Bələdiyyədə fərqli iş həftəsi

“Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində 2015-ci ilin oktyabr ayının 12-dən 18-dək İsmayıllı şəhərinin 5 məhəlləsində vətəndaşlarla görüş keçirilib. Məhəllə sakinləri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə yerli özünüidarəetmə orqanlarının işində əhalinin daha fəal iştirakının təmin olunması, bələdiyyənin fəaliyyətinin canlandırılması ilə bağlı onların təklif və arzularının öyrənilib ümumləşdirilməsinə xüsusi önəm verilib. Bu barədə iştirakçıları açıq diskussiyalara çağıran İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev görülmüş işlərdən danışmış, tədbirdə verilən təkliflərin ümumiləşdiriləcəyini, fəaliyyətlərində nəzərə alınacağını bildirib.
Bir sıra təkliflərdə şəhərin abadlaşdırılması işinə sakinlərin daha geniş cəlb olunması, bu işlər üçün əvvəlcədən konkret günlərin təyin edilməsi bildirilib.
Ağsaqqal İnqlab Həsənovun şəhərin bütün məhəllələrində “Xeyir-şər” evləri tikilməsi təklifi bəyənilib. Şəhər məktəbliləri arasında “Bələdiyyələri necə görmək istərdim?” mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi barədə təklif də müsbət qarşılanıb. Bildirilib ki, müsabiqənin qalibləri bələdiyyə tərəfindən mükafatlandırılacaqdır.
Keçirilən toplantılarda bələdiyyənin məhəllə komitələrinin sədrləri çıxış edib və Yerli demokratiya həftəsinin bələdiyyələrin vətəndaşlarla əlaqələrinin genişləndirilməsində böyük rol oynayacağını bildiriblər.
Görüşdə sakinləri maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həftə çərçivəsində bələdiyyənin görəcəyi konkret tədbirlər müəyyənləşdirilib. Tədbirdə vətəndaşlar tərəfindən irəli sürülən təkliflər dinlənilib, onları narahat edən problemlərin həllində bələdiyyənin görə biləcəyi işlərdən danışılıb.
Bələdiyyə üzvləri ilə vətəndaşların görüşü açıq diskussiya şəraitində keçib. 400 nəfərdən çox sakinin iştirak etdiyi tədbirdə ağsaqqallar, ziyalılar, gənclər onları narahat edən məsələlər, şəhərin problemləri və bu problemlərin aradan qaldırılması yolları barədə fikir və təkliflərini söyləyib, konkret vəzifələr müəyyənləşdirilib.
Bələdiyyə sədri P.Ağayev rayon İcra Hakimiyyətinin köməyi ilə problemlərin aradan qaldırılması üçün mümkün işlərinin görüldüyünü diqqətə çatdırıb.
Görüşlərdə gənclər küçələrin abadlaşdırılması, yol kənarlarına atılan tullantıların yığışdırılması, yaşıllıqların salınması üçün iməciliklərin keçirilməsi təklifini irəli sürüb və bu təklif yekdilliklə bəyənilib. Bu sahədə məktəblilərin də fəal iştirakı zəruri hesab edilib.
Şəhər sakinlər keçirilən demokratiya həftəsinə uyğun olaraq multikulturalizm sahəsində yerli məsələlərin həlində bələdiyyənin daha fəal iştirakının, qəbul olunan qərarlar və onların icrasına ağsaqqalların, ziyalıların, xüsusilə də gənclərin cəlb olunmasının zəruriliyini bildiriblər.
Roman Ağayev
İsmayıllı bələdiyyəsinin üzvü

Şərh Yaz