Aktiv və passiv seçki hüququ

Azərbaycan demokratik və hüquqi dövlət olaraq öz vətəndaşlarına, eyni zamanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Konstitusiyası ilə bir çox mütərəqqi hüquqlar müəyyən edir. Bu hüquqların realizə olunması ilə cəmiyyətdə hüquqi təfəkkür, hüquq mədəniyyəti formalaşır, inkişaf edir. Azərbaycan Respublikası dünya dövlətləri içərisində mükəmməl hüquq sisteminə malik dövlətlərdən hesab olunur. Bunun bariz nümunəsidir ki, məhz Azərbaycan hüquq sisteminin ən ali qanunu olan Konstitusiyamızın 158 maddəsindən 47-si insan hüquqlarına həsr olunmuşdur. Bu hüquqlar təkcə Konstitusiyada öz əksini tapmaqla məhdudlaşmır, konstitusion hüquqların təminat mexanizmi mövcuddur ki, bu mexanizmin işləkliyi Azərbaycan hüquq sisteminin inkişaf dinamikasından xəbər verir.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabr ayının 1-ə təyin edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində ictimaiyyətin əsas diqqəti demək olar ki, məhz bu sahəyə istiqamətlənir. Bu səbəbdən də siyasi hüquq sistemində ən mühüm hüquqlardan biri kimi qiymətləndirilən “seçki hüququ” barədə qısa da olsa məlumat vermək, bu hüququn mahiyyətini, əsas prinsiplərini və təmin olunma mexanizmini diqqətinizə çatdırmaq istərdik.
“Seçki hüququ” Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnu özündə ehtiva edən normadır. Bu norma, birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.
Seçki hüququnun təminatları, məhdudiyyətlər və digər bu kimi məqamlar Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində konkret göstərilmişdir.
Seçki hüququ aktiv seçki hüququ və passiv seçki hüququ olmaqla iki yerə ayrılır. Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, qanunvericilikdə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ –“ aktiv seçki hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan məhrumdurlar.
Aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş prezidentliyə, deputatlığa, bələdiyyə üzvlərinə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ –“ passiv seçki hüququ vardır. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələri (56-cı, 85-ci və 100-cü) ilə və Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyən edilir.
Bəs kimlərin passiv seçki hüququ yoxdur?
– məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər;
– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində (ağır və xüsusilə ağır cinayətlərə görə) nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;
– ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
– xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək).
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:
– hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);
– hakimlər (hakim olduqları müddətdə);
– dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);
– din xadimləri (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə).
Yuxarıda aktiv və passiv seçki hüququ, bu hüququn tətbiq edilmə dairəsi, məhdudlaşdırıcı hallar barədə qısa da olsa məlumat verməyə çalışdıq.
Xətai Abbasov,
İsmayıllı RİH-nin hüquq şöbəsinin müdiri

Şərh Yaz