İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi” təsis olundu

İsmayıllıda qeyri-neft sektorunun inkişafına töhfə verməklə kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə köməklik göstərilməsi məqsədilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb və bununla əlaqədar təsis konfransı keçirilib.
Konfransda sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqəli olan müvafiq qurumların nümayəndələrinin, fermerlərin, sahibkarların, gənclərin iştirak etdikləri təsis konfransını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.
İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi” təsis olundu
M.Sadıqov ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü Dövlət Proqramları” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr digər bölgələr kimi, İsmayıllı rayonunda da dinamik inkişafı təmin edib.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru iqtisad elmləri doktoru, professor Əli Nuriyev “Gənc təsərrüfatçılar məktəbi”nin təsis olunmasının əhəmiyyətindən danışıb. O vurğulayıb ki, respublikamızda qeyri-neft sektorunun inkişafı prioritet məsələdir və son illər İsmayıllıda sənaye istehsalı 3,5 dəfə artıb. Bunun da 68 faizi özəl sektorun payına düşür. İndi regionlarda yeni, bilikli sahibkarlar nəslinin yetişdirilməsi özəl sektorun, o cümlədən aqrar sahənin inkişafında mühüm dönüş üçün çox zəruridir.
İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi” təsis olundu
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova təsərrüfatın idarəçiliyinin hələ qədim zamanlardan aktual olduğunu, bu işlə məşğul olanların bilik səviyyələrinin yüksək olmasının zəruriliyini vurğulayaraq bu gün İsmayıllıda təsis edilən və digər bölgələr üçün də nümunə ola biləcək “Gənc təsərrüfatçılar məktəbi”nə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda “Gənc təsərrüfatçılar məktəbi”nin fəaliyyəti ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən əməkdaşlıq sazişi imzalanıb. Qeyd edək ki, bu saziş heç bir tərəfin üzərinə maliyyə və ya digər maddi öhdəlik qoymamaqla məktəbin fəaliyyətinin təşkilində göstərəcəkləri köməkliyi müəyyənləşdirir, əməkdaşlıq niyyətlərini təsdiqləyir. Bununla da məktəbin ictimai əsaslarla fəaliyyəti təmin olunur.
Konfransda habelə məktəbin gələcək fəaliyyəti, müdavimlərin seçimi, müəllim kontingentinin formalaşdırılması və sair məsələlər də ətraflı müzakirə olunub.
Sonda təsis konfransının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz