Əsrlərdən gələn sənətimiz

Oktyabr ayının 21-də İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” ictimai birliyi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində tədbir keçirilib. Mərkəzin direktoru Zaur Muradov birliyin nümayəndələrini və tədbir iştirakçılarını salamlayıb, bu mövzulu tədbirlərin İsmayıllıda keçirilməsini təqdirəlayiq hesab edib.
Əsrlərdən gələn sənətimiz
İctimai birliyin sədri Kəmalə Məmmədlinin çıxışından məlum olub ki, “Əsrlərdən gələn sənətimiz” layihəsinin təqdim olunmasında məqsəd itirilməkdə olan sənətlərin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, bölgələrdə yaşayan gənclərə qayğı, ümumilikdə, işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.
Birliyin rəsmisi Nəcimə Əliyeva qeyd edib ki, layihyə 25 sentyabr 2015-ci il tarixindən start verilib və 6 ay müddətində fəaliyyət göstərəcək.
Layihə İsmayıllı, Gəncə, Şəki, Qəbələ rayonlarını və Bakı şəhərini əhatə edir. Layihənin icrasında məqsəd sənətkarlıqla məşğul olmaq istəyən gəncləri həvəsləndirmək, onları sənətkarlıq sahələrinin itirilməkdə olan növlərinin bərpasına cəlb etməkdən ibarətdir. Beləliklə, gənclər arasında sənətkarlıq üzrə kiçik sahibkarlığın təməli qoyular, qismən də olsa işsizlik aradan qaldirilar.
İlk olaraq layihəyə İsmayıllı rayonundan müxtəlif sənət növləri üzrə12 usta və 100 nəfər hədəf auditoriyasının cəlb olunacağı bildirilib.
Tədbirdə iştirak edən İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov bildirib ki, layihə gənclərimizə qədim sənət növlərini aşılamaqda köməkçi olacaq. Nənə və babalarımızdan qalan mədəni irsin, sənət nümunələrinin qorunması və yeni nümunələrin yaradılması üçün layihə xüsusi əhəmiyyət kəsb edir. Layihə həm də İsmayıllı rayonunun xarakterik sənət növlərinin inkişaf etməsi baxımından əhəmiyyətlidir.
Tədbirdə “Dünya Gənclərinin Alyansı” ictimai birliyinin sədri Türkan Sədirova da iştirak edib.
Aparılan sorğu əsasında iştirakçıların mövzu ilə bağlı rəy və təklifləri öyrənilib.
Elnarə Qasımova

Şərh Yaz