Bütün universitetin hörmət etdiyi Maqsud Cavadov

Düz 51 il bundan əvvəl sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin yeni, indiki əsas binasının istifadəyə verilməsi ilə bağlı binanın qarşısında mitinq təşkil olunmuşdu. Tədbirdə respublikanın görkəmli adamları, o cümlədən Nazirlər Sovetinin o vaxtkı sədri Əlixanov və digər rəsmi şəxslər iştirak edirdi. Açılış üçün ilk sözü akademik Maqsud Cavadova verdilər. O, çıxışını Nizami Gəncəvinin “Elmin, savadın varsa buyur gəl, Yoxsa bu həyat aləminə olma bir əngəl” sözləri ilə başladı. Г‡ıxışını yekunlaşdırarkən isə “Baxın, qarşıda bu binadan daha əzəmətli Elmlər Akademiyasının binası ucaldılır”. Bu çıxışı ilə o, tələbləri elmə, yüksəlişə çağırırdı. Belə bir mötəbər məclisdə ilk sözün Maqsud müəllimə verilməsi və çıxışın çox hərarətlə qarşılanması, göstərirdi ki, o, çox böyük nüfuz sahibidir. Tələbə olarkən bir daha əmin oldum ki, Maqsud Cavadovun böyük nüfuzu var, bütün universitet ona hörmət edir. Söz yox ki , mən həmyerlimizin belə nüfuz sahibi olmasından qürur duyurdum.
Bütün universitetin hörmət etdiyi Maqsud Cavadov
Maqsud müəllimin İsmayıllı rayonundan olması hələ orta məktəbdə oxuyarkən riyaziyyat müəllimlərim Ənvər Ağayev və Hüseyn Həsənovdan eşitmişdim. Şagirdləri riyaziyyat olimpiadasına həvəsləndirmək üçün Maqsud Cavadov haqqında bizə danışmışdılar. Maqsud müəllim 30 ildən artıq bir müddətdə Maarif Nazirliyinin elmi metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdi, həm də riyaziyyat olimpiadasının təşkilat komitəsinin rəhbəri idi. Yeri gəlmişkən, onun riyaziyyat olimpiadasının təşkilat komitəsinin sədri olduğu dövrlərdə olimpiadaya maraq böyük idi. Г‡oxlu gənc riyaziyyatçılar yetişirdi. Məndən bir sinif aşağıda oxuyan, sonralar çox məşhur riyaziyyatçı olan Məmmədağa Talıbov məhz olimpiada qalibi olmaqla məşhurlaşdı. Maqsud müəllim, bu işə, yuxarı kurslarda oxuyan tələbələri də cəlb edirdi. Məsələlər tərtib edərkən, göstəriş verirdi ki, çalışmalar asandan çətinə prinsipi ilə tərtib edilsin, hər bir olimpiada iştirakçısı iştirakına görə sevinsin, bütün iştirakçılar müəyyən bal yığa bilsin, həmçinin fərqləndirmək olsun.
Biz universitetdə oxuyarkən Maqsud müəllim ali cəbr və həndəsə kafedrasının rəhbəri idi. Dördüncü kursda oxuyarkən həndəsənin əsasları fənnini Maqsud Cavadov tədris edirdi, gözəl mühazirə oxuyardı, məqbula (zaçota) hazırlaşmağa ehtiyac qalmazdı.
Maqsud Cavadov 1940-cı ildə namizədlik dissertasiyası, 1957-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdi. 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Həmin ildə o, həm də Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü.
Universitet tələbələri üçün o vaxtlar Azərbaycan dilində tədris ədəbiyyatının az olması çətinliklər yaradırdı. Bunu nəzərə alan M.Cavadov Azərbaycan dilində “Həndəsə kursunun əsasları”, “Vektor hesabı”, “Afin və npodektiv çevirmələr”, “Böyük rus alimi N.İ.Laboçevski” və sair kitablar yazıb nəşr etdirmişdir. Rus dilindən analitik həndəsəyə, ali cəbrə, astronomiyaya aid bir çox kitabları Azərbaycan dilinə tərcümə etdirmişdir.
Maqsud Cavadov namizədlik müdafiəsini Moskva Dövlət Universitetində R.K.Rausevskinin rəhbərliyi ilə müdafiə etmişdir. 1946-cı ildə o, M.Cavadovu B.A.Rozenfeldlə tanış edir. Həmin vaxtda M.Cavadov BDU-da elmi işlər üzrə prorektor, həm də kafedra müdiri işləyirdi. Bu səlahiyyətlərindən istifadə edərək istedadlı, gənc B.A.Rozenfeldi Bakıya, BDU-da işləməyə dəvət edir və onun işləməsinə şərait yaradır. B.A.Rozenfeld BDU-da M.Cavadovun təklifi ilə riyaziyyatın tarixi haqqında mühazirələr oxuyur. O vaxtlar SSRİ məkanında, o cümlədən Azərbaycanda Ömər Xəyyamın, Nəsirəddin Tusinin riyaziyyata aid əsərləri haqqında heç bir məlumat yox idi və ya çox az idi. B.A.Rozenfeld riyaziyyatın tarixinə dair mühazirələrə hazırlaşarkən, ingilis və ərəb dillərindəki mənbələrdən bu Şərq alimləri haqqında məlumatları toplayır və onları rus dilinə tərcümə edib nəşr etdirir. N.Tusinin ərəb dilində yazılmış “Ekvilidin başlanğıclar əsərinin şərhi”, Amerikada ingilis dilində nəşr olunmuş “Ekvlid, Tusi və Şakerri” əsərini rus dilinə tərcümə edir. Tusinin Marağa rəsədxanasındakı fəaliyyətini rus dilinə çevirməklə yanaşı, onlara şərh yazır. Gənc Azərbaycan riyaziyyatçılarını bu işlərə cəlb edir. Nəticədə, BDU-da bu işləri davam etdirən, genişləndirən R.Sultanov, N.Abbasov, S.Qasımova, M.Əkbərov kimi alimlər yetişir. B.Raşevski M.Cavadovun doktorluq işinə məsləhətçi olur.
Həbib Məmmədbəyli, Məmmədağa Soltanov, Nadir İbrahimov bu tərcümələr sayəsində N.Tusinin, Ö.Xəyyamın, Əl-Biruninin, Uluqbəyin işləri ilə tanış olurlar, astronomiya sahəsində irəliləyişlər olur. Sonralar o dövr üçün inşa olunur və orada aktual elmi işlər aparılır. Bütün bu elmi işlərin ilhamçısı Maqsud Cavadov olur.
Maqsud Cavadov rus dilində yazılmış bir çox elmi əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. Bu əsərlərin çoxundan tələblər və müəllimlər indi də istifadə edirlər.
Görkəmli alim Lenin və iki dəfə Qırmızı Əmək Bayrağı, “Şərəf Nişanı” ordenləri ilə təltif olunmuşdur.
M.Cavadov 1972-ci ildə 70 yaşında vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. O, Azərbaycanın elm tarixində yaddaşlarda qalan bir şəxsiyyət olmuşdur. Onun xatirəsi elmi ictimaiyyətin hafizəsində daim yaşayacaqdır.
Bütün universitetin hörmət etdiyi Maqsud Cavadov
İzhar Kazımov,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi, Əməkdar müəllim

Şərh Yaz