Tikdim ki, izim qala …

Müsahibim rayonumuzun həm böyük, həm kiçik yanında hörməti olan, “köhnə kişi” adını qoruyub saxlayan, həm də müasir düşüncəli cavan ağsaqqallarımızdan biri, 60 yaşı tamam olan Aslanov Aslan Əlyar oğludur.
– 1955-ci il noyabrın 2-də doğma İsmayıllının ucqar Mücü kəndində bir oğlan dünyaya gəldi. Adını Aslan qoydular. Aslan müəllim, niyə məhz Aslan ?
Aslan mənim atamın babasının adıdır. Dövrünün sayılan-seçilən kişilərindən olub. Məşhədi ziyarət edib. Yeri gəlmişkən, ana babam da Kərbəlanı ziyarət edənlərdən olub. Görünür dinə marağım irsdən gəlir.
Tikdim ki, izim qala ...
– Bu haqda məlumatım var. Məşhədi ziyarət etmisiniz. Binanın özülü möhkəm olduğu kimi, insanın da uşaqlıq tərbiyəsi düzgün qurulmalıdır. Zəhmət olmasa, uşaqlığınızdan, məktəb illərindən danışın.
– Bildiyiniz kimi, müəllim ailəsində anadan olmuşam. Atam el içində savadlı, xeyirxah, səmimi, bəzən də üzüyola adam kimi tanınsa da, evdə, xüsusən də övladları ilə olduqca ciddi və tələbkar idi. İnanın, o evə gələndə, evimiz sinif otağına bənzəyirdi. Ayaqüstə durmaq, salamlaşmaq və sair… Təhsilimiz də öz yerində. Amma etiraf edim ki, mən elə də ipə-sapa yatan şagird olmamışam. Dərslərimdə birincilərdən olduğum kimi, nadinclikdə də onlardan geri qalmamışam. Müəllimlər bir az dərslərimi yaxşı oxuduğuma görə, bir az atama görə, bir qədər də vəziyyətdən çıxa bilməyimə görə məni bağışlayırdılar.
Allah ölənlərinizə rəhmət eləsin. Atamdan bolluca töhmətlər, cəzalar yadımda qalıb. Doğrudur, indi uşaqların hər cür cismani cəza alması bəyənilmir. Hətta cinayət hesab olunur. Amma bugünkü uğurlarıma görə atamın rejimindən tam razıyam və övladlarımın tərbiyəsində fiziki güc tətbiq etməsəm də, məzəmmət və töhmətdən uzaq durmamışam. Nə isə, söz-sözü gətirər. Qayıdaq məktəb illərinə…
Dərs əlaçısı idim. 7-ci sinifdə oxuyanda bir əl işim bəyənildiyinə görə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində iştirak etmək şansı qazandım. Lakin boyum çox balaca olduğuna görə atam məni yox, mənim adımla böyük qardaşımı göndərdi. Yay tətilində bir il Tədarük kontorunda müqavilə ilə yeşik bağlamışam, bir il Kommunal Müəssisələri Kombinatının tikinti təmir briqadasında fəhlə, bir il isə Barama qurutmaxanasında ocaqçı işləmişəm. Bunlar əmək kitabçama qeyd olunub.
Yadımdadır, qazandığım pulla həyətimizə dəmir qapı, növbəti dərs ilinə özümə paltar və dərsliklər almışdım.
Atamın bizimlə bağlı böyük arzuları var idi. İşi ilə əlaqədar kənddən İsmayıllıya köçəndə ona müxtəlif yerlərdə böyük həyətyanı torpaq sahəsi olan ev təklif edilsə də, övladlarının məktəbə bağlı olması üçün 1 saylı məktəbdən iki yüz metr aralı balaca həyəti olan evi almağı daha üstün tutmuşdu. Nəticədə, beş bacı və iki qardaşın hamısı ali və orta ixtisas təhsili ala bildi.
– Atanız Əlyar müəllim cavan yaşında rəhmətə gedib?
– Atam Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibənin ağrısı-acısı onun səhhətində problemlər yaratdı. Məktəbi qurtarmağa iki il qalmış 51 yaşında dünyasını dəyişdi. Təsəvvür edin vəziyyətimizi… Amma sağ olsun yaxşı adamlar. Həm müəllimim, həm də qonşumuz olan rəhmətlik Qulu müəllimin təmənnasız məni riyaziyyat fənnindən hazırlamağı, Tağı dayımın maddi və mənəvi köməkliyi, kişi qeyrətli anamın fədakarlığı heç zaman yadımdan çıxmaz.
– Belə düşünmək olar ki, uşaqlıqdan oyuncaq əvəzinə əlinizdə kitab olub?
– Bu həqiqətən belədir. Kitab, bir də fiziki iş. İnsan həyatında kitabın rolu danılmazdır. Maraqlarım çoxşaxəlidir. Şəxsi kitabxanamda yüzlərlə kitablar daha çox öyrədici xarakter daşıyır. İnsan qəbir evinə qədər öyrənməlidir.
– Aslan müəllim, bildiyimə görə, Siz o zaman İnşaat mühəndisləri institutunu bitirmisiniz. Zəhmət olmasa, tələbəlik həyatından danışın. Bir də ki, nəyə görə məhz inşaatçı?
– Mən həmişə fikirləşirəm ki, insan öz əməlləri ilə çalışıb adını yaşatmalıdır. Mən də ixtisas seçərkən:
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala-
prinsipinə əsaslandım. Tələbəlik həyatım çox aktiv olub. Yaxşı adamların köməyi sayəsində qaldığım yataqxanada gecə gözətçisi işləmişəm. Bu da mənim təqaüddən əlavə maddi vəziyyətimi təmin edib. Yay tətillərində 3 dəfə tələbə inşaat dəstəsində Rusiyanın müxtəlif şəhərlərində işləmişəm. Birinci il yarışda 800 tələbənin içərisində “Ən yaxşı döyüşçü“, sonrakı ildə “Ən yaxşı briqadir”, daha sonra “Ən yaxşı iş ustası“ olmuşam. Bunları təsdiq edən sənədlərim var. Beşinci kursda tələbə inşaat dəstəsindəki fəaliyyətimə görə Azərbaycan komsomolunun xətti ilə Г‡exoslovakiyaya göndərilmişəm. Respublika mətbuatında və institutun qəzetində dəfələrlə haqqımda yazılar gedib.
– Prinsipinizə sadiq qala bildinizmi?
– Hə, iz məsələsini deyirsiniz? Bəli, 1977-ci ildə təyinatla rayonumuzdakı 63 saylı SMD-yə iş ustası göndərildim. Az müddətdə iş icraçısı, baş mühəndis vəzifələrinə qədər yüksəldim. 1981-ci ildən 11 il 14 saylı Tikinti Sahəsinə rəhbərlik etdim. İşlədiyim müddətdə bu gün də əhəmiyyətini itirməyən 480 yerlik Təzəkənd kənd orta məktəbi, Üçmərtəbəli Univermaq, ”Talıstan” moteli, ”Ana və uşaq” kafesi, ”Ticarət cərgəsi“, Qəbələ, Ağsu və İsmayıllı rayonlarında ticarət obyektlərinin tikintisi ilə, əhalinin xeyir-şərində yaxından iştirak etməklə, imkansızlara bacardığım maddi-mənəvi dəstək olmaqla elə bilirəm ki, az da olsa iz qoya bilmişəm.
İmkanım daxilində rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak etmişəm. Sovet dövründə İsmayıllı şəhər sovetinin deputatı, müstəqillik dövründə isə 10 il İsmayıllı bələdiyyəsinin üzvü olmuşam. Ən çətin seçki ili olan 1993-cü ildə keçirilən Referendum və Prezident seçkilərində dairə seçki komissiyasının üzvü olmuşam. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, 1990-cı ilin qanlı yanvar hadisələrində şəhid olan bacı və qardaşlarımızın ruhu xatirinə 25 yanvardakı ilk cümə axşamını mərkəzdə yerləşən çayxanada öz vəsaitimlə bütün günü təmənnasız olaraq təşkil etmişəm.
– İstehlak Kooperasiyası sistemində fəal işçi olmusunuz.
– Daha sonralar az müddət İsmayıllı rayon İcra Hakimiyyətinin Tikinti-memarlıq şöbəsinin baş memarı oldum. Mənfur ermənilərin torpağımıza təcavüzü, sovet imperiyasının dağılması və bir sıra siyasi hadisələrdən doğan fəsadlar tikinti sektorunda da özünü göstərdi.
Əslində 14 saylı Tikinti Sahəsi də kooperasiya sisteminə xidmət edirdi. Rayon Kooperativlər İttifaqının təmir-tikinti üzrə sədr müavini işləyərkən rəhbərliyin təklifi ilə İctimai-İaşə Müəssisələri Birliyinə direktor göndərildim və 17 il bu vəzifədə işlədim. Kooperasiya sistemində işlədiyim 30 ildən artıq müddətdə 1986-cı ildə “SSRİ İstehlak Kooperasiya əlaçısı “2006-cı ildə isə müstəqil respublikamızın ”Kooperasiya əlaçısı” adını almış və döş nişanı ilə təltif edilmişəm.
– İndi də neft-qaz sahəsində çalışırsınız?
– Bəli, 2008-ci ildə İsmayıllı şəhərində ikinci Qaz paylayıcı stansiya açılarkən SOCAR-in Qaz İxrac İdarəsində imtahan verərək bu sistemə işə girdim. Hal-hazırda “Talıstan qaz paylayıcı“ stansiyasında işləyirəm.
– Deyirlər yumor hissi olanlar aqil adamlardır.
– Hə, bilirəm nəyə işarə edirsiniz. Sizinlə bura qədərki, söhbətimdə kifayət qədər ciddi adam olduğumu göstərə bildim. Amma bəzən rast gəldiyin insanlara fikirlərini zarafatla, yumorla çatdırmaq daha uğurlu olur. Bu mənada Neft Şirkətinin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadəyə qibtə edirəm. Onun müsahibələrinə sevə-sevə qulaq asıram.
Yumorun mənə ziyanı olmayıb. İşlədiyim müddətdə çoxlarının komanda-amirlik üsulu ilə nail ola bilmədiklərinə, mən sözlə nail olmuşam. Sözün doğrusu, mənimlə uzun illər bir yerdə olan dostlarımın təhriki ilə ”Ömrün məzəli anları“ kitabı ərsəyə gəldi. Mən sadəcə, yeri gələndə real həyatda kiməsə cavab vermişəm, kiminləsə zarafat etmişəm. Bunlar kimisə düşündürüb, kimə isə yenidən istifadə üçün lazım olub, kimə isə sadəcə gülüş bəxş edib. Beləcə lətifəyə çevrilib. Bu kitab da məndən bir iz, xatirə deyilmi?
– Hərdən sizə “Sən Aslanov, mən Aslanov “ – deyə müraciət edirlər.
– Təzəkənd məktəbinin tikintisi zamanı mərhum raykom katibi Qəşəm Aslanov məndən soruşdu ki, familiyamdan istifadə edirsən? Dedim ki, sovxoz Həzi Aslanov, direktor Ağacəfər Aslanov, raykom Qəşəm Aslanov, iş icraçısı Aslan Aslanov. Dörd Aslanova kim nə edə bilər? Beləcə bu söz mənim vizit vərəqəmə çevrildi.
– Aslan müəllim, 60 ilin astanasındasınız. Geriyə baxanda həmyerlimiz, hörmətli Musa Yaqubun təbirincə desək, elədiklərimdən yaxam qurtarmaz, eləmədiklərim yandırar məni. – düşüncəsi sizi narahat etmir ki ?
– Elədiklərimi qısa da olsa söyləyə bildim. Eləmədiklərim… Maraqlıdır, bəzən insanlar “vaxtım yoxdur” deyə müraciət edənlərə cavab verirlər. Mən bu yaşımda düşünürəm ki, vaxtı qoyan biz deyilik. Acı da olsa, həqiqətdir ki, insan yaşı artdıqca ömrün nə qədər qısa olduğunu dərk edir.
Onu da qeyd edim ki, mən bu sahədə də şanslı adamam. Artıq 16 ildir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Bir neçə il öncə şəkərin ürəyimdə ciddi problem yaratdığı aşkarlandı. Ürəyimdə açıq cərrahiyyə əməliyyatı aparılaraq beş damarım dəyişdirildi. Həmişə olduğu kimi bu dəfə də göydə Allahım, yerdə isə həkimlər mənə kömək oldu. 06 sentyabr 2012-ci ildə mən yenidən dünyaya qədəm basdım. Bu tarixdən götürsək indi mənim üç yaşım var. Demək, hələ iz qoymaq şansım var. Düşünürəm ki, gəncliyim yeni texnoloji nailiyyətlər, kompyuter, internet dövrünə düşsəydi, bu sahədə də şəksiz nailiyyətlər əldə edərdim.
– Yüz yaşayın Aslan müəllim, ailəniz barədə bir neçə kəlmə…
– Ailəliyəm. Üç oğlum, üç nəvəm var. Həyat yoldaşım İsmayıllı İncəsənət məktəbində müəllimə işləyir. Övladlarım hər zaman bütün hərəkətləri ilə xalqa layiqli olmağa çalışırlar. Böyük oğlumun Vətən səmasının keşiyini çəkməklə Vətənə xidmətindən fərəh duyuram. Digər iki oğlum isə “Azəriqaz“ sistemində işləyir.
– Həyat təcrübənizdən müsahibəni oxuyanlara nə demək istərdiniz?
– Mənə diqqət göstərdiyinizə görə Sizə, qəzetin kollektivinə minnətdarlığımı bildirirəm. Qızıl kimi vaxtını sərf edib, yazını oxuyanlara isə can sağlığı arzulayıram. Can sağlığı hər şeydən bahadır. Biz can sağlığımızı pul qazanmaq üçün itiririk, lakin canımızın sağlığı üçün pulumuzu qıymırıq. Canınızı qoruyun. Təəssüf ki, o əldən gedəndə qədrini bilirik. Daha sonra inkişafı, tərəqqini yenilikləri qəbul edin. Zamanın nəbzini tutmağa çalışın. Gəncliyə dəstək, yardımçı olun. Həyat acısı ilə də, şirini ilə də gözəldir. Hər bir ötən an sonranın xatirələridir. Hamınıza xoş xatirələrlə dolu ömür arzulayıram.
– Məşədi Aslan, Aslan bəy, Aslan ata, Aslan baba, Aslan qardaş, Aslan dayı, Aslan əmi, Aslan müəllim, yazar Aslan, müdir Aslan, inşaatçı Aslan, sürücü Aslan, ticarətçi Aslan, ağsaqqal Aslan…
– Sadəcə Aslan. Aslan xarakterli olmağa çalışan, olduğu kimi görünən Aslan. Bizdən sonra gələn gənclərə tövsiyə edərdim ki, səmimi, sadə, zəhmətsevər olsunlar. Yalanı, riyakarlığı yaxına buraxmasınlar. Məqsədli yaşasınlar. Mən öz həyatımda həmişə sərbəst, eyni zamanda, məsuliyyətli olmaqla insanın hər şey əldə edə biləcəyinə inanmışam.
– Aslan müəllim, çoxdandır oxucularımız bu qədər çoxşaxəli fəaliyyəti olan, həyat təcrübəli bir insanla söhbətə ehtiyac duyurdu. Maraqlı müsahibə üçün sizə minnətdarlığımı bildirirəm. Doğum gününüz mübarək!
Müsahibəni apardı:
Xalıq Xalıqov

Şərh Yaz