə böyük məsuliyyət hissi ilə demək istəyirəm ki, məni 40 il geriyə qaytarsaydılar, indiyə qədər necə yaşamışamsa, yenə də elə yaşayardım və gördüyüm işlərdən artıq heç nə eləyə bilməzdim.

***
Maqsud müəllim imtahanda bir qıza “İki nöqtədən neçə düz xətt keçirmək olar?” sualını verir. Qız ədalı-ədalı: – “Milyon dənə” cavabını verir. Cavabdan hirslənən Maqsud müəllim xətkeşi əlinə alaraq verilmiş iki nöqtədən bir düz xətt keçirərək qıza deyir: – “Birini mən keçirdim. Buyur, qalanlarını sən keçir görüm!”

***
Bakı Dövlət Univesitetinin dördüncü mərtəbəsində böyük tutumlu auditoriyalar var idi. Professorlar bu auditoriyalarda 100-125 nəfər tələbəyə mühazirə oxuyurdu (indi heç 50 nəfərə bir yerdə dərs keçmək olmur!) . Səhv etmirəmsə, 443 nömrəli auditoriyada professor Arif Babayev “Riyazi analiz” fənnindən bizə mühazirə oxuyurdu. Allah ona rəhmət eləsin, çox istedadlı alim və gözəl bir insan idi. Ancaq bir az səbirsiz idi.
Bir dəfə bizi dərsdən beş dəqiqə tez buraxdı və dedi: – “Auditoriyadan sakit çıxın, Maqsud müəllim qonşu otaqdadır, o bilməsin”. Rəhmətlik çox intizamlı və tələbkar bir insan, böyük alim idi!
Ağamehdi Mehdəliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

Şərh Yaz