Azərbaycanın gənc meşəçilərinin yeni uğurları

Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın gənc meşəçiləri 2015-ci il sentyabr ayının 27-dən oktyabr ayının 3-ə kimi Moskva və Suzdal şəhərlərində Gənclərin XII Beynəlxalq Meşə Müsabiqəsində iştirak etmişlər. Ölkəmizin nümayəndə heyətini RETTM-in direktor müavini Lalə Dadaşovanın rəhbərliyi ilə 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən gənc meşəçilərin IV Respublika müsabiqəsinin qalibləri, İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin “Gənc meşəçilər” dəstəsinin üzvləri, IX sinif şagirdi Anna Orlova və XI sinif şagirdi Timofey Prokofyev təmsil etmişlər.
Azərbaycanın gənc meşəçilərinin yeni uğurları
Azərbaycanın gənc meşəçilərinin yeni uğurları
Gənc meşəçilərin beynəlxalq müsabiqəyə təqdim etdikləri “Meşələri yanğından qoruyaq” adlı ekoloji layihə final yarışına vəsiqə aldı. Moskva şəhərində toplaşan finalçılar tədbirə qatılmaq üçün oktyabr ayının 28-də Rusiyanın qədim Suzdal şəhərinə səfər etdilər. Suzdal şəhərində dünyanın 24 ölkəsindən 43 məktəbli və tələbənin iştirak etdiyi beynəlxalq müsabiqənin təntənəli açılışı gənclərin xatirəsində silinməz izlər qoydu.
İsmayıllı rayonunun gənc meşəçiləri müsabiqədə çıxış edərək Azərbaycanın zəngin təbiəti, meşə örtüyü, biomüxtəliflik barədə ətraflı məlumat verdilər. İsmayıllı Rayonu Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və ETSN İsmayıllı Rayonu Meşə Bərpası və Mühafizəsi Müəssisəsinin birgə əməkdaşlığı ilə İvanovka kənd tam orta məktəbində yaradılmış “gənc meşəçilər” dəstəsinin meşələrin öyrənilməsi və yanğından qorunması sahəsində gördükləri işlər, meşənin ekoloji vəziyyətini əks etdirən tədqiqatların nəticələri nümayiş etdirildi. Meşənin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə məktəblilərin istirahətçilər və meşə istifadəçiləri arasında apardıqları təbliğat işləri, təmizlik aksiyaları, hazırladıqları xəbərdarlıq lövhələri və əhaliyə paylanan müraciətnamələr haqqında məlumat iştirakçıların marağına səbəb oldu.
Meşənin yanğın təhlükəsizliyinə dair təkliflərlə çıxış edən gənc meşəçilər dünya gənclərinə müraciət edərək bu sahədə birgə səy göstərməyin vacibliyini vurğuladılar. Məktəblilər dünyanın 10 ölkəsini təmsil edən münsiflər heyətinın çoxsaylı suallarını cavablandırdılar. Azərbaycanlı məktəblilər müsabiqə zamanı keçirilən viktorina və yarışlarda, dostluq xiyabanının salınmasında fəal iştirak edərək tərifnamə və mükafatlara layiq görüldülər. Onlar dünya gəncləri ilə dostluq əlaqələri yaradaraq təcrübə mübadiləsi ilə yanaşı bu sahədə fəaliyyət perspektivlərini müzakirə etdilər.
Beynəlxalq müsabiqənin yekun tədbirində İsmayıllı rayonunun gənc meşəçiləri Anna Orlova və Timofey Prokofyev Rusiya Federasiyası Parlamentinin Təbii Ehtiyatlar və Ekologiya Komitəsinin Fəxri Fərmanı, MDB Parlamentinin xüsusi mükafatları, Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi xatirə medalları və diplomlarla mükafatlandırıldılar.
Sevda İsmayılova,
RTŞ-nın metodisti

Şərh Yaz