Təbliğat üçün açıq və qapalı yerlər müəyyənləşdirilib

Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar təbliğat işi aparmaq məqsədilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov “Sərbəst toplaşmaq azadlığı haqqında” 13 noyabr 1998-ci tarixli, 537-İQ nömrəli Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq rayon ərazisində açıq və qapalı toplantı yerlərinin ayrılması barədə Sərəncam imzalayıb.
Təbliğat üçün açıq və qapalı yerlər müəyyənləşdirilib
Sərəncama əsasən İsmayıllı rayon seçicilərinin sərbəst toplaşması üçün nəzərdə tutulmuş ərazilərdə açıq və qapalı yerlər ayrılıb. İsmayıllı 86 saylı Dairə Seçki Komissiyası üzrə səs verəcək seçicilər üçün şəhərin Statistika İdarəsinin iclas zalı qapalı, Qaz İstismar Sahəsi qarşısındakı meydan açıq yer kimi müəyyənləşdirilib.
Təbliğat işi aparmaqdan ötrü 87 saylı Ağsu-İsmayıllı dairəsi üzrə səs verəcək İsmayıllı rayon sakinləri üçün Kürdmaşı kənd Yaradıcılıq evi qapalı, Yaradıcılıq evinin qarşısındakı meydan isə açıq yer kimi müəyyən olunub.
Sərəncamla İsmayıllı RİH başçısının İsmayıllı şəhər və Kürdmaşı kənd İƏD-ləri üzrə nümayəndələrinə və bələdiyyələrinə həmin yerləri seçki təbliğatı, icazəli sərbəst toplantı, dinc yığıncaqlar və nümayişlər keçirmək üçün uyğunlaşdırılması tövsiyə olunub.
Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevə tapşırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz