21 sentyabr beynəlxalq sülh günüdür

Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır –“ Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağırlıqlarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir. Bu birlik hər yerdə müharibə qızışdıranları ifşa etmək, xalqların əmin-amanlıq içində yaşamasını, dövlətlər arasındakı mübahisəli məsələlərin danışıq yolu, sülh yolu ilə həll olunmasını təmin etmək əzmində olan adamların birliyidir.
21 sentyabr  beynəlxalq sülh günüdür
SÜLH – əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. SÜLH – azadlıq, bərabərlik və ədalətdir. SÜLH – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Əbədi sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ XV əsrdə Erazm Potterdamlı “Sülh şikayəti”, XVIII əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru”əsərini yazıb. Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir, abidələr ucaldılır. Sülh bəşəriyyətin məqsədi, missiyası, həm də halal haqqıdır.
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. Həmin tarixi günün əsas məqsədlərindən biri də milyardlarla insanı bu məqsəd ətrafında bir araya gətirməkdir. Buna görə də yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur” deyə müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır.
Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Sülh və əməkdaşlıq Azərbaycanda dövlət siyasətidir. Azərbaycan antiterror koalisiyasında öz yerini tutur və dünyada sülhə öz töhfəsini verir. Ulu öndər Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti və xidmətləri ilə də tarixdə qalıb. Ümummilli lider, dünya siyasətinin və Azərbaycanın tanınmış lideri Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bugünkü tərəqqimizin təməlini qoyub. Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə ABŞ və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ müharibəsində atəşkəsin bəyan edilməsi, sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynayıb. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırıb və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaradıb.
BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər nəticəsiz qaldıqca insanların qorxu, vahimə içərisində yaşaması da davam edir. Bu il Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 21 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Bütün bunlarla yanaşı, respublikamızda son illər Beynəlxalq Sülh Günü xüsusi olaraq qeyd edilməkdədir.
İlkin Mustafayev,
İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas

Şərh Yaz