İsmayıllı yazarlarının şeir dəftərindən

Məhşər

Bu dünyanın nizamı nagahan pozulacaq,
Bilən yox, məxluq hara çıxıb gedəcək o gün.
Kömürtək qaralacaq həyat adlı od-ocaq,
Ölüm bizi ovcunda sıxıb gedəcək o gün.

Dirəkləri çürümüş dam kimi göy uçacaq,
Torpaq dəhşətdən əsib, ayaq altdan qaçacaq.
Günəş sonuncu dəfə öz nurunu saçacaq,
Şimşəklər də son dəfə çaxıb gedəcək o gün.

Yarılacaq hər tərəf, torpaq olacaq şan-şan,
Nəhəng bir xarabaya dönəcək yer həmin an.
İnsan izi tərtəmiz silinəcək dünyadan,
Ölənlər də qəbirdən qalxıb gedəcək o gün.

Kəlmeyi-şəhadət də deyəmməyəcək dillər,
Tapmayacaq tutmağa saman çöpü də əllər.
Tük kimi sovrulacaq dərələrə zirvələr,
Tufanlar dağları da yıxıb gedəcək o gün.

Qayalar gurultuyla yerə çırpıldığı an
Göz heç nə seçməyəcək toz-duman arasından.
Bulaqlar, çaylar çıxıb əvvəlki məcrasından,
Qeybin dənizlərinə axıb gedəcək o gün.

Vahimədən məxluqat donub dönəcək daşa,
Köməyə gəlməyəcək heç kim dosta, yoldaşa.
Bürüyüb alov kimi aləmi başdan-başa,
Vulkanlar yer üzünü yaxıb gedəcək o gün.

Dağılan kainatın quduz gurultusuna,
Can çəkişən bəşərin boğuq zarıltısına,
Neçə milyard boğazın ölüm xırıltısına
Əzrayıl da vəhm ilə baxıb gedəcək o gün.

Burdan nə götürmüşdük, fələk tutub alacaq,
Bizi cansız, cəsədsiz qeybə yola salacaq.
Yükümüz yalnız savab, ya da günah olacaq,
Hərə öz əkdiyini yığıb gedəcək o gün.
Oqtay İsmayıllı
Yazığım gəlir

Г‡içəyim dərilsə, sözüm qırılsa,
Bülbül öz gülündən nəfəs alırsa.
Duman göy üzünü bir an alırsa,
Göylərə ahım nə, bilməksə haqqım.

Sözümdən oxunsa bu gün nahaqqım,
Üzümə gülənlər sağımda, Allah.
Ləkəli günlərim ağımda, Allah,
Deyirəm, demişəm yazığım gəlir.

Fikirlər başımda ox olub mənim,
Kədərli günlərim çox olub mənim.
İkiyə dörd olub, ay Allah, qənim,
Əlini öpdüyüm yalvarışlara.
Kürsülü, kürsüsüz o çıxışlara,
Deyirəm, demişəm yazığım gəlir.

Demə kimlər gəldi, getdi dünyadan,
Papağı qoyub da, düşünün bir an.
Sözümü demişəm, vallah, doğrudan,
Nəyimə gərəkdir şıltaqlıqlarım,
Duyğulu, duyğusuz varsa anlarım,
Deyirəm, demişəm yazığım gəlir.

Deməyin var üstə batandı dünya,
Ana laylasına yatandı dünya.
Sevdalı sözləri atandı dünya,
Kürsülü, kürsüsüz o çıxışlara,
Deyirəm, demişəm yazığım gəlir.
Alik Dənizsevər

Dərdi olan …

Dərdi olan, gəl yanıma,
Məndədi dərd dəyirmanı.
Üyüdüm verim dərdini,
Bir dərdlini də sən tanı.

Dərdi olan, gəl yanıma,
Dəyişək dərdi başa-baş.
Mən oturum inildəyim,
Sən də çıx get yavaş-yavaş.

Dərdi olan, gəl yanıma,
Ver dərdini mənə, alım.
Əmanətin məndə qalsın,
Səni dərdsiz yola salım.

Dərdi olan, gəl yanıma,
Öz dərdimlə gözüm toxdu.
Dünyanın hər düzəni var,
Tək dərdə baxanı yoxdu.

Dərdi olan, gəl yanıma,
Hər gün ömrüm aman, ahdı.
Baş-başa verib ağlayaq,
Dərdə baxan tək Allahdı!
Nazir Ziya Talıstanlı

Aşıq Yanvara
(Aşığı bihal gördüm…)

Gördüm əhvalını pərişan oldum,
Dünya gözlərimdə qaraldı getdi.
Gördüm mən gördüyüm Yanvar deyilsən,
Qəlbimi üşütdü, qar aldı getdi.

Qulaq kəsilmişik avazına biz,
Bu ellər, obalar coşdurub səni.
Qaçaqmı düşmüsən toydan, mağardan,
Yoxsa ki, qocalıq çaşdırıb səni.

Gözlərin necəydi, eləcə qalıb,
Səsin də qaynayan bulaq kimidir.
Sarışın saçına tək-tək dən düşüb,
Səsin bülbül səsi, quymaq kimidir.

Doymadıq məclisdə oynamağından,
Şirvan torpağının Cünunu Yanvar.
Qocaldım söyləmə, yaraşmır sənə,
Sazının, sözünün Məcnunu Yanvar.

Papağı gözünün üstünə basıb,
Sazı qoltuğuna sıxmağın var ha…
Bir göz qırpımında toyda, mağarda,
Bu başadan o başa çıxmağın var ha…

İndi de, harda var sənin kimisi,
Şirvanın qocaman qartalı Yanvar.
Sən Allah, qəlbimi sızlatma belə,
Gəz, dolan yenə də mahalı, Yanvar.
Xalıq Yusifoğlu

Göstər

Əslini, nəslini gətirmə dilə,
Hünər meydanında özünü göstər.
Dosta qənim olan dostuna yanmaz,
Əgər yanırsansa közünü göstər.

Sərvət əsirisən, şöhrətin qulu,
Ürəyin hiyləylə, məkrlə dolu.
Sənə aid deyil özgənin yolu,
Sənət yollarında izini göstər.

Yaxşı demək deyil öz bəyəndiyin,
Ürəklərə yatan sözünü göstər.
Yalan ayaq açar, yeriməz ancaq,
Sınaq meydanında düzünü göstər.
Bəydadaş Cəfərli

Qələm

Fikirlidi əldə qələm,
Razı olmur dərdin böləm.
Görmürəm göz yaşın siləm,
Ancaq indi fürsətim var.

Ağı deyir, qara tökür,
Gecə-gündüz edir fikir.
Özü məndən betər çəkir,
Qələm, sənlə söhbətim var.

Hər bir sözü dilindədi,
Ağır yükü belindədi.
Bəxti mənim əlimdədi,
Qələm, sənə rəğbətim var.

Dayanıb müntəzir, hazır,
İdrisin dediyin yazır.

Namərdlərə qəbir qazır,
Qələm, sənə hörmətim var.
Hacı İdris

Gözəlmiş

Bilmirdim bu dünya belə gözəlmiş,
Günəşi də gözəl, Ayı da gözəl.
Ulduzlar necə də gözəl düzülmüş,
Baharı da gözəl, yayı da gözəl.

Gözəlmiş çayların nəriltisi də,
Şimşək çaxışında bir aləm varmış.
Gözəldir quşların civiltisi də,
Dünyanı büsbütün gözəllik sarmış.

Bilmirdim buludlar ağlayır gözəl,
Yağış damcısının rəqsi gözəlmiş.
Bilmirdim bulaqlar çağlayır gözəl,
Ayın suya düşən əksi gözəlmış.

Hər gün dinlədiyim köhnə nəğmələr,
Necə təzələnib gözəl olarmış.
Bir gün eşitdiyim o xoş kəlmələr,
Dönüb gözəlliyə, qəlbə dolarmış.

Əgər könül versən eşqə, sevdaya,
Dünya da gözəlmiş, ömür də gözəl.
Sevgi eynəyiylə baxsan dünyaya,
Həyat da gözəlmiş, ölüm də gözəl.
Südabə Şeyda

Niyə belə çaşırıq biz

Gah baharam, gah da qışam,
Fikirdəyəm səhər, axşam.
Bir suala mat qalmışam,
Səddi, həddi aşırıq biz,
Niyə belə çaşırıq biz?

Müsəlmanıq deyə-deyə,
Haram tikə yeyə-yeyə,
Yolumuzu əyə-əyə,
Boyumuzu aşırıq biz,
Niyə belə çaşırıq biz?

Gen gəzirik halal addan,
Kül oluruq yanar oddan.
Qərar gəlsə Avropadan,
Lap mayallaq aşırıq biz,
Niyə belə çaşırıq biz?

Г‡ox şey saxta, çox şey yalan,
Yəhərləşib navar-palan.
Rüşvət alıb kalan-kalan,
Qanunları aşırıq biz,
Niyə belə çaşırıq biz?

Nə bəla var bizə gəlir,
Tülkü, çaqqal düzə gəlir.
Bəlkə millət gözə gəlir?!
Kim deyir ki, çaşırıq biz?
Mirəli İsmayıllı

Mənim

Odlara yanmaqla keçir hər günüm,
Zülmətdi, zillətdi sabahım mənim.
Yəqin Yaradana yetişər ünüm,
Eşidər səsimi Allahım mənim.

Ulusan, adilsən, ürəyim yerin,
Sirlərin açılmaz, hikmətin dərin.
Bir xeyrin olanda, beş olur şərin,
Dözürəm, tək sənsən pənahım mənim.

Yuyulmaz günahım, leysan, yağışla,
Sənə əl açmışam xoş bir baxışla.
Allahım, nə olar məni bağışla,
Tək sənə bəllidir günahım mənim.
Qasımov Ziyəddin

Dəymir

Bəxtimin sarayını tikən elə tikib ki,
Bu yerdə yaşamağa, ömür sürməyə dəymir.
Neçə adda qəm, kədər, dərd sırası çölündə,
İçəriyə qapını açıb girməyə dəymir.

Könlümü sındırmağa, ürəyi qoparmağa,
Nainsaf tələsirmiş talamağa, çapmaqa.
Pay-sovqat göndərməyə, harasa aparmağa,
Xəzan vurmuş çiçəyi, gülü dərməyə dəymir.

Könül, qəlb dikəltməyə olmayır həvəsləri,
Səsinə səs verməyə eşidilmir səsləri.
Doğma sayılanları, yaxşı olan kəsləri,
Uzaq yol qət eləyib, gedib görməyə dəymir.

Qəmə qapılıramsa, sağalmırsa qubarım,
Şam düşür ixtisara, yeyilmirsə naharım.
Qalıb suyun içində, nəm çəkirsə divarım,
Ayağımın altına xalı sərməyə dəymir.

Qarda, buzda göyərən, istilərdə qaralan,
Fitnə-felə tuş gəlib, başı üstün qar alan.
Üstündə əl gəzməyən, illərlə düyün qalan,
Daranmamış saçları, teli hörməyə dəymir.
Tamam Nur Tağlabiyanlı

Günəş hara gedər dağlar olmasa

Dağlar Günəş üçün doğma bir qucaq,
Günəş hara gedər dağlar olmasa?
Günəş də dağlarçın yanan od, ocaq,
Günəş hara gedər dağlar olmasa?

Dağlar arxasında gizlənir axşam,
Səhərin gözüylə gözlənir axşam.
Dağların boyunca düzlənir axşam,
Günəş hara gedər dağlar olmasa?

Günəşə yataqdır dağlar arxası,
Dağlara bağlıdır onun dünyası.
Səhərlər dağlardır ilk əlifbası,
Günəş hara gedər dağlar olmasa?

Günəşin ilk nuru dağlara ayan,
Dağlardır Günəşin nurunu yayan.
Dağlardır yeri də göyə calayan,
Günəş hara gedər dağlar olmasa?
Aidə Gədəbəyli

Nə fayda

Neyləyim ki, bacarmıram özümlə,
Od götürdüm kirpiyimlə, gözümlə.
Köynək geydim sətinimlə, bezimlə,
Oğul-uşaq yetirmişəm, nə fayda?

Oxu dedim, kamala çat, başa çat,
Təhsil alıb başımızı sən ucalt.
Demədim ki, köhnəliyə gəl daş at,
Bağımda bar bitirmişəm, nə fayda?

Kənd havası, kənd çörəyi, kənd suyu,
Nə gözəldi kənd məclisi, kənd toyu.
Bu cüssəni, bu qüvvəni, bu boyu,
Verən verib, itirmişəm, nə fayda?

İndi kəndin yaddı sənə, nə deyim,
Dar şalvarla tamamlanır hər geyim.
Dilim gəlmir nə qarğıyım, nə söyüm,
Hər sözümü götürmüşəm, nə fayda?
Rafiq Göyçaylı

Qədrini

Naşı seçə bilməz, nadan anlamaz,
Zərgər yaxşı bilər ləlin qədrini.
Arifdən, aqildən xəbər al, desin,
Ömürdən hər keçən ilin qədrini.

Az deyil tər töküb, külüng vuranlar,
Su çəkib, yol salıb, körpü quranlar.
Var olsun elinə arxa duranlar,
Belə insanların bilin qədrini.

Xəyal, gerçək budur, unutma bunu,
Cənnətdir xeyirxah kəslərin sonu.
Elin məhəbbəti ucaldar onu,
Kim duysa, anlasa elin qədrini.
Xəyal Orucov

Şərh Yaz